Jurnalist Kəlbəcərə getmək istəyir, amma...
Erməniyə yas tutan Minsk Qrupu həmsədri Uorlikdən cavab gəlməyəcək
Kəlbəcər rayonundan məcburi köçkün Elxan Salahov ABŞ, Rusiya və Fransanın dövlət başçılarına müraciət ünvanlayıb. Doğma yurd-yuvasının işğalı nəticəsində 22 ildir məcburi köçkün həyatı yaşayan Elxan Salahov qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində belə bir müraciət etməklə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarını Dağlıq Qarabağ münaqişəsinin həlli üçün işğalçı Ermənistana ciddi təsir etməyə çağırıb.
Müəllif müraciətində ata-baba torpağına - Kəlbəcərə ziyarətə getmək istədiyini, lakin öz torpağında erməni silahlı qüvvələrinin hücumuna məruz qalacağı təhlükəsini nəzərə alaraq təhlükəsizliyinə zəmanət verilməsini xahiş edir. Müraciətdə həmçinin ötən ilin yayında Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasına yardımçı olmaları istənilir.
Xatırladaq ki, müraciət ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirliklərinə göndərilib.
Əslən Şuşadan olan jurnalist Bəxtiyar Məmmədli deyib ki, həmkarı Elxan Salahovun bu müraciəti Qarabağın işğaldan azad olunması istiqamətində aparılan vacib və maraqlı aksiyadır: "Hesab edirəm ki, bu aksiya geniş şəkildə aparılmalı və kampaniyaya çevrilməlidir. Çünki yüzlərlə belə ünvanlanan müraciətə ATƏT və digər beynəlxalq qurumlar, ayrı-ayrı dövlət başçıları biganə yanaşa bilməz. Ermənilərin qondarma soyqırımını tanıyan bəzi dünya dövlətləri, bizim də haqq səsimizi eşitməlidir. Hər bir məcburi köçkünün haqqıdır ki, öz doğma ata-baba yurduna getsin, heç bir beynəlxalq hüquqa əsaslanan sənəd bunun qarşısını almır. Belə olan halda biz niyə bu fürsətdən istifadə etməməliyik? Əgər erməni erməniliyindən əl çəkmirsə, biz niyə öz haqqımızı istəməməliyik? Ancaq bu məsələlərdə təəssüf doğuran yerli televiziyaların biganəliyidir. Hansısa bir şou proqram olsa, onu durmadan dövriyyə etdirərdilər. Bu günlərdə bölgədə olan siyasi gərginlik mühitində belə dövlət maraqlarına söykənən hər bir aksiyaya dəstək verilməlidir”.
B.Məmmədlinin sözlərinə görə, bu müraciətə cavab olmasa belə, həmkarımız öz vətəndaşlıq borcunu yerinə yetirib: "ATƏT-in həmsədri olan ölkələrin dövlət başçıları bu müraciətə cavab verməyəcəklər, yalnız səfirlik səviyyəsində "müraciətinizi aldıq” cavabı olacaq. Erməniyə yas tutan Minsk Qrupu həmsədri Uorlikdən isə cavab gəlməyəcək. Digər həmsədrlər də onun kimi, 20 ildən çox başımızın altına yastıq qoyan bu ölkələr ancaq və ancaq Ermənistanın mövqeyini müdafiə edir. Bizim isə ümidimiz Azərbaycan Ordusunadır”.
Digər jurnalist həmkarımız Naibə Qurbanova da Elxan Salahovun bu müraciətini müsbət addım kimi dəyərləndirib: "Ən azından illərdir həll olunmayan bir münaqişəyə diqqət çəkmək üçün
vasitədir. Bunu aksiyaya çevirməyin tərəfdarıyam və bu müraciətə bütün qarabağlı jurnalistlərin qoşulmasını istərdim”.
N.Qurbanova da hesab edir ki, Elxan Salahovun müraciəti cavabsız qalacaq: "Bizim haqq səsimiz beynəlxalq aləmdə heç vaxt eşidilməyib. Bəlkə də başqa millətlərdən olsaydılar, şablon da olsa bir cavab olardı, amma real olaraq hər hansı cavab gözləmirəm. Bununla belə, davamlı olarsa və dəstək verilərsə, nəticə olar deyə düşünürəm”.
Elxan Salahovun müraciətini yüksək dəyərləndirən millət vəkili Aqil Abbas da hesab edir ki, bütün media nümayəndələri bu aksiyaya qoşulmalıdır. "İçi mən qarışıq bütün jurnalistlər bu cür müraciətlər ünvanlamalıdır. Belə bir müraciətin edilməsi müsbət haldır. Amma bir məsələ var ki, ermənilərdən gələcək hansısa təhlükənin qarşısını almaq üçün supergüclərə müraciət etməyin heç bir mənası yoxdur. Dağlıq Qarabağ və ətraf rayonları ermənilər işğal etməyib ki? Əgər torpaqlarımızı alan ermənilər olsaydı, indi çoxdan əllərindən almışdıq. Qarabağı Azərbaycandan alıb, Ermənistana verən elə ABŞ, Rusiya və Fransadır. Onlar heç bir Azərbaycan vətəndaşının işğal olunmuş torpaqlarımıza səfəri üçün təhlükəsizliyə təminat verməzlər. Çünki bizim üçün təhlükə törədən elə özləridir. Hətta biz o təhlükəsizlik təminatını ermənilərdən ala bilərik, amma onlardan almaq olmaz”.
E.Salahovun ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarını Dağlıq Qarabağ münaqişəsinin həlli üçün işğalçı Ermənistana ciddi təsir etməyə çağırmasına toxunan millət vəkili deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları elə torpaqlarımızı işğal edənlərin özləridir: "Təcrübəli bir jurnalist olaraq, Elxan Salahov bilməlidir ki, Minsk Qrupu Azərbaycanın başının altına yastıq qoymaq üçün yaradılan bir təşkilatdır. Onların məqsədi yeyib-içib gəzməkdir. Biz ümumiyyətlə həmin formatın ləğvinə və prosesin Türkiyə, Pakistan kimi bizə dost, qardaş olan ölkələrin nəzarətinə keçməsinə nail olmalıyıq”.
Şəymən