Jurnalist məhkəmədən ədalətli qərar gözləyir - Fotolar

“Atam 504 gün komada qaldı, məhkəmə isə maddi zərər kimi 23 min manat təzminat hökmü verdi”İmdad Əlizadə: “Halbuki mən 166 min manatın bütün qəbzlərini hakimə təqdim etmişdim, onların hamısı işə tikilmişdi. Buna baxmayaraq, hakim heç bir arqumentə dayanmayan qərar çıxardı”
2016-cı il fevralın 14-də AZAL-ın işçisi Seymur Vidadi oğlu Qarayev idarə etdiyi "GAC” markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu piyada keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub. Qəzaya məruz qalanlardan biri - Əliəsgər Talıbov bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb. Ancaq qəza anından koma vəziyyətinə düşən Əli Əliyev isə 504 gün ərzində paytaxtın müxtəlif klinikalarında müalicə olunub. Komadan ayılmayan Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Seymur Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilməyib, heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi, tanınmış jurnalist İmdad Əlizadənin mülki iddiası qismən təmin edilib. Məhkəmə onun 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatını təmin edib. Hökmdən narazı qalan İmdad Əlizadə apellyasiya şikayəti verib. Jurnalist Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, Seymur Qarayevin cəzasının ağırlaşdırılmasını istəyir. İmdad Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edir.
Məsələ ilə bağlı "Şərq”ə danışan tanınmış jurnalist İmdad Əlizadə deyib ki, onun əsas şikayəti Nərimanov Məhkəməsinin qərarı ilə bağlıdır. Jurnalist ümid edir ki, Apelyasiya Məhkəməsi bu ədalətsiz qərarı ləğv edəcək: 
"Məhkəmə işinə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxıldı. Mən iş üzrə zərərçəkmişin həm hüquqi varisi, həm də mülki iddiaçı idim. Şikayətim iki hissədən ibarət idi. Birincisi, sürücü bu hadisəni törətdiyi üçün mühakimə olunurdu, ikincisi isə mənim qaldırdığım mülki iddiaya baxılırdı. Sürücü Qarayev Seymur Vidadi oğlunun hadisədə günahkar olduğu istintaq zamanı əldə olunmuş mötəbər və maddi sübutlar, eyni zamanda digər zərərçəkmiş şəxs - Ələsgər Talıbovun ifadəsi və ən əsası isə sürücü Seymur Qarayevin özünün etirafları sayəsində təsdiqini tapıb. S.Qarayev Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə Nərimanov rayon Məhkəməsində ittiham olunurdu. Bu iş üzrə ən ağır cəza 6 ilə qədər azadlıqdan məhrum etmədir. Ancaq burada incə nüans var. Əgər cəza 5 il və ondan artıq olsaydı, təqsirləndirilən şəxs İslah Əmək Cəzaçəkmə Müəssisəsinə gedəcəkdi. Yox əgər ona verilən cəza 5 il və ondan az olsaydı, S.Qarayev cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkəcəkdi. Prokuror Yusifzadə məhkəmədən 5 il 6 ay cəza istədi. Əslində ilk baxışda bu cəza çox normaldır. Əgər maksimum 6 il cəza nəzərdə tutursa, prokurorun da 5 il 6 ay cəza istəməsi normaldır. Çünki prokuror 6 il iş tələb etsə, bunun qərəzli olduğunu zənn edə bilərlər. Ona görə də mən prokurorun istədiyi cəzadan narazı qalmadım. Ancaq hökm verilmə hissəsində hakim təqsirləndirilən şəxsə 5 il cəza istədi. Qeyd edim ki, vaxtı ilə S.Qarayevi bu hadisəyə görə 48 polis idarəsində saxlamışdılar. Ona görə də cəzadan iki sutkanı çıxaraq konkret olaraq 4 il 11 ay 28 gün cəza verdilər. Beləliklə S.Qarayev Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə düşdü. Məncə, bu qərar şeytani bir qərardır. Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində müəyyən güzəştlər var. Ona verilən cəza faktiki olaraq, bu adamın azadlıqda gəzməsi qədər yüngül bir cəzadır. Biz bu qərardan çox narazı qaldıq. Qətiyyən bununla barışa bilməzdik, ona görə də apelyasiya şikayəti verdik. Hazırda Bakı Apelyasiya Məhkəməsində şikayətə baxılır. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə indiyə kimi bir neçə proses olub. Növbəti proses isə martın 29-na təyin edilib”.
İ.Əlizadə bildirib ki, onun mülki iddiası 166 min manatdan ibarətdir:
"İlk baxışda bu rəqəm çox böyük görünür. Bəlkə də bu prosesdən məlumatı olmayan adamlar fikirləşirlər ki, bu rəqəm havadan götürülüb. Lakin məbləğ tam realdır və 4 xəstəxanaya xərclənmiş vəsaitdir. Yəni 9 günlük 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko”), 7 ay Mərkəzi Klinik Xəstəxanada, 8 ay 17 gün "Avrasiya” hospitalda, 1 ay Bakı Sağlamlıq Mərkəzində çəkilmiş ümumi xərcin hesabıdır. Bizim ailəmiz, bütün qohum-əqrəbamız 504 gün ərzində min əzab-əziyyət çəkməyimizə baxmayaraq, mən S.Qarayevdən buna görə yalnız 15 min manat mənəvi ziyana görə kompensasiya tələb etmişəm. Halbuki bizə dəymiş mənəvi zərəri milyonlarla manatla belə ödəmək mümkün deyil. Sərf olunan məbləğdən 126 min 930 manatının qəbzini Nərimanov Rayon Məhkəməsində hakimə şəxsən təqdim etmişəm”.
Jurnalist bəyan edib ki, Mərkəzi Klinik Xəstəxanadan 68 min 881 manat, Avrasiya Hospitalından isə 59 min 50 manatın çekini onlara veriblər. Hakim isə heç bir qanuna, hüquqi akta istinad etmədən, hansısa arqument gətirmədən 166 min manatlıq mülki iddianın yalnız 23 min manatının təmin edilməsi barədə qərar çıxarıb: 
"Onun 20 min manatı maddi ziyana görə, 3 min manatı isə mənəvi zərərə görədir. Halbuki mən 166 min manatın bütün qəbzlərini hakimə təqdim etmişdim, onların hamısı işə tikilmişdi. Eyni zamanda vəsatət qaldırmışam ki, hakim atamın yatdığı xəstəxanalara sorğu göndərsin və ora sərf olunan vəsait barədə məlumat alsın. Buna baxmayaraq, hakim heç bir arqumentə dayanmayan qərar verdi. Həmçinin, hakim proses zamanı rəqəmləri saxtalaşdırdı. Atamı maşınla vurub 504 gün ərzində komaya salmış şəxs müalicə müddəti ərzində yalnız 4000 manat pul xərcləyib. Hakim Samir Məmmədov isə hesab edir ki, həmin 4 min manat bizə dəymiş 151 manat maddi ziyanın "qismən” ödənilməsidir. Halbuki 4 min manat 151 min manatın heç 3 faizi də etmir. Hakimin məntiqinə görə, 504 gün komada qalmış şəxs və onun ailəsi cəmi 3000 manat mənəvi ziyan çəkiblər”.
İ.Əlizadə deyib ki, məcburi köçkün ailəsi olduqlarına görə, özəl xəstəxanaların xərclərini yalnız xeyirxah insanların, dostların, yaxınların köməyi ilə ödəyə biliblər:
"Atam komada qaldığı müddətdə iki dəfə xeyriyyə aksiyası keçirməyə məcbur olduq. 504 gün ərzində Seymur Qarayevin mənəvi dəstəyini də görmədik. Müalicəyə kömək məqsədi ilə 2 dəfə atamın "54 gün erməni mühasirəsində” kitabının satış aksiyasını keçirdik. 3 gün ərzində keçirilən aksiyada təqsirləndirilən şəxsin ailə üzvlərindən, qohumlarından heç kim iştirak etmədi. Bir kitab belə almadılar. Atam Avrasiya Hospitalında ağır beyin əməliyyatı keçirdi. Bir dəfə olsun onların ailəsindən gəlib demədilər ki, necəsiz, nəyə ehtiyacınız var”.
İ.Əlizadənin sözlərinə görə, Seymur Qarayevin məsləhətçiləri ilk gündən məhkəmə prosesinə hazırlıq görürlərmiş: 
"Onların mənim atamı müalicə etdirmək niyyəti əvvəlcədən olmayıb. Hakim 4 min manatı 166 min manatın qismən ödənməsi sayanda o zaman bildim ki, bu proses əvvəlcədən planlaşdırılmış işdi. Onlar əvvəlcədən bilərəkdən müəyyən məbləği ödəyiblər. Bundan başqa prokurorun iş istəməsi və hakimin sonrakı qərarı da düşünülmüş addımlar idi. Ona görə də hesab edirəm hakim Samir Məmmədov Azərbaycan qanunlarını ayaq altına atıb tapdayıb. Hakimin qərarı təqsirləndirilən şəxsin tam xeyrinədir və birbaşa onun mənafeyinə xidmət edir. Fikrimcə, hakim təqsirləndirilən şəxslə əlbir olub və bu cür ədalətsiz hökm çıxarıb”.
Vurğulayaq ki, zərərçəkmişin hüquqi varisi məhkəmə qarşısında 3 vəsatət qaldırıb. Yazılı şəkildə vəsatətləri məhkəməyə təqdim edən İmdad Əlizadə təqsirləndirilən Seymur Qarayev barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəyib. 
Digər vəsatətdə isə o qeyd edib ki, hadisə baş verən zaman Seymur Qarayevin ya narkotik maddənin təsiri altında, ya sərxoş vəziyyətdə olması, yaxud telefonla danışması ehtimalı var: "İndiki halda təqsirləndirilən şəxsin həmin vaxt narkotik maddələrin təsiri altında olub-olmamasını, yaxud spirtli içki qəbul edib-etməməsini müəyyənləşdirmək mümkün deyil. Ona görə də məhkəmədən xahiş edirəm ki, qəzanın baş verdiyi ərazinin 2016-cı ilin fevral ayının 14-ü səhər saatlarına olan lokasiyasının çıxarılması üçün mobil operatorlara sorğu göndərilsin. Əgər ərazinin lokasiyası əldə olunsa, Seymur Qarayevin qəza baş verən zaman telefonla danışıb-danışmadığını müəyyənləşdirmək mümkün olar. Biz bilmək istəyirik ki, hadisə baş verən zaman Seymur Qarayev telefonla danışırdı, ya yox”. İmdad Əlizadə sonuncu vəsatətində bildirib ki, təqsirləndirilən Seymur Qarayev eynəkdən istifadə edir: "Həmçinin onun sürücülük vəsiqəsi də var. Düşünürük ki, o, sürücülük vəsiqəsi alan zaman dövlət orqanlarını aldadıb. Məhkəmədən xahiş edirik ki, Seymur Qarayevin görmə qabiliyyətinin gecə, havanın qaranlıq olduğu zaman avtomobil sürməsinə imkan verib-vermədiyini müəyyənləşdirmək üçün ekspertiza təyin edilsin. Lakin məhkəmə vəsatətləri təmin etməyib".
İmdad Əlizadə qeyd edib ki, yol-nəqliyyat hadisəsindən sonra təqsirləndirilən Seymur Qarayev onu dəfələrlə aldadıb: 
"Hətta bu gün də dostlar və qohumlar buna görə məni qınayırlar. Onlar həmişəki kimi deyirlər ki, sən niyə Seymur Qarayevlə yumşaq davranırsan? Seymur Qarayev də mənim onunla yumşaq davranmağımdan istifadə edir. Mənim bu günə qədər "Avrasiya” hospitalına 11 min 270 manat borcum qalıb. Həmin borcların da yaranmasına səbəb Seymur Qarayev oldu. Çünki mənə hər dəfə deyirdi ki, "pulu gətirirəm, yoldayam”. Amma hər dəfə yalançı çıxırdı”.
İsmayıl