Murad Əliyev: “İnkişafda olan ölkə üçün müxtəlif istehsal sahələrini işıqlandıran mətbuatın olması şərtdir”
İxtisassız jurnalistika...
Niyaz Niftiyev: “İllərdir bu barədə “həyəcan təbili” çalsaq da, ortada heç bir nəticə yoxdur”
Murad Əliyev: “İnkişafda olan ölkə üçün müxtəlif istehsal sahələrini işıqlandıran mətbuatın olması şərtdir”
Murad Əliyev: “İnkişafda olan ölkə üçün müxtəlif istehsal sahələrini işıqlandıran mətbuatın olması şərtdir”
Azər Həsrət: "İxtisaslaşma prosesi ciddi şəkildə axsayır”
Müasir Azərbaycan jurnalistikasında ən ciddi problemlərdən biri ixtisaslaşmanın olmamasıdır. Keçən zaman ərzində mediada jurnalistlərin ixtisaslaşması ilə bağlı müəyyən addımlar atılsa da, məsələ hələ də öz aktuallığını qorumaqdadır. KİV-lərdə müxtəlif sahələr üzrə ixtisaslaşmanın olmaması mətbuatda ciddi problemlərin yaranmasına səbəb olur. Əlbəttə, jurnalist üçün hər şeydən yazmaq çox çətin məsələdir. Buna görə də ixtisaslaşmanın olması vacibdir.
Jurnalist yazdığı sahəni dərindən öyrənməli və işlədiyi mövzularda fəsadlara yol aça biləcək yanlışlıqlara yol verməməlidir. Ancaq təəssüflər olsun ki, Azərbaycan mediasında durum çox qarışıqdır. Eyni jurnalist həm siyasətdən, həm iqtisadiyyatdan, həm də mədəniyyətdən məqalələr yazır. Son vaxtlar çap və elektron mediada köşə yazılarının da sayı xeyli artıb. Amma köşə yazarlarının konkret mövzuları yoxdur, onlar hər şeydən yazırlar. Əlbəttə, bu cür arzuolunmaz vəziyyətin ortaya çıxmasını şərtləndirən bir sıra amillər var. Ekspertlərə görə, problemi həll etmək üçün ilk növbədə jurnalistika fakültələri ixtisaslaşmış jurnalistlər buraxmalıdır. Bu proses getmədiyi üçün çox zaman media rəhbərləri problemi həll etmək üçün başqa üsullara üstünlük verirlər. Aydındır ki, jurnalistika fakültəsində təhsil alan şəxs iqtisadiyyat üzrə təhsil alan insandan iqtisadi məsələləri daha az biləcək. Ona görə də, bəzi media orqanları mətbuata iqtisadiyyat, səhiyyə, politologiya və digər sahələrdə təhsil alan insanları, yəni, belə demək mümkündürsə, qeyri-ixtisas sahiblərini cəlb edirlər. Əslində məsələni başqa bir formada da həll etmək olar. Deyək ki, hansısa jurnalistin iqtisadiyyatdan yazmağa meyli var, onu ən azı iqtisadiyyat sahəsində orta səviyyədə biliyə sahib olması üçün iki illik praktikaya da göndərmək mümkündür. Amma nə qədər sovetdən qalma jurnalistika fakültələri fəaliyyət göstərir, mətbuatda ixtisaslaşma həllini gözləyən problemlərdən biri olaraq qalacaq. Problem dəfələrlə Mətbuat Şurası tərəfindən də qaldırılıb. Şura sədri Əflatun Amaşov mövzu ilə bağlı hər açıqlamasında jurnalistikada ixtisaslaşmanın aşağı səviyyədə olduğunu vurğulayıb və jurnalistika fakültəsində ixtisaslaşmanın dərinləşdirilməsinin vacib olduğunu deyib: "Jurnalistlərin yetərli səviyyədə ixtisaslaşmaması problem olaraq qalır. Bu da müəyyən səbəblərlə bağlıdır. Jurnalistika fakültəsində təhsil almış insanların böyük hissəsi təsadüf nəticəsində ora düşür. Ola bilsin, başqa yeri istəyirdilər, ya balları çatmadığından, yaxud da yer az olduğundan jurnalistikaya qəbul olurlar. Biz ikinci ildir ki, jurnalistika fakültəsində oxuyacaq tələbələr üçün qabiliyyət imtahanları təşkil edirik. Mənə elə gəlir, bu addım yaxın vaxtlarda Azərbaycan jurnalistikasına öz töhfəsini verəcək”. Sədr bəyan edib ki, jurnalistlərin sayı az, amma yazdıqları sahələr çoxdur: "Bir jurnalist bəzi məqamlarda bir neçə sahədən yazmalı olur. Təbii ki, bir neçə sahədən yazan jurnalist bütün sahələr üzrə biliyə malik olmur. Əvvəllər bir jurnalist parlamentdən yazırdı, sonra hansısa muzeydən reportaj hazırlayırdı, o biri gün isə idmanla bağlı xəbər verirdi. Bu məsələ Mətbuat Şurasını narahat etdiyindən, ayrı-ayrı qurumlara rəhbərlik edən nazirlərlə redaktorların görüşünü təşkil etməyə başlamışıq”. Bəs, görəsən, Azərbaycan mediasında ixtisaslaşma niyə getmir və ya çox zəif gedir? Prosesə mane olan səbəblər nələrdir? Ümumiyyətlə, ixtisaslaşma ölkə mətbuatı üçün nə qədər əhəmiyyət kəsb edir?
