İş saatları dəyişdirilə bilər

Özəl sektorlara təklif olunur ki, saat 8-in yarısında işə başlasınlar“Bu təklifin iqtisadi səmərəsi və tibbi nöqteyi-nəzərdən hansısa fəsadlar yaradıb-yaratmayacağı dərindən araşdırılması çox vacib məsələdir”
Baş nazirin müavini Abid Şərifov mətbuatda Azərbaycanda iş saatının dəyişdirilməsi təklifi ilə çıxış edib. Azərbaycanda institutlar, dövlət müəssisələrinin eyni zamanda işə başladığını vurğulayan baş nazirin müavini bu qərarı qəbul etməmişdən qabaq, iş saatının hansı ölkədə necə olduğuna dair konkret sxemlər də təqdim edə biləcəklərini açıqlayıb:
"Əksəriyyəti doqquzda, ya da doqquzun yarısında... İstənilən adama təqdim edə bilərəm. Avropa ölkələrinin hamısında, yalnız Avropa ölkələri yox, bütün dünyada belədir. Biz özəl sektora göstəriş verə bilmərik. Biz aidiyyəti qurumlarımızdan xahiş edirik, tövsiyə edirik ki, özəl sektorla danışıqlar aparsın ki, onlar işə başlamalıdırlar saat 8-in yarısından səkkizəcən. Dövlət sektoru- 9-un yarısından 10-un yarısına qədər. Bank sektorunda isə iş saat 10-dan başlamalıdır”.
Ölkəmizdə iş saatının dəyişdirilməsinin prinsipcə maraqlı təklif olduğunu deyən Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, bu zaman onun iqtisadi, tibbi təsirləri öyrənilməlidir: "Xüsusən də, yay aylarında hava temperaturunun yüksək olması ilə əlaqədar iş rejiminin bir qədər erkən olması məqsədəuyğundur. Əslində ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin, dövlət idarələrinin, təhsil ocaqlarının iş saatlarının pilləli şəkildə müəyyənləşdirilməsi həm də paytaxtdakı tıxac probleminə də müsbət təsir göstərə bilər. Amma dediyim kimi, bu təklifin iqtisadi səmərəsi və tibbi nöqteyi-nəzərdən hansısa fəsadlar yaradıb-yaratmayacağı dərindən araşdırılması çox vacib məsələdir. Onu da deyim ki, heç bir mənfi təsirlər yaratmayacağı təqdirdə bu rejimə keçidlə bağlı qərar qəbul etmək və mərhələli şəkildə bu prosesə getmək olar. Çünki birdən-birə bütün idarələrin yeni rejimə keçməsi müəyyən qarışıqlıq yarada bilər. İstər-istəməz iş rejimi insanlarda vərdiş halını alır. Vərdişlərdən imtina etmək isə heç də asan məsələ deyil”.
Ə.Nuriyev deyib ki, özəl sektorun 8-in yarısında, bankların isə saat 10-da işə başlaması məsələsində xüsusilə diqqətli olmaq lazımdır. Çünki mövcud iş rejimi uzun illərdən bəri formalaşmış mövcud idarələrarası və strukturlararası münasibətlər sistemi üçün əlverişlidir: "Yeni iş rejiminə keçirilməsi isə həm sektorlararası əlaqələrin inkişafına təsir edəcək. Hesab edirəm ki, qərb ölkələrində belə bir təcrübə var və hansısa məmurun ağlına gəlib deyə dərhal iş rejimini dəyişdirmək olmaz. İlk növbədə həmin ölkələrin təcrübəsini öyrənmək lazımdır ki, onlar bu sistemə keçərkən hansı problemlərlə qarşılaşıblar. İlk Avropa Oyunları ərəfəsində Azərbaycanda iş rejimində müəyyən dəyişikliklər oldu. Həmin müddəti də araşdırmaq olar. Çox yaxşı olar ki, hökumət bu dəyişikliklərlə bağlı tədqiqat aparmaq üçün müəyyən institutlara vətəndaş cəmiyyətlərinə sifarişlər versin. Bu zaman daha konkret faktlarla dəyişikliyin göstərəcəyi təsirləri aşkara çıxarmaq olar. Həmçinin bununla bağlı əhali arasında sorğu keçirilməlidir. 5-10 nəfəri televiziyaya çıxarıb, danışdırmaqla iş bitmir. Əhalinin müxtəlif təbəqələri və işçilər arasında geniş sorğunun keçirilməsinə ehtiyac var. Əks effekt də verə bilər.
Maraqlıdır, həmin sektorda çalışan insanlar bu dəyişikliklərə getmək istəyirlərmi?”
Şəymən