Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!

Səyahətdən sonra davam edən ishal, qarın ağrısı və şişkinlik sadə həzm problemi olmaya bilər. Mütəxəssislər bu hallarda bağırsaq parazitlərinin də nəzərə alınmasını tövsiyə edirlər.

Sherg.az xəbər verir ki, parazitar xəstəliklər üzrə mütəxəssis, professor Özgür Kurt səyahət zamanı istehlak edilən şübhəli su və qidaların, gigiyena qaydalarına əməl edilməməsinin və bölgəyə xas infeksiyaların tətil başa çatdıqdan sonra da sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib.

Onun sözlərinə görə, xüsusilə uzun müddət davam edən və ya təkrarlanan ishal, qarın ağrısı, şişkinlik, qaz, ürəkbulanma və səbəbsiz çəki itkisi zamanı bağırsaq parazitlərindən şübhələnmək lazımdır. Bəzi hallarda parazitar infeksiyalar qəbizliklə də müşayiət oluna bilər.

Mütəxəssis səyahət zamanı təhlükəsizliyi təmin etmək üçün qapalı və etibarlı qablaşdırılmış sudan istifadə etməyi, əmin olunmayan mənbələrdən olan suyu içməməyi və hətta diş fırçalayarkən belə ehtiyatlı olmağı tövsiyə edib. Yaxşı bişirilmiş və isti təqdim olunan qidalara üstünlük verilməli, çiy və ya az bişmiş ət, balıq və dəniz məhsullarından, həmçinin pasterizə olunmamış süd məhsullarından uzaq durulmalıdır.

Əllərin yeməkdən əvvəl və tualetdən sonra sabunla yuyulmasının da vacib olduğunu bildirən Kurt, su və sabunun olmadığı hallarda ən azı 60 faiz spirt tərkibli əl antiseptiklərindən istifadə etməyi məsləhət görüb.

Səyahətdən sonra yaranan hər ishalın parazit mənşəli olmadığını vurğulayan mütəxəssis, şikayətlər uzandıqda insanın harada olduğunu, hansı qida və sudan istifadə etdiyini və əlavə simptomların olub-olmadığını həkimə bildirməsinin vacib olduğunu qeyd edib.

Bağırsaq parazitlərinin diaqnostikasında nəcis nümunəsinin mikroskopik müayinəsi ilə yanaşı, antigen əsaslı və molekulyar testlərdən də istifadə olunur. Müalicənin isə müəyyən edilən törədiciyə uyğun aparılması vacibdir. Həkim məsləhəti olmadan antibiotik qəbul etmək tövsiyə edilmir, çünki bəzi parazitlərə qarşı antibiotiklər təsirsizdir və lazımsız istifadəsi antibiotiklərə davamlılıq riskini artırır.

Xüsusilə uşaqlar və immun sistemi zəifləmiş şəxslər maye itkisi baxımından daha yüksək risk altındadır. Tətil dönüşündən sonra bir neçə gün ərzində keçməyən və ya ağırlaşan ishal, təkrarlanan qarın ağrısı, güclü şişkinlik, səbəbsiz çəki itkisi, hərarət və ya nəcisdə qan müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır.

Mütəxəssis səyahət edilən ölkə, istifadə olunan su və qəbul edilən qidalar barədə məlumatların həkimlə paylaşılmasının düzgün diaqnoz və müalicə üçün mühüm olduğunu vurğulayıb.