- “Bu, çox ciddi sosial etirazlara, xalqın ciddi narazılığına səbəb ola bilər”
“Ermənistan Respublikasının yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq niyyəti yoxdur”. Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib. “AİB-in tamhüquqlu üzvü olaraq qalmağa davam edirik”, - o bildirib. Sərkis Xandanyan qeyd edib ki, Ermənistan-Rusiya münasibətlərinin gündəliyi genişdir və müzakirə olunmalı bir çox məsələ var.
Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, indiki vəziyyətdə Ermənistanın ixrac potensialının 80%-i, bəlkə də bir qədər artığı məhz Rusiya, o cümlədən Avrasiya İqtisadi Birliyi bazarına aiddir:

“Bu bazarın alternativləri yaxın illər üçün yaradılmadan itirilməsi Ermənistan üçün, xüsusilə də Nikol Paşinyanın hökuməti üçün öldürücü ola bilər. Çünki təsəvvür edin ki, xalq öz məhsullarını ənənəvi bazarlara çıxarıb satırdı. İndiki vəziyyətdə isə bu bazarlar bağlanır. Bir tərəfdən, Ermənistan üçün ən böyük bazar olan Rusiya bütün bu məhsullara məhdudiyyət qoyur. Digər tərəfdən, Avrasiya İqtisadi Birliyindən çıxarılmaqla bağlı Ermənistanı təhdid edir. Bu da nəticə etibarilə Nikol Paşinyan hökumətinin əleyhinə çevrilə bilər. Çünki ittiham ediləcək obyekt birbaşa Nikol Paşinyanın hökuməti olacaq. Xalq tələb edəcək ki, bu vaxta qədər bizim məhsullarımızın çıxarıldığı, satıldığı bazarı məhz sənin dönəmində bağladılar. Əgər bu bazara alternativ bazarlar yoxdursa, bu, çox ciddi sosial etirazlara, yəni xalqın ciddi narazılığına səbəb ola bilər. Eyni zamanda, bu, həm də Ermənistan büdcəsinin çöküşü demək olacaq. Ona görə də, hələlik Avropa İttifaqına üzvlük məsələsi gündəmdə olmadığı müddətdə Ermənistan Avrasiya İqtisadi Birliyi bazarını əldən vermək istəmir”.
Analitik qeyd edib ki, Avropa İttifaqına üzvlük prosedurları o qədər qəliz və çoxsaylı tələblərə əsaslanır ki, bu tələblərin yerinə yetirilməsi üçün illər lazım olacaq:
“Bunun üçün Ermənistanda çox ciddi islahatlar aparılmalı, Avropa standartlarına hər cəhətdən cavab verilməlidir. İstər məsul istehsal, istər dövlət idarəçiliyi, istərsə də hüquq nöqteyi-nəzərindən hər sahədə Avropa standartlarına uyğunlaşma tələb olunur. Bunun üçün islahatlara ehtiyac var. Hələlik üfüqdə birbaşa üzvlük görünmədiyi üçün Nikol Paşinyan Rusiya və Avrasiya İqtisadi Birliyi bazarını itirməyi istəmir. Ona görə də Avrasiya İqtisadi Birliyindən çıxmaqdan imtina edir. Ayrıca, nizamnamədə üzv dövlətin birbaşa hansısa başqa dövlətin iddiası ilə birlikdən çıxarılması ilə bağlı hələ bir müddəa da yoxdur. Bundan ötəri üzv dövlətin özünün müraciətinə ehtiyac var. Və təbii ki, Nikol Paşinyan da bundan istifadə edir və Avrasiya İqtisadi Birliyindən imtina etməyəcəklərini deyir”.
