Uşaq və qadın evdən çıxıb qayıtmırsa, bu ciddi siqnaldır
İtkin düşənlərin sayı artır. Gəncə şəhərində müvəqqəti məskunlaşmış 41 yaşlı İsgəndərova Zərifənin itkin düşməsi xəbəri yayıldı. Verilən məlumatda Z.İsgəndərovanın bu ilin fevral ayında evdən çıxdığı və hələ də geri qayıtmadığı bildirilirdi. Dünən isə başqa xanımın itkin düşməsi xəbəri yayılıb; 25 yaşlı Xumar Sadıqova ötən ilin sentyabrından itkindir.
X.Sadıqovanın atası bu barədə polisə məlumat verib. Gənc ananın itməsi daha çox 7 yaşlı uşağın taleyində iz buraxıb. Uşaq məktəb yaşına çatsa da, ailədən heç kim onu məktəbə yazdırmayıb. Uşağın babası nəvəsini məktəbə apara bilmədiyini deyib.
Qadınlar niyə itkin düşür? Onların taleyi niyə uzun müddət qaranlıq qalır?
Məsələni şərh edən İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında baş vermiş hadisələrin ciddi araşdırma tələb etdiyini dedi:- Məlumdur ki, hazırda ümumiyyətlə dünyada gərgin bir dövr yaşanır. Bu gərginlik, əlbəttə, Azərbaycan insanına da təsir edir. Böhrana qarşı mübarizə aparılır, amma ümumilikdə bu böhran cəmiyyətə, ailələrə təsirsiz ötüşmür. İqtisadi çətinliklər ailə münasibətlərində də, insanların biri-birinə münasibətlərində, davranışlarında özünü göstərir. Bir də görürsən, vətəndaş gərginlik fonunda hətta yol polisi ilə münaqişəyə gedir. Hətta polislə əlbəyaxa olurlar. Belə bir vəziyyətdə ailələrdə xoşagəlməz halların yaşanması da təbiidir. Bəzən ailə başçısı evdən gedir, yoxa çıxır, bir də sorağı hansısa qonşu dövlətdən, başqa şəhərdən gəlir. Kişilər ailəni tərk etdikdə, adətən deyirlər, qazanc ardınca gedib. Amma uşaq və ya qadın evdən çıxır və geri qayıtmırsa, bu artıq ciddi siqnaldır. Çünki nə uşağın, nə də qadının qazanc ardınca harasa çıxıb getməsi cəmiyyət tərəfindən ümumiyyətlə qəbul olunmur. Bir tərəfdən həm uşaq, həm də qadın zəif təbəqə hesab edildiyi üçün onların itkinliyi şübhə doğurur. Bu zaman daha çox qaçırılma, insan alveri faktoru, yaxud da, Allah eləməmiş, qətl ehtimalları ətrafında düşünülür. Qadının evdən getməsi isə çox zaman ailəsi tərəfindən gizlədilir. Burada da əlbəttə ki, Azərbaycan mental dəyərləri böyük rol oynayır. Evdən gedən, ailəsini tərk etmiş qadın barəsində cəmiyyətdə mənfi fikir yaranacağı qorxusu, ailəni bu barədə bir müddət susmağa vadar edir. Amma itkinliyin üzərindən uzun müddət keçdikdə və evi tərk etmiş qadından da bir xəbər çıxmayanda ailə polisə müraciət edir. Bəzən ailələr itkinlik barədə tez xəbər vermir, gözləyirlər, bəlkə qayıdar. Bəlkə harasa iş ardınca gedib, bəlkə küsüb atasıgilə qayıdıb, ona görə gözləmə mövqeyində dayanırlar. Amma məsələ ciddiləşdikdə hüquq-mühafizə orqanlarına xəbər verirlər. Hesab edirəm ki, itkin düşmüşlərin qısa zamanda tapılmaması və ya onlar barəsində məlumat əldə edilməməsinin əsas səbəbi polisə vaxtında müraciət etməməkdir. Və nəinki vaxtında müraciət etməmək, həmçinin polisə dolğun məlumat verməmək. Bəzən belə məlumatlarla qarşılaşırıq ki, yeniyetmələr, məktəb yaşlıların itkin düşməsi xəbəri yayılır, amma bir neçə gün sonra məlum olur ki, uşaqlar nənəsinin, yaxud hansısa yaxın qohumunun yanındadır. Yaxşı, valideynlər, ailə niyə əvvəlcə yaxın qohumları ilə əlaqə yaradıb, vəziyyət barədə danışmırlar? Deməli, bəzən səhlənkarlıq da edilir. İtkin düşmüşlər barədə polisə düzgün məlumat verilmir. Şəxsin yaxın ətrafı, kimlərlə əlaqə saxladığı, kimlərlə dostluq etdiyi, gedə biləcəyi ehtimal edilən yerlər barədə hüquq-mühafizə orqanlarına dolğun informasiyalar verilsə, bu insanların tapılması istiqamətində daha effektiv əməliyyat-axtarış tədbirləri keçirilər.
