"Xaricdəki bəzi qərəzli qurumlar Azərbaycan dövlətinin imicinin korlanması üçün təzyiq kampaniyası həyata keçirirlər”.
Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Partiya sədrinin müavini bildirib ki, hazırda ölkə daxilində cənab Prezidentin rəhbərliyi güclü islahatlar həyata keçirilir. İslahatlar prosesi sürətlənən kimi dərhal Azərbaycana qarşı bu cür çirkin metodlara əl atırlar:
"Xarici təşkilatların Azərbaycana yönəlik verdiyi bəyanatların mahiyyətində problemlərin həlli məsələsi dayanmır. Onların niyyəti milli maraqlarımızın zəifləməsi və dövlətimizin Avropada, ümumiyyətlə dünyada nüfuzunun aşağı salınmasıdır. Məqsəd Azərbaycanın güclü dövlətə çevrilməsinin qarşısını almaqdır. Bunu da kim edə bilər? Təbii ki, Azərbaycanın dövlət maraqlarını istəməyən, ölkəmizi sevməyən, əleyhimizə fəaliyyət göstərən müəyyən güc mərkəzləri edə bilər. Əlbətdə, bu prosesdə erməni diasporasının öz rolu var.
Biz hesab edirik ki, onların arqumentləri dövlət maraqlarımız qorunmaqla nəzərə alına bilər. Amma onlar cinayət törətmiş, insanları qətlə yetirmiş şəxsləri "siyasi məhbus” kimi qələmə verərək onların azadlığını tələb edirlər. Açıq görünür ki, məqsəd başqadır. Etiraf edək ki, prosesdə xristian həmrəyliyi də rol oynayır. Qərbin bəzi dairələri istəmirlər ki, müsəlman ölkəsi olan Azərbaycan demokratik və hüquqi bazaya malik, söz azadlığı olan güclü bir dövlətə çevrilsin”.
N.Orduxanlının sözlərinə görə, Azərbaycana qarşı qarayaxma prosesi sistemləşmiş formada idarə olunur:
"Xaricdən təlimat verilən kimi daxildəki antimilli qüvvələr dərhal işə düşürlər. Əslində bütün inkişaf etmiş ölkələrdə "5-ci kolon” mövcuddur. Hətta ABŞ və Avropanın özündə belə "5-ci kolon” var. Bu qüvvələrin missiyası xaricdən aldıqları tezislərə uyğun ictimai stimul yaratmaq, cəmiyyəti yönləndirməkdır.
Cənab Prezident hər çıxışında bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu ola bilməz. Bu mövqe və siyasət dəyişməyib. Ancaq təəssüflər olsun ki, daxildəki qərəzli qüvvələr Azərbaycanın mövqeyinin güclənməsini və beynəlxalq təşkilatlarda nüfuzunun artmasını istəmədikləri üçün təzyiq və qarayaxma kampaniyasına qoşulurlar”.
Politoloq vurğulayıb ki, Ermənistanda sabiq prezident R.Koçaryan, bir çox generallar, keçmiş deputatlar həbsdədir. Ancaq indiyə kimi heç bir beynəlxalq təşkilatın "Ermənistanda siyasi məhbuslar var” bəyanatına rast gəlməmişik.
İsmayıl