Macarıstan Rusiyanı rəsmən “təhdid” elan etdi - RƏY 

  • “İki ölkə qarşılıqlı kəşfiyyat mübarizəsinə keçəcək”

Macarıstan hökuməti Rusiya ilə diplomatik münasibətlər çərçivəsində növbəti ciddi addımını atıb. Budapeşt Rusiya səfirliyinin 10 əməkdaşının diplomat statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduğu qənaətinə gəlib və həmin şəxslərin ölkədən çıxarılmasına qərar verib. Macarıstan tərəfi bununla bağlı Rusiyanın Budapeştdəki səfirliyinə rəsmi məlumat verib və diplomatların ölkəni tərk etməsini tələb edib. Macarıstanın xarici işlər naziri Anita Orban bildirib ki, qərar müvafiq qiymətləndirmələr və ölkənin milli təhlükəsizliyi ilə bağlı narahatlıqlar əsasında qəbul edilib. Onun sözlərinə görə, söhbət Rusiya ilə diplomatik əlaqələrin dayandırılmasından getmir. Budapeşt Moskva ilə zəruri dialoqun davam etdirilməsində maraqlıdır, lakin bu münasibətlərin qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq qaydalara riayət prinsipləri əsasında qurulmasını vacib sayır. Macarıstan hökumətinin bu qərarı Vyana Konvensiyasının diplomatik fəaliyyətlə bağlı müddəaları fonunda qəbul edilib. Rəsmi Budapeştin mövqeyinə görə, diplomat statusundan istifadə edən şəxslərin fəaliyyətləri müəyyən edilmiş hüquqi çərçivədən kənara çıxmamalıdır. Macarıstan hakimiyyəti isə son qərarın ölkənin təhlükəsizliyinin və suverenliyinin qorunmasına xidmət etdiyini vurğulayır.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a deyib ki, bu hadisə qısamüddətli diplomatik gərginliyi daha da artıracaq:

“Lakin bu gərginlik münasibətlətərin tam kəsilməsi demək deyil. Çünki tərəflər aralarındakı dialoqu saxlayır. Burada Rusiyanın addımı da çox önəmlidir. Yəni Rusiyanın Macarıstan diolomatlarını ölkədən çıxararaq cavab verib-verməyəcəyi vacibdir. Çox güman ki, hər iki ölkə qarşılıqlı kəşfiyyat mübarizəsi xəttinə keçəcək. Digər tərəfdən Macarıstanın Avropa İttifaqı daxilində Rusiya siyasətinin dəyişdiyini üç istiqamətdə müşahidə etmək olar. Həmçinin Macarıstanda artıq, yeni hökumət formalaşıb. Yəni Aİ-nin Rusiyaya qarşı sanksiyalarına bloklayan Orban höküməti getdi və yerinə təzə hakimiyyət gəldi. Yeri gəlmişkən Macarıstan ilk dəfədir ki, Rusiyanı rəsmi olaraq təhdid adlandırıb. Macarıstan hökuməti avqustun 25-də Rusiyanın hərbi təcavüzünü pisləyən və bu ölkəni rəsmi şəkildə "təhdid" elan edən yeni xarici siyasət direktivini (sənədini) qəbul edib. Ümumiyyətlə Macarıstan may ayından sonra ard-arda Rusiyaya qarşı sərt addımlar atır. Bu istiqamətdə baxdıqda görürük ki, iki ölkı arasındakı münasibətlördə çox böyük dəyişikliklər baş verib”.