Yadigar Məmmədli: “KİV-lərin inkişafına nail olmaq üçün onların iqtisadi imkanlarını artırmaq lazımdır”
Jurnalist təşkilatlarının fəaliyyəti zəifləyib
Azər Həsrət: “Görülən işlər və göstərilən qayğılara rəğmən bizim hələ də çox ciddi problemlərimiz qalmaqdadır”
Yadigar Məmmədli: “KİV-lərin inkişafına nail olmaq üçün onların iqtisadi imkanlarını artırmaq lazımdır”
Yadigar Məmmədli: “KİV-lərin inkişafına nail olmaq üçün onların iqtisadi imkanlarını artırmaq lazımdır”
Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları jurnalistlərin müəyyən problemlərinin həlli istiqamətində lazımınca işlərin görüldüyünü bildirirlər.
Biz də ölkəmizdəki jurnalist təşkilatlarının nə dərəcədə effektiv çalışdığını və konkret hansı nəticələr əldə etdiyini araşdırmağa çalışdıq. Onu da deyək ki, Azərbaycanda dövlət qeydiyyatından keçmiş 50-dən çox jurnalist təşkilatı olsa da, onların əksəriyyətinin fəaliyyəti reallıqda hiss olunmur. Belə qurumların bəziləri aradabir hansısa əlamətdar tarixlə bağlı tədbir keçirməklə, digərləri öz marağı naminə layihə reallaşdırmaqla işini bitmiş hesab edir.
(... Əvvəli ötən sayımızda)
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) sədri Azər Həsrət jurnalist təşkilatlarında baş alıb gedən "şəxsiyyətə pərəstiş”dən şikayətlənib: "Bizdə hər hansı bir jurnalist təşkilatlarının fəaliyyətinin az olması, ya da heç olmaması onların rəhbərlərindən asılıdır. Təşkilat üzvləri qarşıya qoyulan problemlə yaxından maraqlanmır. Bütün yük rəhbərin üzərinə düşür. Kifayət qədər təcrübə var ki, hər hansı bir təşkilat rəhbəri istefa verəndə həmin birlik bağlanır. Çünki rəhbəri əvəz etmək, onun yerini tutub təşkilatı idarə edə biləcək bir kadr tapılmır. Bu problemi aradan qaldırmaq lazımdır”.
Əslində bu məsələyə münasibət bildirməyin o qədər də asan olmadığını vurğulayan A.Həsrət deyib ki, aydın məsələdir ki, insan istədiyi kimi yüksək səviyyəli fəaliyyətə hər zaman nail ola bilmir. Hər nə qədər uğurların olsa da, ən yaxşısı olmaq üçün çalışırsan. Bu baxımdan deyə bilərəm ki, Azərbaycanda jurnalist təşkilatlarının fəaliyyəti o qədər də qənaətbəxş deyil. Xüsusən də inkişaf etmiş ölkələrin jurnalist təşkilatlarının fəaliyyəti, hətta Rusiyada fəaliyyət göstərən jurnalist təşkilatlarının fəaliyyəti ilə müqayisədə xeyli geridə qalıb. Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatlarından birinin rəhbəri olaraq, deyə bilərəm ki, biz jurnalistlər üçün yetərincə təşkilatçılıq edə bilmirik. Bunun da bir sıra obyektiv səbəbləri var. Belə ki, müqayisə üçün Rusiyanı götürsək, oradakı jurnalistlərin imkanları daha çoxdur, nəinki bizdə. Rusiyada fəaliyyət göstərən jurnalist ittifaqlarının böyük binası, əmlakı var, yəni fəaliyyət imkanları kifayət qədər genişdir. Bu da ki, sovet dövründən qalan bir ənənədir. Bizdə isə bu imkanlar yetərincə deyil, müəyyən məhdudiyyətlər var. Biz adi bir ofisi tutmaq üçün çətinlik çəkirik. Çünki Azərbaycanda jurnalist təşkilatlarına üzv olan jurnalistlər adi bir üzvlük haqqını ödəməkdə çətinlik çəkir. Bu sahədə meyl çox azdır. Həmçinin ölkədəki iş adamları da jurnalist təşkilatlarına o qədər yaxın durmurlar, sponsorluq və ya hansısa ianələrin verilməsi baxımdan. Eyni zamanda, beynəlxalq təşkilatlar da Azərbaycanda fəaliyyət göstərən əksər yerli təşkilatlarla
işləməkdə maraqlı deyil. Donorluq edən təşkilatlar da seçim edirlər. Yəni onlar hansısa bir təşkilata maliyyə ayıracaqsa, həmin təşkilat mütləq hakimiyyəti tənqid etməlidir. Bir sözlə, bu cür obyektiv səbəblərdən Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları öz fəaliyyətlərini arzuolunan səviyyədə qura bilmirlər. Ancaq bununla belə "jurnalist təşkilatları işləmir”, demək də doğru deyil. Jurnalist təşkilatları beynəlxalq aləmdə kifayət qədər tanınır və qəbul da olunur. Əslinə qalsa, bu cür çətin imkanlara baxmayaraq beynəlxalq səviyyədə qəbul olunmaq bizim ən böyük uğurumuzdur”.
