“İsraildə bir iş adamı başıma bir “paçka” dollar tökdü”

-Pünhan İsmayıllı: “Sonra o pulları gəlib süpürüb yığdılar”
“Onu yerə, ayaq altına tökmək günahdı. Bir gün ora tökülən bir manata möhtac qala bilərsən. Sanki çörəyi yerə atırıq”


Azərbaycanın milli toy adətləri - Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilib. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı, bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində Azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapıb.

Milli toy adət-ənənələrimiz həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürüb. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir.

Təbii ki, toy təkcə şənlənmək məqsədi ilə təşkil edilmir. Eyni zamanda məsuliyyət tələb edən xoşməramlı yığıncaq kimi önəm daşıyır. Bu mərasim izdivac quran cütlüklərin bir də şahidlər qarşısında üzərlərinə götürdükləri məsuliyyətin simvolu kimi qiymətləndirilə bilər. 

Həmin gün ailənin təməlinin necə qoyulması bütünlükdə toyun gedişatında da özünü müəyyən məqamlarda göstərə bilir.
Bu gün təşkil olunan toylarımıza müasir elementlər də qatılır. Avropadan götürdüklərimiz də zamanla adətlərimizin sırasına daxil edilib. Bəs bu günün toylarını necə qiymətləndirmək olar? Son illərin toylarında görünən qüsurlarımız hansılardı? Toy adətlərimiz barədə tanınmış bədii qiraətçi, aparıcı Pünhan İsmayıllı ilə həmsöhbət olduq. 

Yetərincə Azərbaycan toylarının təşkilində aparıcılıq edən Pünhan İsmayıllı "Şərq”ə maraqlı açıqlamalar verdi.

- Bu gün milli adətlərimizi qoruyub saxlaya bilirikmi?

- Toy milli adətlərimizin sırasında müstəsna yeri olan mərasimlərdən biridir. Toy özü qədim folklor adət-ənənələrinə söykənən rituallardan ibarət müqəddəs mərasimlərdən sayılır. Toy təkcə əylənmək məqsədilə təşkil edilən sıradan bir şadlıq mərasimi deyil. Toy izdivac quran ailələrin bir araya gəlməsi, nikaha daxil olarkən doğmaların qarşısında məsuliyyəti üzərlərinə götürməkdir.

- Toylarımızda bu gün bəzən ifrata varılır, bəzən milli adətlərimizə qətiyyən uyğun olmayan məqamların şahidi oluruq.

- Çox təəsüf ki, toylarımızda bəzən xoş olmayan nüansların da şahidi ola bilirik. Bəzən bu qüsurları dilə gətirə bilməsək də, ictimai qınaq sözünü demiş olur. Hərdən elə toylarımız olur ki, Azərbaycan toylarını deyil, sanki Avropa mərasimlərini xatırladır. Ən pisi isə odur ki, heç Avropada bəzən bu qədər çılpaqlığa yol verilmir. Bəzən həddindən artıq ifrata varılır.

- Toylarımızda süfrə mədəniyyəti, rəqs mədəniyyəti kimi məqamlar var ki, son dövrlər biçimini dəyişib.

- Çox təəssüf ki, bu gün toylarımızda süfrə mədəniyyətinə diqqət verilmir. Məsələ onda deyil ki, masada yemək çeşidləri çox olsun. Bəzən masalarda olan təamlarda israfçılığa yol verilir. Misal üçün, bəzən Bakı toylarına, ya bölgələrdə olan toylara gedirik, toy menyusu adamın tam ürəyincə olur. Misal üçün, Bakı toylarında qonaqlara küftə bozbaş, ya başqa bir yemək təqdim olunur, bir çeşiddə amma bol və dadlı. İnsan yeyəndə də yediyinin nə olduğunu bilir. Yəqin həkimlər də razılaşar ki, insan bir neçə yeməyi bir gündə yeyəndə, bu, orqanizmə ziyan edə bilir. Bu gün şadlıq saraylarında olan mərasimlərdə bəzən qonaqlar o qədər səliqəsiz şəkildə yemək yeyirlər ki, insan mat qalır. Qaldı rəqs mədəniyyətinə, bu toyun estetik məqamlarından sayılır. 

Bəzən xanımlar o qədər kobud və çirkin şəkildə oynayırlar ki, insan rəqsə baxanda özünü yorulmuş hiss edir. Amma son illər bir xoş nüansın şahidi oluruq. Misal üçün, bəylə gəlin əvvəlcədən milli rəqs hazırlayıb, toy günü qonaqlara təqdim edirlər. Bəlkə də həmin günün ən maraqlı, estetik baxımdan xoş görüntüsü məhz bu rəqs olur. Toyda gəlin bəyin bir sanbalı olmalıdır. Adi həyatda bəlkə gəlin bəy şıltaq ola bilərlər, amma həmin gün gəlin də, bəy də bir az ağır olmalıdı. Demirəm ki, üzləri gülməsin, oynamasınlar. Yox, qətiyyən. Sadəcə gəlini həmin gün özəl göstərən onun ağ qiyafəsi, gəlin olaraq ağırlığı, sanbalıdı. Gəlin bəzən ətəyini qaldırıb elə oynayır ki, elə bil daha oynamağa imkanı olmayacaq. Ya da əcnəbi musiqilərlə elə çirkin və çılpaq rəqs edir ki, gəlin adına yaraşmır. Bilirsiz, biz nə qədər müasirləşsək də, milli adətlərimizi unuda bilmərik. Bir diqqət yetirin, milli rəqslərimizdə o qədər gözəl hərəkətlər, jestikalar olur ki, gəlin bunları oynayarkən təqdim edə bilirsə, inanın, daha gözəl görünür, daha yaddaqalan bir estetik görüntü yaranır. Milli rəqslərimiz o qədər gözəldi ki, xanımlarımız bu rəqsləri təqdim edəndə daha incə, xanımsayağı görünürlər.

