İxtisassız jurnalistikamız...

Şamil Vəliyev: “Jurnalistlərin ixtisaslaşması və peşəkarlaşması elmi mərkəzlərdə formalaşdırılmalıdır”
Vüqar Zifəroğlu: “Mediada ixtisaslaşmanın getməyi vacibdir”



Azər Qaraçənli: "Jurnalistikamız müəyyən qədər ekstremal şəraitdə fəaliyyət göstərir”

Cavid Cabbarlı: "Bunun üçün kurslar təşkil olunmalıdır”

(əvvəli ötən sayda)

Müasir Azərbaycan jurnalistikasında ən ciddi problemlərdən biri ixtisaslaşmanın olmamasıdır. Keçən zaman ərzində mediada jurnalistlərin ixtisaslaşması ilə bağlı müəyyən addımlar atılsa da, məsələ hələ də öz aktuallığını qorumaqdadır.

KİV-lərdə müxtəlif sahələr üzrə ixtisaslaşmanın olmaması mətbuatda ciddi problemlərin yaranmasına səbəb olur. Əlbəttə, jurnalist üçün hər şeydən yazmaq çox çətin məsələdir. Buna görə də ixtisaslaşmanın olması vacibdir. Jurnalist yazdığı sahəni dərindən öyrənməli və işlədiyi mövzularda fəsadlara yol aça biləcək yanlışlıqlara yol verməməlidir. Ancaq təəssüflər olsun ki, Azərbaycan mediasında durum çox qarışıqdır. Eyni jurnalist həm siyasətdən, həm iqtisadiyyatdan, həm də mədəniyyətdən məqalələr yazır. Son vaxtlar çap və elektron mediada köşə yazılarının da sayı xeyli artıb. Amma köşə yazarlarının konkret mövzuları yoxdur, onlar hər şeydən yazırlar. Əlbəttə, bu cür arzuolunmaz vəziyyətin ortaya çıxmasını şərtləndirən bir sıra amillər var. Ekspertlərə görə, problemi həll etmək üçün ilk növbədə jurnalistika fakültələri ixtisaslaşmış jurnalistlər buraxmalıdır. Bu proses getmədiyi üçün çox zaman media rəhbərləri problemi həll etmək üçün başqa üsullara üstünlük verirlər. Aydındır ki, jurnalistika fakültəsində təhsil alan şəxs iqtisadiyyat üzrə təhsil alan insandan iqtisadi məsələləri daha az biləcək. Ona görə də, bəzi media orqanları mətbuata iqtisadiyyat, səhiyyə, politologiya və digər sahələrdə təhsil alan insanları, yəni, belə demək mümkündürsə, qeyri-ixtisas sahiblərini cəlb edirlər. Əslində məsələni başqa bir formada da həll etmək olar. Deyək ki, hansısa jurnalistin iqtisadiyyatdan yazmağa meyli var, onu ən azı iqtisadiyyat sahəsində orta səviyyədə biliyə sahib olması üçün iki illik praktikaya da göndərmək mümkündür. Amma nə qədər sovetdən qalma jurnalistika fakültələri fəaliyyət göstərir, mətbuatda ixtisaslaşma həllini gözləyən problemlərdən biri olaraq qalacaq. Problem dəfələrlə Mətbuat Şurası tərəfindən də qaldırılıb. Şura sədri Əflatun Amaşov mövzu ilə bağlı hər açıqlamasında jurnalistikada ixtisaslaşmanın aşağı səviyyədə olduğunu vurğulayıb və jurnalistika fakültəsində ixtisaslaşmanın dərinləşdirilməsinin vacib olduğunu deyib: "Jurnalistlərin yetərli səviyyədə ixtisaslaşmaması problem olaraq qalır. Bu da müəyyən səbəblərlə bağlıdır. Jurnalistika fakültəsində təhsil almış insanların böyük hissəsi təsadüf nəticəsində ora düşür. Ola bilsin, başqa yeri istəyirdilər, ya balları çatmadığından, yaxud da yer az olduğundan jurnalistikaya qəbul olurlar. Biz ikinci ildir ki, jurnalistika fakültəsində oxuyacaq tələbələr üçün qabiliyyət imtahanları təşkil edirik. Mənə elə gəlir, bu addım yaxın vaxtlarda Azərbaycan jurnalistikasına öz töhfəsini verəcək”. Sədr bəyan edib ki, jurnalistlərin sayı az, amma yazdıqları sahələr çoxdur: "Bir jurnalist bəzi məqamlarda bir neçə sahədən yazmalı olur. Təbii ki, bir neçə sahədən yazan jurnalist bütün sahələr üzrə biliyə malik olmur. Əvvəllər bir jurnalist parlamentdən yazırdı, sonra hansısa muzeydən reportaj hazırlayırdı, o biri gün isə idmanla bağlı xəbər verirdi. Bu məsələ Mətbuat Şurasını narahat etdiyindən, ayrı-ayrı qurumlara rəhbərlik edən nazirlərlə redaktorların görüşünü təşkil etməyə başlamışıq”. Bəs, görəsən, Azərbaycan mediasında ixtisaslaşma niyə getmir və ya çox zəif gedir? Prosesə mane olan səbəblər nələrdir? Ümumiyyətlə, ixtisaslaşma ölkə mətbuatı üçün nə qədər əhəmiyyət kəsb edir?

BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev deyib ki, mediada ixtisaslaşma nə qədər rasional qaydalar əsasında getsə, peşəkarlıq bir o qədər çox olar və biliklərin ictimailəşməsi daha sürətlə gedər: "Bizim əsas məqsədimiz sahə jurnalistikasına keçişi təmin etməkdir. Amma bunun üçün müəyyən problemləri aradan qaldırmaq lazımdır. Qeyri-peşə sahiblərinin hansısa sahəni yaxşı bildiyi üçün jurnalistikaya gətirilməsi doğru deyil. Daha düzgün variant jurnalistlərin təhsil aldığı və redaksiyada çalışdığı müddətdə müxtəlif sahələr üzrə biliklərini artırması, həmin peşəni dərindən öyrənməsidir. Müxtəlif peşələrlə bağlı problemləri işıqlandıran, məsələni kütləviləşdirən jurnalist sırf o sahənin mütəxəssisi qədər passiv olmur. Jurnalistlər problemləri peşəkar sahə mütəxəssislərindən fərqli olaraq ümumxalq dilində və operativ şəkildə ictimaiyyətə çatdırırlar. Bu, olduqca mühüm amildir”. Professorun sözlərinə görə, jurnalistlərin, peşəkar informasiya işçisinin cəmiyyəti bilikləndirməsi ilə öz ixtisasını təbliğ etməsi tamam ayrı şeylərdir: "Jurnalistikanın digər elmə sahələri ilə inteqrasiyası, sahə jurnalistikasına keçid çox vacibdir. Artıq mediamız bu istiqamət üzrə fəaliyyətə başlayıb, yəqin ki, müəyyən zaman keçəndən sonra nəticəni görəcəyik”.

Ş.Vəliyev bəyan edib ki, jurnalistlər üçün ixtisas kurslarının təşkil olunması müxtəlif qurumların özfəaliyyətidir: "Jurnalistlərin ixtisaslaşması və peşəkarlaşması elmi mərkəzlərdə formalaşdırılmalıdır. Fikrimcə, bunun effekti daha yaxşı olar”.

BDU-nun beynəlxalq jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu ixtisaslaşma probleminin müxtəlif səbəblərinin olduğunu deyib: "Bu səbəblərdən ən birincisi jurnalistikaya qeyri-peşəkarların gəlməsidir. Jurnalistikanın fəlsəfəsi, medianın funksiyaları barədə məlumatlı olanlar bu gün praktik jurnalistika ilə məşğul olanların arasında azlıq təşkil edir. Belə olan halda, biz hansı ixtisaslaşmadan danışa bilərik? Təbii ki, mediada ixtisaslaşmanın getməyi vacibdir. Dünya jurnalistikasında bu tendensiya artıq çoxdan müşahidə edilir. Bunu zəruri edən başlıca faktor isə auditoriyanın müxtəlifliyidir. Sadəcə, bu, peşəkar şəkildə həyata keçirilməlidir. Bu gün medianın mənzərəsini göz önündə canlandırsaq, o zaman problemin həllinin nə qədər çətin olacağını anlayarıq”.

"Mediaforum” saytının baş redakoru Azər Qaraçənli deyib ki, ixtisaslaşma problemi medianın ümumi vəziyyəti ilə əlaqəlidir: "Etiraf edək ki, əksər KİV-lər kiçik kollektivlə işləməyə məcburdur. Çünki media qurumlarının maliyyəsi, reklam gəliri azdır, texniki şəraiti zəifdir. Jurnalistikamız müəyyən qədər ekstremal şəraitdə fəaliyyət göstərir. Bu səbəbdən medianın öz strukturunda ayrı-ayrı sahələr üzrə şöbələr yaratması, həmin sahələr üzrə ixtisaslaşmış jurnalistləri cəlb etməsi və ya öz jurnalistlərini ixtisas kurslarına göndərməsi redaksiya rəhbərlərinin imkanı xaricindədir. Bunu sadəcə bir-iki redaksiya həyata keçirə bilər, yerdə qalanların gücü çatmaz”.

