Jurnalistlər ekstremal vəziyyətlərə hazır deyillər

İdrak Abbasov: “Mütləq press gödəkçələr olmalı, həyatları sığortalanmalıdır”
Zeynal Məmmədli: “Təcrübəsiz jurnalisti təhlükəli yerlərə göndərmək hazırlıqsız əsgəri ön cəbhəyə göndərmək kimi bir şeydir”


Yadigar Məmmədli: "Belə şəraitlərdə jurnalistlərimiz kifayət qədər peşəkarlıq göstərə bilmirlər”

(... əvvəli ötən sayımızda)

Kütləvi informasiya vasitələri müasir cəmiyyət həyatında kifayət qədər əhəmiyyətli rol oynamaqda, bəzən hadisələrin inkişaf istiqamətini yönləndirən əsas tərəflərdən biri kimi çıxış etməkdədir. İlk növbədə ona görə ki, insanların psixologiyasına, onların həyat tərzinin inkişafına bu gün media qədər təsir göstərən ikinci bir vasitə tapmaq çətindir. Bu mənada heç bir şübhə yoxdur ki, böhranlı, ekstremal vəziyyətlərdə jurnalistikanın kütləvi şüura təsiri daha böyük interferensiya gücünə malik olur.

Çünki belə vəziyyətlərdə insanlar daha çox informasiya əldə etməyə can atır, vaxt və imkan məhdudiyyəti olduğundan isə onların bu informasiyaların nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqləşdirməsi arxa plana keçir.

Deməli, ekstremal hallarda səhih məlumatların çatdırılması, obyektiv, qərəzsiz, ucuz sensasiyadan uzaq informasiyaların cəmiyyətə verilməsində jurnalistin məsuliyyəti, belə demək mümkünsə, birə beş artır. Bu mənada o da təsadüfi deyil ki, son illərdə ekstremal jurnalistikaya, onun öyrənilməsinə diqqət daim artan xətt üzrə inkişaf edib.

Ötən həftə Binəqədi rayonundakı çoxmərtəbəli binada baş verən yanğın zamanı hüquq-mühafizə orqanları ilə yanaşı, jurnalistlər də gərgin işləsələr də, medianın işi bir çoxları tərəfindən tənqid olundu. Baş verən faciənin işıqlandırılmasında medianın kifayət qədər yanlışlıqlara yol verdiyinə dair fikirlər səsləndirildi.
Səbəb də faciə ilə bağlı həqiqətə uyğun olmayan xəbərlərin yayılması ilə əlaqədar olub. Bu da baş verən faciə fonunda "jurnalistlər ekstremal şəraitdə nə etməli” sualını gündəmə gətirib.
Bəs, jurnalistlər gerçək hadisələr barədə ictimaiyyəti operativ qaydada necə məlumatlandırmalıdır? Media hadisə yerindən verdiyi informasiyalarla yanaşı, cəmiyyətdə yüksək həddə çatan təşvişin, gərginliyin qarşısını almaq üçün hər hansı maarifçilik işini görə bilərmi?
Media ekspertləri və jurnalistlər Azərbaycan reportyorlarının ekstremal şəraitdə iş aparmaları qaydalarının təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu deyirlər. Bəzi ekspertlər hesab edirlər ki, ekstremal şərait üçün jurnalistlər xüsusi olaraq yetişdirilməli və təlimlərdən keçməlidirlər. Amma bunun əksini söyləyənlər də var. Onların fikrincə, jurnalist iğtişaşlı meydanlarda iştirak edə-edə vəziyyətdən çıxmağın yolunu öyrənməlidir.

"Ekstremal jurnalistika” Birliyinin sədri İdrak Abbasov bildirib ki, dünya miqyasında indiyə qədər jurnalistlərin ekstremal şəraitdə işləməsi üçün xeyli işlər görülüb. Çoxlu kitablar yazılıb, vəsaitlər çap olunub: "İğtişaş kimi tədbirlər olan yerlərdə, müharibə gedən bölgələrdə jurnalistlərin işləməsi üçün daha ciddi tələblər keçərlidir. Məsələn, jurnalistlər mütləq press gödəkçələrlə təmin olunmalıdır. Onlar xüsusi qoruyucu dəbilqələrdən istifadə etməlidirlər. Eyni zamanda həyatlarının sığorta edilməsi olduqca önəmli məsələdir. Amma çox təəssüf ki, bizim redaksiyaların əksəriyyətində heç əməkdaşların adi sığortası belə yoxdur, nəinki təhlükəli yerlərdə həyatlarının sığortası. Məsələn, polis və ya hərbiçi işə götürüləndə ilk növbədə onların həyatları sığortalanır. Yəni həmin adamların başlarına bir hadisə gələndə onların ailələrinə kompensasiya ödənilir. Yaxud da ki, hər hansı xəsarət alanda dövlət hesabına onların müalicəsi üçün kompensasiya ödənilir. Amma hesab edirəm ki, məsələ birbaşa qanunla tənzimlənməlidir. Hər hansı redaksiya əməkdaşını tapşırığa göndərirsə, həmin jurnalistin bütün problemlərinin həllini öz üzərinə götürməlidir. Təbii bilirik ki, redaksiyaların maddi imkanı aşağıdır. Jurnalistin problemini təmin etmək çətindir. Ən azından MŞ hökumətlə birgə layihələr həyata keçirərək məsələni həll edə bilər. Eyni zamanda digər media hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar da jurnalistlərə ekstremal şəraitdə lazım olan vasitələr verərək, onlara əleyhiqazlar paylayaraq prosesə köməklik edə bilərlər”.

Jurnalist vurğulayıb ki, ekstremal vəziyyətlərdə işləyən jurnalistin sağlıq durumu nəzərə alınmalıdır: "O, yuxusuz qala bilər, yaxşı qidalanmaya bilər. Onun psixoloji durumu da mütləq nəzərə alınmalıdır. Bir də jurnalistin peşakarlığı əsas rol oynayır. Jurnalist təcrübəli olmalı və bilməlidir ki, hansı şəraitdə necə işləməlidir. Çünki hətta adi mitinqlərdə iştirak edən əyinində gödəkçəsi, fotoaparatı olan müxbir belə, hər hansı qıcıqlandırıcı hərəkət və ya sözü ilə tərəfləri qarşı-qarşı qoya bilər. Həmçinin, istənilən gərginlik anında jurnalist döyülə və xəsarət ala bilər”. İ.Abbasov qeyd edib ki, faktiki olaraq bu gün biz müharibə şəraitində yaşayırıq. Atəşkəs də hər gün pozulur. Cəbhə bölgəsində, düşmənə yaxın yerlərdə baş verən hadisələri çəkmək üçün tez-tez jurnalistlərimiz orda olurlar: "Mən özüm Rusiya-Gürcüstan müharibəsində olmuşam, çəkilişlər aparmışam. Yəni ekstremal şəraitin ən ciddi variantını yaşamışam. Müharibədə heç kimə güzəşt olmur. Silahdan çıxan güllə ayırmır ki, qarşımdakı əsgərdir və ya jurnalist. Savaş jurnalistinin xüsusi hazırlığı olmalıdır. Ancaq çox təəssüf ki, Azərbaycanın təhsil müəssisələrində jurnalistlərin ekstremal şəraiti ilə bağlı heç bir təlim prosesi yoxdur. Bunun üçün konkret tədris proqramları olmalıdır. Məsələn, Gürcüstan Rusiya ilə savaşda çoxlu sayda jurnalist itirdikdən sonra bu sahədə ciddi önləmlər aldı və xeyli iş gördü. Ölkənin Müdafiə Nazirliyi böyük bir hərbi bazaya müharibə şəraitində işləmək istəyən jurnalistləri topladı. Orda bir neçə sutka təlim xarakterli müharibə şəraiti yaradıldı və jurnalistlər həqiqi top səsi, mərmi səsi eşitdilər”.

