İşsizlər artır

Bank işçilərinin ixtisara düşməsinin bir səbəbi də internetin inkişafıdır
Onlayn bankinq xidməti geniş yayıldıqca, artıq fiziki ofislərə və işçilərə ehtiyac getdikcə azalır

Rusiyada "Sberbank” 2025-ci ilədək əməkdaşlarının sayını 280 min nəfərədək ixtisar etməyi planlaşdırır. Bu barədə bank rəhbəri German Qref açıqlama verib.

O qeyd edib ki, hazırda "Sberbank”ın bütün dünya üzrə çalışan 325 min əməkdaşı var və ümumilikdə, 45 minə yaxın əməkdaşın ixtisar ediləcəyi gözlənilir.

İxtisarların nə üçün planlaşdırılması isə sual altındadır. Görəsən, bu ixtisarlara səbəb Rusiyada olan iqtisadi böhran, yoxsa sadəcə olaraq bank sistemindəki mövcud problemlərdir? Hər iki halda ixtisarların olması ölkəmizdəki bank işçilərinin də sayının azalmasına təsir göstərə bilərmi?

Məsələni dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli hazırda ölkəmizdə bank sektorunda ciddi geriləmələrin olduğunu deyib. Ekspertin sözlərinə görə, bu gün ölkədə problemli kreditlərin həcmi artıb və son 2 ildə 4 minə yaxın bank işçisi ixtisara düşüb. Bu ixtisarlar isə bank sektorunda ciddi bir işsizlik problemini yaradıb: 

"Amma dünyada gedən proses başqa trendlərdən xəbər verir. Tək Rusiyada yox, dünyanın bir çox ölkələrində ixtisarlar gedir. 

Məsələn, bu yaxınlarda Britaniya yaxın 10 ildə həm bank, həm maliyyə-kredit sektorunda 3 milyona yaxın işçilərin işsiz qalacağı haqqında bir hesabat yayımladı. Bu onu göstərir ki, internet inkişaf etdikcə, onlayn bankinq xidməti geniş yayıldıqca, artıq fiziki ofislərə və işçilərə ehtiyac getdikcə azalır. Yəni bu, internetin sürətinin və xidmətlərin, çeşidinin və keyfiyyətinin yaxşılaşması ilə əlaqədardır. Onlayn bankinq dünyada ən geniş və sürətlə yayılan bank növlərindən biridir. Siz banka getmədən, heç bir bank işçisi ilə təmas qurmadan demək olar ki, bank əməliyyatlarının tamamına yaxınını internet üzərindən görə bilərsiz. 

Təsadüfi deyil ki, Rusiyada ən böyük banklardan biri də onlayn bankinqdir və ən çox dövriyyəsi olan banklardan biridir, eyni zamanda fiziki işçilərinin sayı çox azdır. Çünki bütün işlər onlayn platforma üzərindən görülür. Bu anlamda dünyanın bank sektorunda trend bu yöndə gedir, yəni internet üzərindən təklif olunan xidmətlərin çeşidi və keyfiyyəti artdıqca, fiziki banklara ehtiyac azalacaq. Mənə elə gəlir ki, Azərbaycanda da baş verən prosesləri, bank sektorunun zəifləməsini nəzərə alsaq, yaxın zamanda bank işçilərinin sayının kəskin azalması gözlənilir”.

Yeganə Bayramova