- Toylarımızda bəzən şabaş olaraq pul atılır, bu pullar da ayaq altına tökülür. Bunu reklam kimi istifadə edən müğənnilərimiz də az deyil. Misal üçün, toyda başına pul tökülən kimi müğənnilər bunu sosial şəbəkədə paylaşmaqla nəsə sübut etməyə çalışırlar. Bu, nə dərəcədə hüquqi və etik baxımdan düzgündü. Pulda dövlət atributları əks olunduğu üçün ona hörmətlə yanaşmaq vacibdi.

- Əslində çox vacib bir məqama toxunursuz. Əvvəla, pulun üzərində dövlət atributları əks olunduğu üçün buna xüsusi şəkildə yanaşılmalıdı. Ona görə də toyda pulun yerə tökülməsi heç də təqdirəlayiq hal deyil. Pulu ayaq altına atmaq yolverilməzdi. Başqa bir tərəfdən pul həm də bərəkət sayılır. Əgər biz pula evimizə, ailəmizə çörək alırıqsa, ailəni dolandırmaq üçün puldan istifadə ediriksə, deməli, pul bərəkətdi. Bərəkəti yerə atmaq günahdı. Necə ki, çörəyə dəyər veririk, onu yerə tökmək günah sayılır, eləcə də pul bərəkətdi. Onu yerə, ayaq altına tökmək günahdı. Bir gün ora tökülən bir manata möhtac qala bilərsən. Sanki çörəyi yerə atırıq. Sənin bu gün pulun olmasa, çörək ala, evinə azuqə ala bilərsənmi? Yox. Deməli, pula dəyər vemək lazımdı.

- Bəs belə məqamların şahidi olanda toy aparıcısı kimi müdaxilə etdiyiniz olurmu?

- Düzünü desəm, açıq şəkildə mikrofonda bunu demirəm. Çünki toydu, müxtəlif tərbiyəyə, müxtəlif mədəniyyətə sahib insanlarla ünsiyyətdə olursan. Ona görə mikrofonla bunu deməsəm də, sakitcə yaxınlaşıb həmin insanların özlərinə çatdırıram ki, qardaş, günahdı, pulda dövlət atributlarının şəkli var, buna hörmət lazımdı. Başa düşən dərhal özünü yığışdırır. Eləsi də olur ki, ona nəsə deməyin mənası olmur. Mədəni, sivil insanlar var ki, onlar nəmər də verəndə, onu daha xoş şəkildə edə bilirlər. Tutaq ki, musiqiçilərə, müğənniyə hörmət edəndə ya masanın üstünə nəmər qoyurlar, ya sakitcə cibə nəmər qoyurlar. Bu da qədim adətlərdən sayılır. Eləsi olur ki, pul yerinə hədiyyə verə bilir. Bu başqa. Amma pulu göstəriş xatirinə yerə tökmək xoş görünmür. Bir dəfə İsraildə toya getmişəm. Çox mötəbər bir məclisin aparıcısıyam. 

Çıxış edib, şeir söyləyəndə bir imkanlı iş adımı başıma bir paçka dollar tökməyə başladı. Düzünü desəm, o məqamda o qədər narahat oldum ki... pulları da sonra gəlib süpürüb yığdılar. Yaxınlaşdım həmin qardaşa ki, sən Allah, eləmə belə, birincisi, sənin mənim başıma tökdüyün puldan mənim cibimə bir manat gəlmədi, mən yerə əyilib pul götürən deyildim, ikincisi də, hörmət edən gəlib onu musiqiçilər üçün nəzərdə tutulan masaya qoyar ki, bu mənim nəmərim olsun. Yəni istənilən halda pulun başa tökülməsi xoş hal deyil. Misal üçün, iki gün öncə biz şəhid qardaşımız Alim Məmmədovun övladlarının toyunu idarə edirdik. Mən və Nazilə Səfərli. Təbii ki, təmənnasız bu toyda iştirak edirdik. Toy sahibi ürəyi rahat olsun deyə, Nazilə xanıma hədiyyə təqdim etdi. Bu, toy adətlərimizin bir hissəsidi. Qaldı şan-şöhrət xatirinə başına tökülən pulları reklam edən tanınmışlara, bu addımı qətiyyən dəstəkləmirəm. Çörəyi müqəddəs bilib babalar, çörəyə and içib bizim babalar. Çörək tapdalansa, eldə qan olur. Çörək də bərəkətdi. Onu tapdamaq günahdı. 

Mən müasirliyi qəbul edən insanam. Amma bəzən müasirliyi çirkin şəkildə toylarda təqdim etmək avropalı, ya da kübar olmağı göstərmiş olmur. Toy gününü yaddaqalan və dəyərli edən məqamlar var ki, imkan qədər bu adətlərimizi gələcək nəsillərə ötürmək vacibdi. Toy ailələr arasında qurulan müqəddəs bağlantı, tellərdi. Hər iki gənc toy mərasimində izdivaclarını tanıtmış və ailələr arasında yaranan telləri bağlamış olur. Bu mərasim həmçinin qohumların biri-birini daha yaxından tanıması üçün qurulan ailə mərasimi sayılır. Onlar həm də izdivac quranların bu seçiminə şahidlik etmiş olurlar. Toy həqiqətən milli qədim adətlərimiz sırasında ən vacib və dəyərli mərasimlərdən sayılır.

Tahirə