Baş redaktorun fikrincə, jurnalist peşəsi bir qədər universal bilik tələb edir. Yəni jurnalist hər peşədən müəyyən qədər məlumatlı olur, amma heç bir peşənin tam mütəxəssisi sayılmır: "Müxbirlərin peşəkar olduğu sahə elə jurnalistikanın özüdür. İstənilən jurnalist hadisə yerindən reportaj hazırlaya, iqtisadi məqalə yaza, siyasi mövzunu işıqlandıra bilər. Mən jurnalistlərin universallığına pis baxmıram. Bu, normal haldır. Amma şübhəsiz ki, bəzi sahələr, məsələn, iqtisadiyyat, idman və mədəniyyət sahələri üzrə müəyyən qədər ixtisaslaşmaya ehtiyac var. Çünki bu sahələr spesifik xarakter daşıyır”.

A.Qaraçənli deyib ki, ixtisaslaşma jurnalistika təhsili verən universitetlərdən də başlaya bilər. Amma prosesin inkişafı praktikadan asılıdır: "Əsas ixtisaslaşma redaksiyanın daxilində, iş təcrübəsində formalaşır. Daha yaxşı olar ki, universitetlərdə təhsil universal qaydada verilsin. İxtisaslaşma olsa da, üzərində çox köklənməsin”. Baş redaktora görə, jurnalistikada ixtisaslaşma müəyyən qədər şərti xarakter daşıyır: "Məsələn, cərrahlar ancaq öz sahələri üzrə ixtisaslaşır və işləyirlər. Nə qədər bilikli olsa da, tibbin başqa sahələrinə müdaxilə etmir, çünki məlumatsız olur. Amma jurnalistika fərqlidir”.

"Xəbər.info” saytının baş redaktoru Cavid Cabbarlı isə hesab edir ki, jurnalistika yaradıcılıq sahəsinə aid olduğu üçün onu "ixtisaslaşma” adı ilə məhdud çərçivəyə salmaq düzgün deyil: "Bütün sahələr kimi jurnalistikada da peşəkarlığa önəm verirəm. Jurnalist yazdığı mövzuda peşəkar olmalıdır. Peşəkarlığın olmaması Azərbaycan mətbuatının ciddi problemidir. Eyni zamanda jurnalist yazdığı mövzunu yaxşı dərk etməlidir, nə yazdığını başa düşməlidir. Mövzu haqqında kifayət qədər bilgiyə sahib olmalıdır. Ən azı yazacağı mövzuda istifadə olunan xüsusi terminləri bilməlidir. Bunun üçün isə kurslar təşkil olunmalıdır. Düşünürəm ki, problemin əsasını təşkil edən səbəblərdən biri ölkədəki sosial vəziyyətdir. Heç bir yerdə iş tapa bilməyən şəxs jurnalistikaya üz tutur. Nəticə isə göz qabağındadır”.

Baş redaktorun sözlərinə görə, problemdən danışılsa sa, onun həlli yolları göstərilmir: "Müxtəlif sahələrdə jurnalistlər üçün kurslar təşkil olunubmu? Peşəkarlığın artırılması üçün son bir ildə hansı tədbirlər görülüb? Bir qrup şəxsi mükafatlandırmaqdan, bəzilərini də cərimələmək və cəzalandırmaqdan başqa heç bir iş görmürük. Azərbaycan mətbuatının araşdırma və bu kimi janrları iflas dövrünü yaşayır. Son zamanlar heç bir müstəqil araşdırmaçının yazısına rast gəlinmir? Jurnalist adi "JEK” rəisini tapa bilmirsə, daha nədən danışırıq? Ərazi nümayəndələrinin hasarı üç metrdən hündürdür, amma jurnalistlər mühafizəçilərin əlindən

hasarın 100 metrliyinə də yaxınlaşa bilmir. Belə halda biz hansı mətbuatdan, hansı araşdırmadan danışaq? Bu qədər problem var ikən, ixtisaslaşmanı qabartmağın mənası yoxdur. Hesab edirəm ki, ixtisaslaşma, peşəkarlıq və s. zamanla həlli mümkün olan məsələdir”.

(davamı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb