Zaman lazımdır ki, biri-birimizi tanıyaq, ailə qurduqdan dərhal sonra da övlad dünyaya gətirmək istəmədik
"İstanbullu gəlinəm, amma fərqli yaşam tərzimiz var"
Cəmilə Tağızadə: "Azərbaycandan serial təklifi gəldi, amma həyat yoldaşım icazə vermədi"
Zaman lazımdır ki, biri-birimizi tanıyaq, ailə qurduqdan dərhal sonra da övlad dünyaya gətirmək istəmədik
Zaman lazımdır ki, biri-birimizi tanıyaq, ailə qurduqdan dərhal sonra da övlad dünyaya gətirmək istəmədik
Səhnə əslində hər bir tanınmışdan istedadla yanaşı zəhmət, iddia, məqsəd tələb edir. Qonağımın da sənətə gələndə iddiaları, arzuları, məqsədi olduğu qədər zəhməti də az olmayıb. «Şərq»in budəfəki qonağı istanbullu gəlin, gənc azərbaycanlı aktrisa Cəmilə Tağızadə oldu.
- Gənc olmağınıza baxmayaraq işgüzarlığınızla seçilə bilmisiz. Bir çox seriallarda və filmlərdə sizi görmək olar.
- Mən Allahımı sevən və şükür etməyi bacaran insanam. Bəli, təvazökarlıqdan uzaq olsa da tənbəl deyiləm. Şükür Allaha, bir aktrisa kimi rejissorlardan dəvətlər çox alıram. Mənə elə gəlir ki, bu, ilk növbədə istedadla bağlıdır. Mən də istedadıma güvənirəm. Görünüşümə də güvənirəm. Düzdür, Angelina Coli deyiləm (gülür), amma özümə görə bir görünüşüm var. Təbii ki, istedad, zəhmət və görünüş mənə gələn təkliflərə təsir edə bilib. Yəni onların diqqətini aktrisa kimi çəkməyi bacarmışam.
- Aktrisa olmaq Azərbaycanda bir qadın üçün çətin seçim olmalıdır. Bizdə səhnədə olan qadına birmənalı yanaşmırlar.
- Əvvəllər səhnədə olmaq daha çətin idi. Yəni sənətdə olan xanımlarla ailə qurmaq da hər insanın gücü deyildi. Bu gün az da olsa, o dar düşüncələri dağıda bilmişik. Demirəm ki, hamı aktrisanı evinin xanımı etməyə razı olar, ya da evinə gəlin gətirər. Amma insan özünü düzgün tanıda bilərsə, mənə elə gəlir ki, onun sevdiyi insan da onu elə tanıya bilər. Yəni sevən insan sənin yaradıcı ruhunu da qəbul edə bilər.
- Artıq bir ildir İstanbulda yaşayırsan. Ailə qurmusan. İstanbullu gəlinin ailə həyatı necədir?
- Bəli, artıq bir ildir İstanbulda yaşayıram. Sentyabrda ailə həyatı qurmuşam. Təzə gəlinəm. İstanbullu gəlinəm. Ailəyə dəyərim fərqlidir. Mən düşünürəm ki, ailə çox dəyərlidir. Mən istəmirəm ki, övladlarım atasız-anasız böyüsün. Səbəbsiz, xırda söz-söhbətdən ailəmi dağıdan deyiləm. Bəlkə bu gün çox böyük danışıram, amma ən azından çalışaram ki, ailəmdə sakitlik yarada bilim. Bu dəqiqə nə yalan deyim, hazırda bütün sevgimi, diqqətimi ailəmə yönəltmişəm. İstərəm övladlarım normal ailədə tərbiyə alıb böyüsün. Artıq bundan sonra sənətim barədə düşünə bilərəm. Nə qədər qardaş ölkə olsaq da, fərqli düşüncələrimiz, fərqli ailələrimiz, yaşam tərzlərimiz olub. Ona görə də zaman lazımdır ki, biri-birimizi tanıyaq, ailə qurduqdan dərhal sonra da övlad dünyaya gətirmək istəmədik. Tələsmirik. Mən 30 yaşında ailə qurdum. Tələsmədim. Təbii ki, yoldaşımın ilk həyat yoldaşı ilk vaxtlar bizi çox incitdi. Amma məsələ həllini tapır. Mən səbrli insanam. Əsas odur qadın artıq məni narahat etmir. Yavaş-yavaş övlad barədə də düşünürük. Təbii ki, mən sənətimi çox sevirəm. Mən 10 ilimi təhsilimə vermişəm, oxumuşam. Bu illər ərzində əziyyət çəkmişəm. Yoldaşım da məni başa düşür. Uyğun rollar, obrazlar olanda çəkiləcəm. Serial təklifləri isə Azərbaycandan gəldi. Sadəcə yoldaşım icazə vermədi. Çünki serial üçün ən azı bir il Bakıda qalmalı idim. Ailəli insan üçün bu çətin olardı. Amma belə film çəkilişləri olsa çəkilərəm. Yoldaşım deyir ki, bundan sonra Türkiyədə sənətini davam etdirməyə çalış. Yenə deyirəm, Azərbaycandan təklif gəldi, sadəcə seriallara çəkilmirəm. Əgər yaxşı qonorar olsa, bəlkə gələcəkdə hansındasa çəkilərəm. Hazırda çalışıram ki, Türkiyədə işlər görüm.
- Paxıllıq hər sahədə var. Sənət aləmində isə paxıllıq daha qabarıq görünür. Sənə paxıllıq edənlər oldumu, varmı?
- İnanın, mənim yaralı yerimə toxundunuz. Hər sahədə paxıllıq var. Amma bizdə bu, daha qabarıqdı. Həyat insana nələrisə illər ötdükcə öyrədir. Mənə də öyrətdikləri oldu. Bu gün başa düşürəm ki, sənət aləmində paxıllıq, qısqanclıq bəzən iyrənc dərəcədə qabarıq olur. Təkcə sənətimi deyil, şəxsi həyatımı da qısqananlar var. Hətta yaxın bildiyim adamlardan elə zərbələr aldım ki, mənim ailəmi az qala dağıdacaqdılar. Aramızı vurmağa çalışdılar, aramızda soyuqluq yaşandı. Amma yenə biri-birimizə dəstək olduq. Mənə eləmədikləri qalmadı. Hər kəsə dost demək doğru deyilmiş. Əvvəllər insanlara çox inanırdım, onları özümə yaxın buraxırdım. Bu gün bir az dəyişmişəm. Əsas ailəni qorumaq lazımdı. Çalışıram ki, vaxtımı ailəmə sərf edim. Ailəmi dağıtmaq istəyən bəzi dırnaqarası rəfiqələrim var, Allah onlara da xoşbəxt ailə qismət etsin ki, gözləri məndə qalmasın.
- Türkiyədən dəvət gəldiyini iddia edən aktrisalar var. Sənə necə, dəvət gəlirmi?
- Mən sizə bir söz deyim. Kim deyirsə ki, ona Türkiyədən dəvət gəlib, yalandı. Burda bizim sənətçiləri tanımırlar. Aktyor, aktrisaları isə qətiyyən tanıyan yoxdu. Kim deyirsə ay mənə dəvət gəldi, yalandı. Kiminsə əlaqəsi varsa, tanışları, münasibətləri varsa, bəlkə təklif gələ bilər. Türkiyədə o qədər sənətçi, aktyor-aktrisa var ki, bizimkilərə ehtiyac yoxdu, inanın buna. Təki təkliflər gəlsin, təki çəkilsinlər.
- Sosial şəbəkələrdə bəzi paylaşımlarınız da diqqət çəkir. Deyəsən orda sizi də incidənlər olur.
- İnsanlar sosial şəbəkələrdə o qədər aqressiv olublar ki, sanki onların həyatdakı problemlərinin səbəbkarı biz tanınmışlarıq. Neqativ hisslərini bizə tökürlər. Nədənsə, elə düşünürlər ki, bircə bunların canı ağrıyır, bir tək bunların problemi var. Elə bilirlər ki, efirdə olanların hamısı xoşbəxtdir. Mən deyib-gülürəmsə, bu o demək deyil ki, məndə hər şey əladır. Xeyr, mən də sizin yaşadığınız problemləri yaşayıram, amma mən insanlara bunu bildirib, neqativimi tökmürəm. Mənim anam əməliyyat olundu, heç mən bunu sosial şəbəkələrdə paylaşıb bildirmədim. Bunu ancaq mənim yaxınlarım bilirlər. Mən ağlamaq istəyəndə zəng edib ən yaxın rəfiqəmlə ağlaşıb, dərdləşirəm. Heç vaxt efirlərə çıxıb ailə problemlərimi bildirməmişəm. Mən guya sevdiklərimi itirməmişəm? Mən heç gecələr ağlamıram? Bəzən efirlərə çıxıb, ağlaşma qururlar. Mən problemlərimdən danışsam, insanlar gecə-gündüz ağlayarlar. Necə ki, "Cehizsiz gəlinlər" serialında ağlayıram. Mən də həyatda acı çəkmişəm, mən də itirmişəm. Vaxtsız atamı və qardaşımı itirmişəm (kövrəlir). Bu dərd deyil? Atam xərçəng xəstəliyindən, qardaşım isə qan xəstəliyindən dünyasını dəyişdilər. Hazırda ailədə anamla mənəm. Anama çox bağlıyam. Anam həyatda olmasaydı, bəlkə mən də olmazdım. İnanın, yerimə kim olsaydı həyatdan küsmüşdü. Amma mən güclüyəm, həmçinin də anam. Heç kimə bu acıları arzu etmirəm. Bütün ömrümü anama borcluyam, o məni depressiyadan çıxardı. Onun sayəsində mən hər şeyə nail oldum. Bir sözlə, qazandıqlarımı və həyatımı o qadına borcluyam.
Tahirə Məmmədqızı