Tanınmış media eksperti Zeynal Məmmədli qeyd edib ki, jurnalistlərin ekstremal situasiyada özlərini necə aparması ilə bağlı xüsusi hazırlıqları olmalıdır. Çünki ekstremal vəziyyətdə ən önəmli məsələ jurnalistin nümayişə qatıldığı təsvirini, görüntüsünü yaratmamaqdır: "Bəs jurnalist bunu necə etməlidir? İlk öncə onun xüsusi, gözəçarpan geyimi və ya press gödəkçəsi olmalıdır. Yəni geyim məhz polislər üçün anlaşıqlı olmalıdır. Jurnalistin qeydiyyatdan keçməsi və polisin fərqləndirməsinə kömək edən xüsusi geyim geyməsi çox önəmlidir. İkinci məsələ isə odur ki, jurnalistlər çox önəmli görüntü əldə etmək və ya kiminləsə dialoq qurmaq üçün nə etməlidirsə, maraqlı səhnələri necə kadra almalıdırsa, bunların hamısını öncədən keçdiyi hazırlıqda öyrənməlidir. Çünki bu iş, xüsusi istedad və bacarıq tələb edir. Reportyorları ciddi hazırladıqdan sonra ekstremal yerlərə göndərmək lazımdır. Təcrübəsiz jurnalisti təhlükəli yerlərə göndərmək hazırlıqsız əsgəri ön cəbhəyə göndərmək kimi bir şeydir. Bəhs etdiyimiz bu olaylar da jurnalistikanın "cəbhəsi” sayılır. Eyni zamanda jurnalist hazırlıqsız göndəriləndə birinci növbədə ciddi ziyan onun özünə dəyir və kənardan onu qorumaq mümkün olmur. Məsələnin daha ağır tərəfi də var ki, o da medianın gözdən düşməsidir. Medianın həmin olaylara qarışdığı görüntüsü sanki mətbuatın hadisədə marağı varmış kimi başa düşülür. Bax, məsələnin daha qorxulu və təhlükəli özəlliyi budur”. Ekspert deyib ki, jurnalistlərə ekstremal şəraitdə davranma üsulları xüsusi təlimlər vasitəsilə öyrədilməlidir. Təcrübəsiz jurnalistlər isə peşəkar reportyorların timsalında ekstremal situasiyada necə hərəkət etməli olduqlarını onlara baxa-baxa mənimsəməlidirlər: "Prosedur bu cür tənzimlənməlidir. Universitetlərdə jurnalistika tədrisində dərsliklərdə bunun yollarını yazırlar, təlimlərdə isə onu jurnalistlərə göstərirlər, yəni onlara tətbiq edirlər. Yaşada-yaşada yox, göstərə-göstərə öyrədirlər. Bu hal onlar üçün daha təhlükəsizdir. Düzdür, bəzi universitetlərdə və media qurumlarında təhlükəli hadisələr zamanı təcrübəsi olmayan jurnalistləri oraya aparırlar. Təbii ki, bu yanaşma təhlükə yaradır və özünü doğrultmur. Çünki olayları tam kontrolda saxlamaq mümkün olmur.

Məsələn, ola bilər ki, hadisə yerində münaqişədə sadəcə 5 nəfər iştirakçı olsun. Amma ətrafdan maraqlı kimsələr də olaya qarışır axı, tələbələr yığılır və s. Yəni meydanda başqa görüntü yaranır. Təlim görmüş jurnalist, bunları bir-birindən ayırmağı bacarır və özünü təhlükəyə atmır”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin sözlərinə görə, ekstremal vəziyyətdə, yəni bu istər kütləvi aksiyalar, mitinqlər olsun, istərsə də, hər hansı fövqəladə hallar, belə şəraitlərdə jurnalistlərimiz kifayət qədər peşəkarlıq göstərə bilmirlər. Bu da onunla bağlıdır ki, jurnalistlərimiz daha çox normal həyat şəraitində fəaliyyət göstərirlər: "Amma ekstremal vəziyyətlər ciddi hazırlıq tələb edən məsələdir. Birinci növbədə, jurnalist, heç bir halda özünü və əmanət aldığı texniki avadanlığı təhlükəyə məruz qoymamalıdır. Bizdə jurnalistlər elə fikirləşir ki, hansısa ekstremal vəziyyətdə ilkin xəbər əldə etməsi onun üçün daha önəmlidir. Əslində belə deyil. Jurnalist özünü təhlükəyə atmamalıdır. Yalnız mövcud şərait və şərtlər daxilində informasiya almağa çalışmalıdır. Məhz təzyiqə məruz qalan jurnalistlər tələb olunan şərtlərə əməl etmədikləri üçün müəyyən problemlər yaşayırlar və olayın qurbanına çevrilirlər. Bu da onu deməyə imkan verir ki, Azərbaycan jurnalistləri ekstremal şəraitə uyğun hərəkət etmirlər. Əgər hansısa jurnalist olaylarda çox mötəbər bir informasiya əldə edirsə və heç bir zədə almırsa, bu, onun qəhrəmanlığıdır. Çünki əldə etdiyi və yaydığı xəbər bütün dünyaya yayılır və jurnalist məşhurlaşır. Bu zaman onu heç kim qınamır. Amma əksinə, hadisə zamanı xəsarət alan jurnalist qınaq obyektinə çevrilir ki, sən niyə özünə təhlükə yaradırdın ki, bu olay da başına gəldi”.

(davamı olacaq...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb