2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq

  • “Azərbaycan bu dəyişimin kənarında dayanan ölkə deyil”
  • “Cənubi Qafqazda sülh artıq yalnız diplomatik sənədlərlə deyil, real infrastrukturlarla ölçülməyə başlayır”

TRIPP layihəsinin reallaşdırılması istiqamətində danışıqlar və hazırlıq işləri davam etdirilir. Layihənin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı əsas müzakirələr ABŞ və Ermənistan arasında aparılsa da, prosesdə Azərbaycanın iştirakı mühüm əhəmiyyət daşıyır.

Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, ABŞ-dakı tərəfdaşlar Bakını danışıqların gedişi və görülən işlər barədə mütəmadi məlumatlandırırlar. Onun sözlərinə görə, Azərbaycanın iştirakı olmadan layihənin həyata keçirilməsi mümkün deyil və fiziki işlərə 2027-ci ildə başlanması gözlənilir. Azərbaycan tərəfi layihənin mümkün qədər tez reallaşmasında maraqlıdır. Bakı hesab edir ki, TRIPP təkcə Azərbaycan üçün deyil, Ermənistan və regionun digər ölkələri üçün də nəqliyyat və iqtisadi imkanları genişləndirə bilər. Bu baxımdan layihənin icrası regional bağlantıların gücləndirilməsi və nəqliyyat marşrutlarının inkişafı baxımından diqqət mərkəzindədir.

Ceyhun Bayramov həmçinin qeyd edib ki, Azərbaycan layihə çərçivəsində öz üzərinə düşən işləri davam etdirir. Xüsusilə Ermənistan sərhədi istiqamətində dəmir yolu və avtomobil yolları üzrə infrastruktur işlərinin aparılması TRIPP-in Azərbaycan ərazisindəki bağlantılarının hazırlanması baxımından mühüm mərhələ kimi qiymətləndirilir. 

Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Ceyhun Bayramovun TRIPP layihəsi ilə bağlı son açıqlaması layihənin praktiki icrası ilə bağlı proses artıq siyasi bəyanatlar mərhələsindən tədricən texniki hazırlıq mərhələsinə keçdiyini göstərir:

“Burada diqqət çəkən əsas məqam ABŞ və Ermənistan arasında danışıqların aparılması fonunda Azərbaycanın prosesdəki rolunun ayrıca vurğulanmasıdır.

Əslində bu, tamamilə məntiqlidir. Çünki TRIPP-in Ermənistan ərazisindən keçən hissəsi olsa da, layihənin giriş və çıxış nöqtələri Azərbaycanla bağlıdır. Daha geniş mənada isə bu marşrut Azərbaycanı Naxçıvanla birləşdirəcək və onu Türkiyə üzərindən Avropa, digər tərəfdən isə Mərkəzi Asiya ilə bağlayan regional nəqliyyat sisteminin mühüm elementinə çevrilə bilər. Burada mühüm siyasi məqam ondan ibarətdir ki, TRIPP artıq sadəcə Azərbaycan-Ermənistan arasında kommunikasiya məsələsi deyil. Layihəyə ABŞ-ın birbaşa cəlb olunması onun geosiyasi çəkisini artırır. Vaşinqton üçün bu, Cənubi Qafqazda yeni nəqliyyat və iqtisadi bağlantılar yaratmaqla yanaşı, regionun Avropa və Mərkəzi Asiya ilə əlaqələrini gücləndirmək baxımından da əhəmiyyətlidir. Azərbaycanın mövqeyi isə kifayət qədər praqmatikdir. Bakı öz üzərinə düşən infrastrukturu gözləmir, paralel şəkildə həyata keçirir. Ermənistan sərhədinə doğru dəmir və avtomobil yollarının çəkilməsi, Naxçıvanda mövcud dəmir yolu infrastrukturunun bərpası və Türkiyə istiqamətində həyata keçirilən layihələr bir-birindən ayrı proseslər deyil. Bunlar əslində vahid nəqliyyat arxitekturasının hissələridir. Burada Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, marşrutun reallaşması üçün öz ərazisindəki hazırlığı əvvəlcədən təmin edir. Yəni Ermənistan ərazisində praktiki mərhələ başlayanda Azərbaycan tərəfində uyğun infrastrukturun hazır olması layihənin daha sürətli işləməsinə imkan verə bilər. 2027-ci il məsələsinə də məhz bu prizmadan baxmaq lazımdır. Əvvəlki mərhələdə işlərin daha tez başlanacağı gözləntisi vardı. İndi isə prosesin 2027-ci ilə keçməsi müəyyən texniki və hüquqi hazırlıqların vaxt tələb etdiyini göstərir. Bunu layihənin uğursuzluğu kimi qiymətləndirmək düzgün olmaz. Əksinə, bu miqyasda beynəlxalq layihələrdə əsas məsələ təkcə tikintiyə başlamaq deyil, onun hüquqi, maliyyə, texniki və təhlükəsizlik mexanizmlərini əvvəlcədən işlək vəziyyətə gətirməkdir”.

Analitik söylıyib ki, TRIPP-in Ermənistan üçün də əhəmiyyətini ayrıca qeyd etmək lazımdır:

“Ermənistan uzun illər regional nəqliyyat layihələrindən kənarda qalıb. Əgər bu marşrut reallaşarsa, ölkə tranzit imkanlarını genişləndirə, logistika sektoruna investisiya cəlb edə və Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin yeni mərhələsinə keçə bilər. Bu baxımdan layihə yalnız Azərbaycanın Naxçıvanla bağlantısı məsələsi deyil, Ermənistanın da regional iqtisadi sistemə qayıdışı üçün imkan yaradır. Azərbaycan üçün isə məsələ daha genişdir. TRIPP fəaliyyətə başladığı halda Bakı özünü sadəcə tranzit ölkə kimi deyil, Şərq-Qərb nəqliyyat sisteminin əsas koordinasiya mərkəzlərindən biri kimi daha da möhkəmləndirə bilər. Xüsusilə Orta Dəhlizin inkişaf etdiyi bir vaxtda Azərbaycan-Naxçıvan-Türkiyə bağlantısının yaranması marşrutların şaxələndirilməsi baxımından ciddi üstünlükdür.

Məncə, burada ən mühüm siyasi nəticə başqa yerdədir: Cənubi Qafqazda sülh artıq yalnız diplomatik sənədlərlə deyil, real infrastrukturlarla ölçülməyə başlayır. Yol çəkilirsə, dəmir yolu tikilirsə, ticarət artırsa və ölkələr bir-birindən iqtisadi baxımdan daha çox asılı vəziyyətə gəlirsə, münaqişə risklərinin azalması üçün də yeni zəmin yaranır. Ona görə TRIPP-ə yalnız “Zəngəzur dəhlizi” müstəvisindən yanaşmaq kifayət deyil. Burada söhbət daha böyük prosesdən gedir. Cənubi Qafqazın nəqliyyat xəritəsi dəyişir və Azərbaycan bu dəyişimin kənarında dayanan ölkə deyil. Əksinə, Azərbaycanın coğrafi mövqeyi, hazırkı infrastruktur siyasəti və Naxçıvan amili onu bu yeni regional arxitekturanın əsas aktorlarından birinə çevirir. Mənim fikrimcə, 2027-ci ildə əsas sual “TRIPP başlayacaqmı?” olmayacaq. Əsas sual “bu layihə nə qədər sürətlə regional iqtisadi sistemə inteqrasiya olunacaq?” olacaq. Çünki yolun tikilməsi bir mərhələdir, onun real iqtisadi və geosiyasi dəyər yaratması isə tamamilə başqa mərhələdir”.