"İtkin gəlin" Gülnarənin meyiti Azərbaycana gətirilib dəfn edildi - YENİLƏNİB
Sankt-Peterburq şəhərində iki ay öncə ailə qurandan sonra itkin düşən, bu günlərdə isə həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olan Gülnar Həbibovanın cənazəsi bu gün səhər doğulduğu Masallı rayonuna gətirilib.
APA-nın cənub bürosunun xəbərinə görə, 23 yaşlı Gülnar Həbibova Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Gülnar Həbibovanın bu il aprelin 22-də Rusiyanın Sankt-Peterburq şəhərində itkin düşdüyü açıqlanıb.
Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi mayın 26-da G. Həbibovanın qətlə yetirilməsi, qətldə şübhəli bilinən həyat yoldaşı, 32 yaşlı Samir Həbibovun saxlandığı barədə məlumat yayıb. S. Həbibov istintaqın gedişində həyat yoldaşını öldürdüyünü etiraf edib, meyitin yerini göstərib. O, qətlin təsadüf nəticəsində baş verdiyini bildirib.
Gülnar və Samir Həbibovlar bu aprelin 15-də ailə qurublar. Bir həftə sonra Gülnarın itkin düşməsi ilə bağlı polisə ilk olaraq həyat yoldaşı müraciət edib. O, qadının Tibb Universitetinə dərsə getmək üçün evdən çıxdığını bildirib və telefonunun söndürüldüyünü bildirib.
**
27 may
"Gülnarə və Samirin toylarınacan elə də münasibətləri olmamışdı. Onlar nişanlandılar və az sonra toyları oldu. Axırı da belə”. Bu sözləri Lent.az-ın əməkdaşıyla söhbətində bir qədər əvvəl Peterburqda meşədə meyiti tapılan Gülnarə Vəliyevanın rəfiqələrindən biri bildirib. Onun dediyinə görə, Samir Gülnarəni çox qısqanırmış. Onun hətta rəfiqələri ilə münasibətinə belə demək olar ki, qadağa qoyubmuş. "O, Gülnarəyə təkcə anasıyla görüşməsinə icazə verirdi”.
Vəliyevanın rəfiqəsinin dediyinə görə, Gülnarə özü deyib-gülən, həyat sevgisi olan qız idi: "O, itəndən sonra ilk ağla gələn ilk fikir intihar etməsi idi. Amma biz ilk gündən bu versiyaya inanmamışdıq”.
**
26 may
Peterburqda qətlə yetirilən Gülnarə Vəliyevanın ölümünün təfərrüatı məlum olub. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Gülnarənin əri istintaqa onu öldürmək niyyətində olmadığını bildirib: "Biz evdə mübahisə etdik. Mən onu yüngülcə vurdum. O, çox pis yıxıldı. Başı yerə dəydi və keçindi”.
Bundan sonra Samir Gülnarənin meyitini velosipedlə yaşadığı yerdən 12 km aralıda yerləşən meşəliyə aparıb, orada basdırıb. O, əvvəlcə meyitin basdırıldığı yeri tapa bilməyib. Amma 4 saatlıq araşdırmadan sonra həmin yeri müstəntiqlərə göstərib.
**
15:11
Gülnarə Vəliyevanın meyiti Peterburqun Petrodoveretsk rayonu yaxınlığındakı meşədən tapılıb. Lent.az Rusiyanın "Life" saytına istinadən xəbər verir ki, gənc qadının meyiti meşəlik ərazidən tapılıb. Bu barədə onun həyat yoldaşı Samir Həbibov istintaqa verdiyi ilkin ifadə zamanı bildirib. Samir onu da qeyd edib ki, Gülnarə Vəliyevanı ehtiyatsızlıqdan öldürüb. Hazırda meyit ekspertizaya aparılıb. Məhz bundan sonra ölümün səbəbi bəlli olacaq.
**
14:47
Aprelin 22-də Rusiyanın Sankt-Peterburq şəhərində itkin düşən həmyerlimiz Gülnarə Vəliyevanın həyat yoldaşı saxlanılıb.
Bu barədə Lent.az-a onun atası Şücaət Vəliyev məlumat verib
Şücaət Vəliyevin sözlərinə görə, Peterburq polisi onlara əlavə heç bir məlumat verməyib, yalnız onu bilirlər ki, qətlə görə kürəkəni saxlanılıb: "Bizə deyirlər, narahat olmayın, məsələni həll etməyə çalışırıq. Bir neçə gün bundan qabaq yeznəni tutublar. O, qızımı öldürməkdə şübhəli bilinib. Yalnız bizə verilən məlumata görə, o, cinayəti boynuna götürmür. Qızımdan hələ bir xəbər yoxdur. Ölübsə, meyiti hanı?”
**
14:37
Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gəlinlə bağlı yeni məlumatlar ortaya çıxıb.
Lent.az aznews.az-a istinadən xəbər verir ki, 23 yaşlı Gülnar Həbibovanı öz həyat yoldaşı qətlə yetirib. Sonra isə onun itkin düşməsi barədə polisə məlumat verib.
Gülnar Həbibova Sankt Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır.
Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.
22 aprel səhər saatlarında Gülnar tibb institutuna dərsə getməli imiş, lakin artıq bu zaman onun mobil telefonuna zəng çatmayıb. Samirin sözlərinə görə, həyat yoldaşı səhər evdən çıxıb, lakin hara getdiyini o bilməyib.
O zamandan Gülnar Həbibova haqda bir xəbər olmayıb. Qızın valideynləri, dostları, könüllülər və polislər onu 1 aydan çox müddətdə axtarıblar.
Bu gün isə Samir Həbibov Gülnar Həbibovanın qətlində şübhəli bilinərək saxlanılıb. İstintaq rəsmi bəyanatla çıxış edərək bildirib ki, Gülnar itməyib və evdən qaçmayıb. "Mayın 26-sı Samir Həbibov aprelin 22-si Marşal Jukov prospektində yerləşən mənzildə Gülnar Həbibovanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb" - deyə Peterburq üzrə Rusiyanın İstintaq Komitəsinin Baş İstintaq idarəsinin rəsmi nümayəndəsi Sergey Kapitonov "Komsomolskaya Pravda" qəzetinə bildirib.
Məlumata görə, hazırda Samir ifadə verir, onun günahını etiraf edib-etmədiyi bilinmir.
Hələlik gənc gəlinin meyitinin tapılması barədə məlumat yoxdur.