Jurnalistin döyülməsinə REAKSİYA: "Qanun qarşısında cavab verməlidirlər"






Xəbər verdiyimiz kimi, dünən səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə "unikal.org"un əməkdaşı Famil Fərhadoğlu (İbrahimov) döyülüb. Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan həmkarımız F.Fərhadoğlu nazirlik işçilərinin hücumuna məruz qalıb. F.Fərhadoğlu üz və qol nahiyyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb. Hadisə ilə bağlı KİV-lərdə xəbər yayımlandıqdan sonra Səhiyyə Nazirliyi dərhal açıqlama verib. Nazirlik baş verənlərin mərhum nazir müavininin qohumları tərəfindən törədildiyini bildirib.

Məsələyə münasibət bildirən Parlament Jurnalistlər Birliyinin sədri, "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı "Sherg.az"a açıqlamasında qeyd edib ki, hər hansı məmur və yaxud adi vətəndaşın jurnalistin fəaliyyətinə maneçilik törətməsi qanuna ziddir. Baş yazar diqqətə çatdırıb ki, bu cür pozuntulara yol verən şəxslər cinayət məsuliyyəti daşıyır:

"Bu hadisəni zamana bölmürəm. İstər seçki ərəfəsi olsun, istərsə də adi günlər, jurnalistlərə qarşı həmişə hörmətsizlik olunur. Həmin şəxslər düşünürlər ki, jurnalistika bərbad gündədir. Açığı, "jurnalistlər"in ortaya çıxması peşəkarlara da şübhə ilə yanaşmanı formalaşdırdı.

Digər tərəfdən, jurnalistlərə qarşı belə addımların atılması tənqid olunmalıdır. Bir müddət əvvəl AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun əməkdaşımızı təhqir etməsi bütün jurnalistlərin etirazına səbəb oldu. Sonda həmin şəxs səhvini etiraf edərək, üzr istədi. Amma bu cür hadisələr tək üzr istəməklə həll olunan problem deyil. İnsanlar anlamalıdır ki, jurnalistlər heç kimə ziyan vurmur. Hətta qaranlıq qalan bəzi məqamları gün üzünə çıxarırlar”.

Cəmiyyətdə jurnalistlərə qarşı mənfi tendensiyanın müşahidə olunduğunu vurğulayan E. Eyvazlı Prezident İlham Əliyevin media nümayəndələri haqqında düşüncələrini xatırladıb:

"Ölkə başçısı açıqlamalarında dəfələrlə qeyd edib ki, jurnalistlər mənim köməkçilərimdir. Buradan çıxış edərək deməliyik, jurnalistin təhqir olunması, döyülməsi həm də prezidentin iradəsinə qarşı atılan addımdır. Qələm əhlini qarşı təhqir edənlər və ya onlara zor tətbiq edənlər qanun qarşısında cavab verməlidirlər. Belə olarsa, hər şey axarına düşər, etiraz doğuran hadisələr təkrarlanmaz.

Jurnalistlər dünyanın hər hansı bir ölkəsində məmurlar tərəfindən sevilən təbəqə deyil. Çünki onların işi məmurların nöqsanlarını, məsuliyyətsizliyini üzə çıxarmaqdır. Bu baxımdan, jurnalistika dünyanın hər yerində çətin peşə hesab olunur. Xüsusi dəstəyi olan, böyük məmurlar tərəfindən təmin edilən "reket" jurnalistlərin meydan suladığı bir dövrdə peşəkar jurnalistlərə qarşı zorakılıq halları ilə çox qarşılaşacağıq”.

Qeyd edək ki, ilkin araşdırmalara görə,  F.Fərhadoğlunu döyən şəxs Milli Məclisdə şöbə müdiri vəzifəsində çalışmış mərhum Təyyar Paşayevin oğludur. Hazırda T.Paşayevin həyat yoldaşı Səhiyyə Nazirliyində yüksək vəzifədə çalışır. Məsələ ilə bağlı araşdırmamızı davam etdirəcəyik.

Ayyət Əhməd