N.Miri əlavə edib ki, bütün bu məsələlər Nikol Paşinyanın növbəti Moskva səfərində ciddi müzakirə predmetinə çevriləcək:
“Yəni, birləşdirici və ayırıcı nöqtələr inventarlaşdırılacaq, müəyyən olunacaq. Sonra bu ayırıcı nöqtələrin necə uzlaşdırılması, hansı həddə qədər uzlaşdırılmasının mümkünlüyü araşdırılacaq. Ona görə də Nikol Paşinyanı Moskvada çox ciddi, işgüzar bir səfər gözləyir. digər tərəfdın İrəvanın Avropa İttifaqına inteqrasiya siyasəti Rusiyanı qıcıqlandırır. Eyni zamanda, Rusiya bu cür, Ermənistana manevr imkanlarını tamamilə yox etmək üçün Ermənistana zaman vermək şansını bağlayır. Çünki Ermənistana zaman lazımdır. Bu illər ərzində Ermənistan tədricən alternativ bazarlar, yəni sadəcə Avropa İttifaqı bazarları deyil, digər bazarlar da əldə edə bilər. Məsələn, Azərbaycan bazarı, Türkiyə bazarı. O cümlədən Türkiyə sərhədləri və dəmir yolu açılarsa, Avropa bazarına, Aralıq dənizinə, Yaxın Şərq ölkələrinə və Körfəz ölkələrinə çıxışı təmin edəcək. Bu da ərəb ölkələri arasında Ermənistan üçün yeni bazarlar yarada bilər. Çünki bu ölkələrin Ermənistan kimi kənd təsərrüfatı məhsulları istehsal edən dövlətlərin məhsullarına ehtiyacı var. Ancaq bunun üçün zaman lazımdır və Nikol Paşinyanın da çalışdığı Rusiyadan bu zamanı almaqdır”.
Ekspertin sözlərinə görə, son Moskva görüşündə Rusiya bu zamanı Ermənistana tanımasa, təcili qaydada Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında referendum keçirilib qərar verilməsi tələbini yenə də ortaya qoyarsa, münasibətlər gərginləşəcək:
“Bu, əlbəttə ki, münasibətləri yenidən gərgin müstəviyə daşıyacaq və buna qarşı müəyyən hazırlıqlar da Ermənistanda görülmüş deyil. Çünki görürsünüz ki, Rusiyanın Ermənistanın siyasi dairələrində təsir agentləri var. Yəni Rusiyanın “5-ci kolon” liderləri bir-bir həbsə atılır və bu proses, gördüyünüz kimi, davamlıdır. Yəni dolayısı ilə Rusiya siyasi cəhətdən Ermənistanda bitirilir. Ona görə də Moskvada hər hansı bir uzlaşma olmadığı təqdirdə Ermənistan siyasi cəhətdən atdığı addımları digər yöndə də, məsələn, hərbi yöndə də ata bilər. Dərhal bütün sərhədlərdən Rusiya sərhəd qoşunlarının çıxarılması, 102 nömrəli hərbi bazanın Ermənistandan çıxarılması məsələsi gündəmə gətirilə bilər. Və təbii ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı rəsmi müraciət edə bilər. Bu kimi, Rusiyanı tamamilə Ermənistanda bitirəcək addımlar ata bilər. Ermənistan Baş naziri Nikol Paşinyanın təcili qaydada Moskva səfəri öncəsi Fransaya səfər etməsi də təxminən bu kontekstdə dəyərləndirilməlidir. Yəni, Makronla görüşərək bu yöndə ciddi məsləhətləşmələr aparılacaq. Moskva ilə hara qədər gediləcəyi, yəni Moskvaya gediləcək sərhədlərin və ediləcək güzəştlərin limitləri müəyyənləşdiriləcək. O cümlədən Avropada güzəştlərin, imtiyazların Ermənistana tanınması, Ermənistan məhsullarının, ixrac məhsullarının 80%-nin Avropa bazarlarında satılması hüququnun Ermənistana verilməsi kimi məsələlər, eləcə də prosedurların tezləşdirilməsi ciddi müzakirə olunacaq. Yəni Fransa səfəri sadəcə hansısa tədbirdə iştirak etməkdən daha çox, Moskva səfərinin və orada qəbul olunacaq qərarların ciddi müzakirə predmeti olması baxımından əhəmiyyətlidir”.