"İşsizliklə bağlı rəsmi statistika reallığı əks etdirmir” - Fərq izah olunmalıdır







"Azərbaycanda 5 milyon 300 minə yaxın əmək qabiliyyətli insan yaşayır. Ölkədə rəsmi, müqavilə ilə çalışanların sayı isə 1,6 milyon nəfərə yaxındır”.

Bu barədə "Sherg.az”a iqtisadçı, ekspert Natiq Cəfərli məlumat verib. 

O diqqətə çatdırıb ki, təqribən 4 milyona yaxın insan işsizdir, yaxud qeydiyyatsız işlərdə çalışır:

"Müqavilə ilə çalışanların 900 minə yaxını dövlət sektorunda, qalan 700 minə yaxını isə özəl sektorda çalışır. Beynəlxalq standartlara görə, kənd əhalisini sırf əmək qabiliyyəti və işçi qeydiyyatı olduqda işə götürürlər. Azərbaycanda isə qəribə statistik göstərici ortaya qoyulub. 

Kimin torpaq sahəsi varsa, özünü və ailə üzvlərini kənd təsərrüfatı ilə məşğul olan insanlar kimi qeydə alırlar. Halbuki insanların adına torpaq sahəsi olması onların işçi qüvvəsi olduğu anlamına gəlmir. Əsas problem də buradan qaynaqlanır. Dövlət qurumları gizli iş yerlərinin nəyə görə yarandığını, hansı fəaliyyət məşğul olduğunu analiz etməlidir. Reallıqla statistika arasında yaranmış fərqin səbəbi izah olunmalıdır”.

İqtisadçı onu da əlavə edib ki, əmək qabiliyyəti olanların bir qismi ölkədə iş tapmadığı üçün mövsümi işlərdə çalışmaq məqsədilə qonşu ölkələrə üz tutur:

"Bu yaxınlarda beynəlxalq mətbuatda maraqlı məqalə dərc olunmuşdu. Qeyd olunurdu ki, Polşada bir işədüzəltmə firmasının xətti ilə hər il 600-800 arası Azərbaycan vətəndaşı kənd təsərrüfatı, aşağı əmək haqqı olan işlərdə çalışmaq üçün müraciət edir. Belə görünür ki, azərbaycanlılar iş axtarmaq üçün hətta Polşaya qədər müraciət edirlər. Deməli, işsizliklə bağlı rəsmi statistika reallığı əks etdirmir”.

Aysel Aslan