İ.Altay qeyd etdi ki, itkin düşmüş şəxslərin ölkə ərazisində olması və ya ölkəni tərk etməsini müəyyənləşdirmək hazırda çox asandır:
- Azərbaycanın sərhəd-keçid məntəqələrində iş çox düzgün qurulub. Azərbaycan sərhədləri sistemli şəkildə qorunur. Sərhəd-keçid məntəqələrində elektron sistem fəaliyyət göstərir və həm ölkəyə gələn, həm də ölkədən çıxan barədə məlumat elektron sistemə oturdulur. Ona görə də itkin düşmüş şəxslərin ölkə ərazisini tərk edib-etməməsini müəyyənləşdirmək asandır. Doğrudur, bəzən kimlərsə qeyri-leqal yollarla, kimlərinsə vasitəsilə ölkəni tərk edirlər. Ancaq hesab edirəm ki, bu, nadir, xüsusi hallarda baş vermiş hadisələrdir. İtkin düşmüş bu qadınların ölkə ərazisində olub-olmamasını təyin etmək də çətin deyil. Əgər təyin edilsə ki, bu insanlar sərhəd-keçid məntəqələrindən keçməyiblər, deməli, onları ölkə daxilində axtarmaq lazımdır. Əgər oğurlanmayıblarsa və ölümləri barədə də məlumat yoxdursa, ola bilsin, hardasa gizli yaşayırlar və getdikləri yer barədə heç kimə məlumat verməyiblər. Düşünürəm ki, hüquq-mühafizə orqanları bu insanları tezliklə tapacaq, yerləri təsbit ediləcək.
X.Sadıqovanın 7 yaşlı oğlunun məktəbə getməməsinə gəlincə, İ.Altay bu məsələdə yerli icra orqanlarını qınadı:
- Uşağın taleyi ilə yerli icra orqanları maraqlanmalıdır. Bu nə deməkdir ki, uşağın məktəb yaşı çatıb, ancaq məktəbə yazdırılmayıb?! Bəs icra hakimiyyətlərinin müvafiq şöbələri hara baxır? Sovet vaxtı polis idarələrində azyaşlılarla iş şöbələri fəaliyyət göstərirdi. Bu şöbələr valideynlərini itirmiş, nəzarətsiz həyat keçirən uşaqlara diqqət göstərirdi, onların internat məktəblərinə yerləşdirilməsinə nail olurdu. Bundan başqa rayon icraiyyə komitələri də fəaliyyət göstərirdi ki, onlar da azyaşlılarla bağlı məsələləri həll edirdi. İndi rayon icra hakimiyyətlərinin hamısında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar yaradılıb, baş, aparıcı məsləhətçilər də bu komissiyaya başçılıq edir. Gərək onlar 7 yaşlı uşağın taleyi ilə maraqlansınlar. Valideyni yoxdur deyə, uşaq məktəbə getməməlidir, təhsil almamalıdır? Bəlkə uşağın babasının onu məktəbə aparmaq imkanı yoxdur, gərək bu işlə icra hakimiyyəti məşğul olsun və uşağa qəyyum təyin edilsin.
Məlahət Rzayeva