"İşğala son qoyulmazsa, Ermənistan-Türkiyə münasibətləri daha da kəskinləşəcək"





"Türkiyə-Azərbaycan münasibətlərində istər siyasi-iqtisadi müstəvidə, istərsə də xalqların tarixi kökü və birliyi baxımından olan yaxınlıq vadar edir ki, rəsmi Ankara Ermənistanla münasibətlərini indiki formada saxlasın”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Yadigar Nağıyev deyib.

Analitik bildirib ki, Türkiyə və Azərbaycan qarşılıqlı şəkildə bir-birilərinin regionda təklənməklərinin qarşısını alırlar: 

"Hər iki ölkə müxtəlif beynəlxalq tədbirlərdə bir-birinin lehinə bəyanatlar verirlər. Bu birlik uzun müddətdir davam edir və bundan sonra da davam edəcək. 

Reallıq odur ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməzsə və torpaqlar Azərbaycana qaytarılmazsa, Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Çünki qardaş ölkə hər zaman bəyan edib ki, sərhədlərin bağlı qalmasının yeganə səbəbi Azərbaycan torpaqlarının işğalda olmasıdır. 

Torpaqlar işğaldan azad edilmədiyi müddətcə Ermənistan-Türkiyə münasibətləri nəinki normallaşacaq, əksinə daha kəskin xarakter alacaq. Ancaq Paşinyanın çağırışlarını qulaqardına vurmaq olmaz. Onun hakimiyyətə gəlişi ilə müəyyən müddət passivlik nümayiş etdirən erməni lobbisi aktivləşməyə başlayıb. Hazırda bir sıra Avropa ölkələrində qondarma "erməni soyqırımı” ilə bağlı fəallığın müşahidə olunması da məhz bununla bağlıdır”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Türkiyədən "şikayət” edib. Baş nazir bildirib ki, Türkiyə sərhədlərin açılmasını Azərbaycanla əlaqələndirir və şərt qoyur: "Təəssüf ki, bizim Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərimiz yoxdur. Əgər Azərbaycanla münasibətlərdə hər şey aydındırsa, Türkiyə ilə bağlı məsələdə başqa görüntü var. Ermənistanla münasibətlərin bərpasını Türkiyə birbaşa Azərbaycanla əlaqələndirir.

İsmayıl