İrəvandan düşmənçilik, Türkiyədən sülh mesajı...

Putinin İrəvana səfər etməsi asan deyildi, tərəddüd edirdi



"Rusiya ilə Türkiyə arasında 3-4 yüz illik düşmənçilik tarixi var. Həmin illər boyunca onlar dəfələrlə vuruşublar”. Bu sözləri "Şərq”ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Moskva ilə Ankara arasındakı gərginliyi şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiyanın işğal etdiyi Krım zamanında Türkiyəyə məxsus olub:

"Bununla belə son zamanlar adıçəkilən ölkələr müasir dünya düzəninə görə, dil tapmağa çalışırlar. Lakin aralarındakı düşmənçilik qan yaddaşı və geopolitik maraqlar baxımından davam etdirilir. Kremlin qondarma erməni soyqırımı məsələsində İrəvanı dəstəkləməsinin səbəbi odur ki, Ermənistan Qafqazda Rusiyanın yeganə dayaq nöqtəsidir. Moskva separatçı ölkənin vasitəsilə digər dövlətlərə - Gürcüstana, Azərbaycan və İrana problemlər yarada bilir. Bu, o anlama gəlməli deyil ki, bədnam ermənilər ruslara daha yaxındılar. Tarix də sübut edir ki, Moskva İrəvandan bir maşa kimi istifadə edir”.

"Son günlər yaşananlar bu ölkələr arasındakı münasibətlərə mənfi təsir göstərə bilərmi” sualına gəlincə, həmsöhbətimiz söyləyib ki, tərəflər arasında qarşıdurma olmayacaq: "Doğrudur, saxta qətliama dair V.Putinin İrəvana səfəri dünya ictimaiyyətinə bir mesajdır. Dünya Rusiyanı işğalçı dövlət kimi tanıyır. Bu səbəbdən onun qatıldığı tədbir də ciddi siyasi əhəmiyyət daşımır. Separatçıların uydurma soyqırıma dair təşkil etdikləri yığıncağa cəmi 4 ölkə başçısının qatılmsı heç də təsadüfi deyil. Amma Türkiyədə Çanaqqala zəfərinin yüz illiyində yüzə yaxın dövlət rəhbəri iştirak etdi”.

S.Cəlaloğlunun qənaətincə, ermənilər saxta soyqırımla dünyaya düşmənçilik, türklər isə barış mesajı verdilər: "Türkiyə zamanında onlara hücum edib dağıtmaq istəyən dövlətlərin də başçılarını dəvət edib göstərdilər ki, əcnəbi əsgərlər üçün abidələr düzəldilib. Yəni ingilis, fransız, Avstraliya və zelandiyalıların Türkiyəni parçalamq istəyinə baxmayaraq, onların şəhid olan əsgərlərini Ankara ehtiramla yad edir. Bununla da qardaş ölkə bütün dünyaya özünün tarixdən spekulyativ məqsədlər üçün istifadə etmədiyini isbat etdi”.

Həmsöhbətimiz bəyan edib ki, azərbaycanlılara qarşı törədilən "31 mart”, Xocalı soyqırımlarında Fransa və Rusiya aktiv iştirak ediblər: "I dünya müharibəsi ərəfəsində Osmanlı imperiyasının ərazisində 6 dövlət yaradılması planlaşdırılmışdı. Onlardan biri də Ermənistan dövləti olacaqdı. Mərkəzi Anadoluda türklər üçün nəzərdə tutulmuşdu. Amma türklər qalib gələndən sonra bu planlar pozuldu. Şübhəsiz ki, həmin ideyanı verənlər Moskva və Paris idi. Ona görə də Fransa və Rusiya liderlərinin "soyqırım” abidəsini ziyarət etməsi təbii qarşılanmalıdır. Fransa və Rusiyanın tədbirdə iştirakı Türkiyəyə qarşı əsrin əvvəllərindəki düşmənçilik siyasətində gizli planların müəllifləri olduqlarını nümayiş etdirdilər. Avropada yeganə olaraq Fransa qərar qəbul edib ki, "soyqırımı” tanımayanlar həbs olunacaq”.

Qurum sədrinin fikrincə, Putinin sözügedən tədbirdə iştirakı simvolik xarakter daşıyır və bunun heç bir siyasi əhəmiyyəti yoxdur: "Ankara yalançı erməni soyqırımını qəbul etməsə, başqa ölkələrin buna dair qəbul etdikləri qərarların heç bir önəmi yoxdur. Türkiyə isə birmənalı olaraq belə "soyqırım” olmadığını həm elmi, həm də siyasi şəkildə sübut edir. Bu reallıqlar fonunda düşünürəm ki, Putinin orada iştirakı Ankara və Moskva arasında ziddiyyətlərə yol açmayacaq. Baxın, Çanaqqala zəfərinə dair düzənlənən tədbirdə Putinin səlahiyyətli nümayəndəsi iştirak edirdi. Həmin ərəfədə Rusiya balanslı siyasət yürütməyə çalışdı. Nə Türkiyəni, nə də Ermənistanı özündən küsdürmək istədi. Ankara Moskva ilə münasibətləri pozmalı deyil. Türkiyə Fransa ilə münasibətləri pozub? Xeyr. İqtisadi və siyasi münasibətləri qarışdırmaq yanlışlıq olar”.

Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri vurğulayıb ki, Rusiya tarix boyu bütün zamanlarda öz müttəfiqlərini satmaqla məşğul olub və bu siyasət indi də davam edir: "Şimal qonşumuzun addımlarının əsasında siyasi və iqtisadi maraqları dayanır. Əlbəttə, Putinin Ermənistana səfəri asan olmadı. O, tərəddüd edirdi. Bu da ondan irəli gəlir ki, son vaxtlar Ankara, Azərbaycan və Moskva üçbucağında isti münasibətlər yaşandı. Həqiqətən də Kremlin ciddi sanksiyalar məngənəsində boğulduğu bir zamanda Türkiyə və Azərbaycan Rusiyaya əl uzatdılar. Buna rəğmən Putin yenə də də İrəvana səfər qərarını verdi. Həmin qərarla bir daha sübut etdi ki, rəsmi İrəvan hələ də geosiyasi alət olaraq fəaldır. Və gələcəkdə də Rusiya bu alətdən istifadə etmək istəyindədir. Düzdür, işğalçı ölkənin iqtisadi və siyasi baxımdan Kremlə verəcəyi heç nəyi yoxdur. Sadəcə, Türkiyəni zəiflətmək üçün və eyni zamanda Cənubi Qafqazda Azərbaycana qarşı istifadə olunan bir alətdir”.

Ekspert hesab edir ki, şimal qonşumuz bölgədə Türkiyə və Azərbaycanın qüdrətlənməsini istəmir: "İndiki halda möhtac olduğu üçün Bakı və Ankara ilə münasibətlərini isti məcrada davam etdirir. Çünki bütün dünya Rusiyanı boykot edir. Fikir verdinizsə, Ermənistana səfər öncəsi Putin Jirinovskinin dili ilə Türkiyə və Azərbaycanı sakitləşdirməyə çalışdı. Jirinovski erməni "soyqırımı”nı və erməniləri aşağıladı. Hətta Putin saxta soyqırımla bağlı çıxışında "soyqırım” sözünü işlətmədi. Bu da düşmən ölkə mətbuatının diqqətindən yayınmadı. Rusiya prezidentini çox ciddi mənada tənqid etdilər. Hər halda Rusiya Ermənistanı seçdi. Moskvanın bu mövqeyi Türkiyə və Azərbaycan üçün ciddi suallar doğurur”.

Mərkəz sədri onu da əlavə etdi ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlərin korlanacağı real görünmür: "Hazırda Rusiyanın Azərbaycan və Türkiyəyə ehtiyacı olduğu kimi Bakı və Ankaranın da Moskvaya ehtiyacı var. Biz Kremlin təzyiqləri və hərbi müdaxiləsindən qaçmaq üçün onunla bütün zamanlarda münasibətləri yaxşı saxlamaq məcburiyyətindəyik. Türkiyəyə gəlincə, hazırda Ankara-Vaşinqton əlaqələri o qədər də isti deyil. Nəzərə alın ki, bu səbəbdən Qərb və Türkiyə münasibətləri gərgin müstəvidə davam edir. Təbii ki, qardaş ölkəyə alternativ müttəfiqlər vacibdir. Bu rolu da hələlik Rusiya oynayır. Düşünmürəm ki, Ankara Moskva ilə isti münasibətləri sona qədər davam etdirsin. Artıq Türkiyə anladı ki, Rusiyaya güvənmək olmaz. Son hadisələr Türkiyə üçün çox böyük siyasi dərs oldu”.

Ayyət Əhməd