Məsələyə münasibət bildirən "Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev də jurnalistikada ixtisaslaşmanın başlıca problemlərindən biri olduğunu bildirib: "Təəssüf ki, ötən müddətdə biz bu problemin aradan qaldırılması istiqamətində yetərli addımlar atmamışıq. İllərdir bu barədə "həyəcan təbili” çalsaq da, ortada heç bir nəticə yoxdur. Konkret sahələr, - idman və mədəniyyət saytları istisna olmaqla əksər qəzet və internet portallarında ixtisaslaşma yox səviyyəsindədir. Təbii ki, bunun üstündən "jurnalist yoxdur” deyib keçmək olmaz və bu səbəb əsaslı deyil. İxtisaslaşmaya meyilliliyin olmamasını şərtləndirən səbəblərdən biri mətbuatda müxtəlifliyin olmamasıdır. Yəni bizlər nə yazıq ki, bəlli sahələrdən kənara çıxa bilmirik. Bu gün bir qəzetdə çıxan materialı elə həmin günün "planlaşmasında” digər bir qəzet başqa formada bir gün sonrakı sayında ictimaiyyətə təqdim edir. İnternet media da eyni vəziyyətdədir”.
Baş redaktor deyib ki, qarşılaşdığımız jurnalistlər ya sosialdan, ya siyasətdən, ya mədəniyyətdən, ya da ki, iqtisadiyyatdan yazdıqlarını söyləyirlər: "Belə götürəndə iqtisadiyyat özü də bir neçə sahəyə bölünür, - maliyyədən tutmuş, neft-qaz sektorunadək ayrı-ayrı sahələrdir. Azərbaycanın kiçik ölkə olduğunu nəzərə alsaq, sahə içində sahə müxbiri (məsələn, elə iqtisadiyyatda neft sektoru üzrə) olmağa da bir o qədər ehtiyac yoxdur, əsas odur ki, ən azı bir sahəni biləsən”.
N.Niftiyevin sözlərinə görə, problemdən çıxış yolu tükənmiş deyil: "Bildiyiniz kimi, KİVDF bir neçə ildir onlarla qəzetə maliyyə vəsaiti ayırır. Fikrimcə, həmin vəsaitdən istifadə etməklə ixtisaslaşmış jurnalist kontingentini formalaşdırmaq olar. Hər il universitetlərdən onlarla tələbə redaksiyalara iş üçün müraciət edir. Hər bir redaksiya bu imkandan yararlana bilər, ən azı 1-2 nəfəri işə götürməklə mövcud boşluğu doldurarlar. Bu zaman həm ixtisaslaşma üçün addım atılar, həm də gənc jurnalistlərin işlə təminatı həll edilmiş olar. Yəni Fondun hər maliyyə ilində 2 jurnalist ixtisaslaşsa, düşünürəm ki, qısa bir zaman ərzində nəyəsə nail olmaq olar.
Problemin digər həll yolu isə məhz ixtisaslaşmaya maliyyə vəsaitinin ayrılmasıdır. Beləliklə, redaksiyalar çox qısa zaman ərzində problemi həll edə bilərlər. Onlar ixtisaslaşdırdıqları jurnalistlə ən azı 5 illik əmək müqaviləsi də bağlayıb, onların perspektivdə başqa redaksiyalara getməsinin qarşısını alarlar. Çünki jurnalistlərə harada daha çox əmək haqqı verirlər, onlar da məcburən ora getməli olurlar. Hesab edirəm ki, jurnalist təşkilatları vasitəsi ilə ixtisaslaşmanın həyata keçirilməsi müsbət nəticə verər. Jurnalist təşkilatları da hər il 5-6 redaksiyadan 1-2 əməkdaşı treninqlərə cəlb etməklə ümumi işə töhfə verə bilərlər”.
"Report.az” saytının baş redaktoru Murad Əliyev də bəyan edib ki, mətbuatda ixtisaslaşma olduqca vacib məsələdir: "Məncə, istənilən sahədə çalışan oxucu öz fəaliyyət istiqaməti üzrə mətbuatdan müfəssəl məlumatları almalıdır. Digər tərəfdən, inkişafda olan ölkə üçün müxtəlif istehsal sahələrini işıqlandıran mətbuatın olması şərtdir. Qərb mətbuatında bu məsələ uzun inkişaf yolu keçib və artıq oturuşub. Misal üçün, belə bir hadisə eşitmişəm, 2000-ci illərin əvvəlində Azərbaycandan bir qrup jurnalist ABŞ-a gedərək Qərb mətbuatının iş prinsipi ilə tanış olur. Redaksiyaların birində olarkən bizim mətbuat işçilərindən maraqlanırlar ki, sizdə də ixtisaslaşma varmı? Uzun illər iqtisadiyyat üzrə çalışan jurnalistlərimizdən biri irəli durur ki, bəs o yalnız sənaye sahəsini işıqlandırır. Sonra əməkdaşımız onların redaksiyasında işlərin necə qurulduğunu xəbər alır və gözünə dəyən ilk müxbirin hansı sahədən yazdığını soruşur. Redaktor isə azərbaycanlı müxbirin sualına belə cavab verir: "toyuq budundan...” Yəni, Qərb mediasında bu qədər dar ixtisaslaşmadan söhbət gedir. Azərbaycanda isə hazırda əksər internet mediası daha çox İP yığmaq üçün çalışır. Belə olan halda üstünlük geniş kütləni maraqlandıran xəbərlərə verilir. Yəni istənilən məsələyə səthi yanaşaraq, sensasiya doğuracaq məsələləri qabartmaq bizim üçün kifayət edir. Lakin düşünürəm ki, tədricən bu hal aradan qalxacaq”.
M.Əliyevin sözlərinə görə, hər hansı sahə üzrə ixtisaslaşan jurnalistsənsə, məhz o sahə üzrə təhsil alan şəxs daha məqsədəuyğundur: "Misal üçün, maliyyə sahəsi üzrə jurnalistika fakültəsinin tələbəsindənsə, maliyyə üzrə təhsil alan şəxs daha peşəkar səviyyədə işləyə bilər. Biz də bu səbəbdən "Report” agentliyində daha çox müəyyən sahə üzrə ixtisaslaşmış şəxsləri cəlb etmişik”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət isə ixtisaslaşmanın bahalı proses olduğunu deyib: "Bir jurnalistin hansısa KİV-də konkret istiqamət üzrə işləyə bilməsi üçün həmin medianın çox ciddi maliyyə imkanları və maddi-texniki bazası olmalıdır. Təəssüf ki, Azərbaycanda bəzi istisnaları çıxmaq şərtilə bu tələblərə cavab verən KİV-lər çox deyil. O baxımdan da ixtisaslaşma prosesi ciddi şəkildə axsayır. Halbuki imkan olsaydı və ixtisaslaşma baş tutsaydı, mediada ciddi keyfiyyət dəyişikliyi görə bilərdik. Düşünürəm ki, bəlli bir zaman keçdikdən sonra bizdə də bu proses sürətlənəcək. İndinin özündə KİV-lərimizin əsas qayğısı daha çox ayaqda qalmaq üçün çalışmaqdır. Amma zaman gələcək, biz bu mərhələni də adlamış olacağıq. Xatırlayırsınızsa, 90-cı illərin sonunda Azərbaycanda bir krossvord bumu yaşanırdı. Hətta ən ciddi qəzetlər belə krossvord əlavələrinin hesabına bazarda möhkəmlənməyə çalışırdılar. İndi həmin qəzetlərin heç biri krossvorda yer vermir. Yəni demək istədiyim odur ki, mərhələ-mərhələ ixtisaslaşmaya doğru gedirik. Buna da zaman lazımdır”.
(davamı var...)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb