İstirahətin əzabları...

Bağ evlərinin kirayə qiyməti kəskin bahalaşıb
Hətta bəzi ərazilərdə 8 min manata təklif olunan evlər var


"MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov 2018-ci ilin iyun ayında Bakıda daşınmaz əmlak bazarında qiymətlərin may ayı ilə müqayisədə 1,57 faiz azaldığını deyib.
Ekspertin sözlərinə görə, ötən ay ərzində ucuzlaşma fərdi və bağ evləri bazarı istisna olmaqla bütün seqmentlərə təsir edib.

Bunun da obyektiv səbəbləri var. Əvvəllər bağ evlərində dincəlmək istirahət üçün xaricə getməkdən daha ucuz başa gəlirdisə, indi vəziyyət dəyişib. Bağ evlərinin ceyran belinə çıxan həm kirayə, həm də satış qiymətləri çox az adama bu fürsətdən yararlanmaq imkanı verir.

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının dediyinə görə, bağ evlərinin kirayə qiymətləri evin yerləşdiyi əraziyə və şəraitinə görə dəyişir. İnsanlar ilk növbədə bağın dənizə yaxın olmasına can atırlar. Bundan başqa, infrastruktur da bilavasitə kirayənin qiymətinə təsir edir: 

"Ümumiyyətlə, bağ evlərinin kirayəsi kifayət qədər qısa bir dövrdə tələb və təklifin çox ciddi dəyişməsi ilə yadda qalır. Bu, yay mövsümünün başlanması ilə may ayının sonlarından avqust ayının sonuna qədəri əhatə edir. Bu üç aylıq müddətdə xüsusilə məzuniyyətə çıxmaq imkanı olmayan, rayonlara və digər xarici ölkələrə getmək üçün imkanları məhdud olan insanlar daha çox bağ evlərinə üstünlük verməyə çalışırlar. 

Onlar həm istirahət edir, həm də işə gəlib-gedirlər. Elə insanlar var ki, onlar özəl sahələrdə çalışırlar, işi qoyub getmək mümkün olmadığından, gündüz işdə olmaq, gecə bağda dincəlmək istəyirlər. Elə buna görə də bağ evlərinə olan tələbat xeyli dərəcədə artır. Bu tələbin artımı bağ evlərində bəzi hallarda iki-üç qat qiymət artımına səbəb olur. Bu il də ötən illərdə olduğu kimi, bazar üçün xarakterik dövr yaşanır”.

Ekspert hazırda bağ evlərinin kirayə qiymətlərində kəskin artım müşahidə olunduğunu deyib: "Bu gün paytaxtdan kənarda, xüsusilə dənizə yaxın və infrastrukturu yaxşı olan, inzibati mərkəzlərə, ictimai obyektlərə yaxın olan, ictimai nəqliyyatla təmin olunması geniş olan ərazilərdəki bağ evlərinin qiyməti kəskin şəkildə artıb. Hətta bəzi ərazilərdə 8-10 min manat arasında bazara təklif olunan bağ evləri var. Düzdür, həmin bağ evləri kifayət qədər böyük ölçülü, funksional evlərdir, bir evdə bir ailə yox, bir neçə ailə dincələ bilər. Yəni yaxın iki-üç ailənin bu evləri kirayələməsi bəzən insanlar üçün əlverişli sayılır. Bunu təbii qəbul etmək lazımdır. Çünki tələbdən asılı olaraq qiymət dəyişir”.

R.Osmanlı Türkan və Bilgəh bağ massivlərində qiymətlərin daha baha olduğunu deyib: 

"Mərdəkanın inzibati mərkəz olması və infrastrukturun yaxşı olması qiymətlərə təsirsiz ötüşmür”.

Şəymən