Bütün bu çətinliklərə və problemlərə baxmayaraq, təşkilatların Azərbaycan mediasının inkişafına kifayət qədər töhfə verdiyini vurğulayan A.Həsrət deyib ki, illər uzunu jurnalist təşkilatları maarifləndirmə, yaxud da hüquq müdafiə xarakterli tədbirlər keçirir. Faktiki olaraq, mediaya dövlət qayğısı, jurnalistlərin sosial problemlərinin həll olunması istiqamətində atılan addımlar da bu fəaliyyətlərin nəticəsidir. Bu gün Azərbaycanda çox maraqlı bir tendensiya yaranıb ki, media və dövlət bir-biri ilə dil tapa bilib. Bu əməkdaşlıq nəticəsində də Azərbaycan mediası bir çox problemlərin həllinə nail olub. Ancaq bu hələ də "bizim heç bir problemimiz yoxdur”, anlamına gəlməməlidir. Təbii ki, görülən işlər və göstərilən qayğılara rəğmən bizim hələ də çox ciddi problemlərimiz qalmaqdadır. Və dövlətimizə güvənərək tez bir zamanda bütün bu problemlərin də öz həllini tapacağına inanırıq.
Əsas odur ki, artıq biz problem axtarmırıq, mövcud problemlərin həlli yollarını axtarırıq. Müəyyən mənada problemlərimizin həlli üçün biz dövlətdən dəstək umuruq. Halbuki əslinə qalanda dövlətin bizə borcu yoxdur. Çünki bu bir biznesdir və hər bir təşkilat öz uğurlarını özü əldə etməlidir. Sadəcə, dövlət bu sahədə keçid dövrü olduğunu nəzərə alaraq, media qurumlarına və jurnalist təşkilatlarına yardımçı ola bilər. Əslinə qalsa, Azərbaycandakı kimi redaksiyalara maliyyə ayrılması, ev verilməsi kimi məsələlər hər dövlətdə rast gəlinməyən hallardır. Ancaq mediamız ayaq tutub, yeriməkdə çətinlik çəkdiyinə, həm də mediamıza bir sıra yeni texnologiyalar daxil olduğuna görə, biz bəzi çətinliklərlə üz-üzə qalırıq.
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli isə Azərbaycanda dövlət qeydiyyatlı media təşkilatlarının az olmadığı qənaətindədir: "Qeyri-hökumət təşkilatları sovet dövründəki kimi iki cüt-bir tək ola bilməz ki? O zaman bir-iki belə qurum vardı. Hamı da inkubator kimi yalnız onlara üzv olmalı idi. Bu da jurnalistlərə hansısa imtiyazlar verirdi. Amma hazırda jurnalist təşkilatları başqa məqsədlə yaradılır, konkret missiya, istiqamət üzrə qurulur. Təbii ki, indiki halda jurnalist təşkilatlarının fəaliyyəti bizi qane edə bilməz. Jurnalist təşkilatları da jurnalistlərdən təşkil olunur. Odur ki, jurnalist təşkilatlarının effektiv nəticələr verməsi üçün ilk növbədə jurnalistlər bu ittifaqlara maraqlı olmalıdırlar”.
Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatlarının passiv fəaliyyətinin bir mənada təbii olduğunu deyən Y.Məmmədli bildirib ki, birmənalı şəkildə bütün təşkilatlardan aktiv fəaliyyət gözləmək də doğru deyil. Jurnalist təşkilatlarının uğursuz fəaliyyətinə görə kimlərisə ittiham etmək doğru olmazdı. Çünki hər şey ümumi vəziyyətdən qaynaqlanır.
Təbii ki, bu sahədə fəaliyyət göstərən təşkilatların hər biri müəyyən işlər görməyə çalışırlar. Sadəcə, dəstəyi olanlar geniş şəkildə fəaliyyət göstərə bilir, imkanları zəif olanlar isə daha məhdud çərçivədə fəaliyyət göstərirlər.
Y.Məmmədlinin sözlərinə görə, jurnalist təşkilatlarının həyata keçirdikləri layihələr çərçivəsində çoxlu treninqlər, konfranslar təşkil olunurdu ki, son zamanlar bunların sayı azalıb. Bu da öz növbəsində ümumi işin gedişinə mənfi təsir göstərir: "KİVDF media qurumlarının inkişafı üçün kifayət qədər dəstək göstərir ki, bu da uğurlu nəticələrə rəvac olur. Azərbaycanın donor təşkilatları jurnalist ittifaqlarına maliyyə dəstəyi göstərmədiyi üçün bu sahədə müəyyən problemlər qalır. Jurnalist təşkilatları QHT-lərə Dövlət Dəstəyi Şurasından qismən maliyyə dəstəyi alır. Hesab edirəm ki, jurnalist ittifaqlarının maliyyə imkanları artırılsa, bu sahədə də müəyyən inkişafa nail olmaq olar”.
Liqa rəhbərinin sözlərinə görə, jurnalistikanın əsas problemlərindən biri jurnalistlərin informasiyanı ilkin mənbədən almaq imkanları və reklam bazarının məhdud olmasıdır: "Hesab edirəm ki, KİV-lərin inkişafına nail olmaq üçün onların iqtisadi imkanlarını artırmaq lazımdır. Jurnalist təşkilatlarının medianın inkişafı üçün görə biləcəyi əsas iş media bazarının optimallaşdırılmasıdır. Təəssüf ki, bu gün mediamızda yayım bazarının zəifliyi, reklam və satış kimi problemlər hələ də var. İlk növbədə bunları aradan qaldırmalıyıq ki, Azərbaycan mediasının beynəlxalq aləmlə ayaqlaşması üçün yolumuz açıq olsun.
Bu kimi problemlər öz həllini tapdığı təqdirdə jurnalist ittifaqlarının fəaliyyətində də müəyyən qədər canlanmalar hiss olunacaq. Çünki istənilən halda jurnalist təşkilatları da media cameəsinin bir üzvüdür.
DJL sədri deyib ki, "media nə qədər zəif olsa, cəmiyyətdə jurnalist təşkilatlarının rolu da bir o qədər artar” kimi yanaşmalar doğru deyil: "Bizdə hüquqları pozulan jurnalistləri çalışdığı orqanın rəhbərliyi müdafiə edir. Bizim qəzet rəhbərləri bu sahəyə sadəcə biznes sahəsi kimi yanaşmır deyə jurnalistlərlə bir növ həmkar münasibətlərində olurlar”.
Y.Məmmədli jurnalist ittifaqlarının yaradılmasının medianın daha da demokratikləşməsindəki əhəmiyyətindən söz açıb: "Jurnalist ittifaqlarının sayı çox olsa, fəaliyyətləri güclənsə, bu həm medianın, həm də cəmiyyətin demokratikləşməsinə gətirib çıxaracaq”. Liqanın sədri rəhbərlik etdiyi qurumun vaxtaşırı mətbuatın mövcud durumu, problemləri ilə bağlı monitorinqlər aparıldığını və nəticələrin mətbuatda işıqlandırıldığını qeyd edib.
Davamı olacaq...
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb