Jurnalistlər getdikcə daha peşəkar olacaqlar
Ekstremal jurnalistika ilə bağlı təlimlər təşkil edilməlidir
(... əvvəli ötən sayımızda)
Kütləvi informasiya vasitələri müasir cəmiyyət həyatında kifayət qədər əhəmiyyətli rol oynamaqda, bəzən hadisələrin inkişaf istiqamətini yönləndirən əsas tərəflərdən biri kimi çıxış etməkdədir. İlk növbədə ona görə ki, insanların psixologiyasına, onların həyat tərzinin inkişafına bu gün media qədər təsir göstərən ikinci bir vasitə tapmaq çətindir.
Bu mənada heç bir şübhə yoxdur ki, böhranlı, ekstremal vəziyyətlərdə jurnalistikanın kütləvi şüura təsiri daha böyük interferensiya gücünə malik olur. Çünki belə vəziyyətlərdə insanlar daha çox informasiya əldə etməyə can atır, vaxt və imkan məhdudiyyəti olduğundan isə onların bu informasiyaların nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqləşdirməsi arxa plana keçir.
Deməli, ekstremal hallarda səhih məlumatların çatdırılması, obyektiv, qərəzsiz, ucuz sensasiyadan uzaq informasiyaların cəmiyyətə verilməsində jurnalistin məsuliyyəti, belə demək mümkünsə, birə beş artır. Bu mənada o da təsadüfi deyil ki, son illərdə ekstremal jurnalistikaya, onun öyrənilməsinə diqqət daim artan xətt üzrə inkişaf edib.
Jurnalistin ekstremal şəraitdə fəaliyyət göstərməsi, baş verənləri işıqlandırmasının özü də asan olmayıb, kifayət qədər çətin bir proses sayılır.
Çünki ekstremal halların işıqlandırılması jurnalistin sağlamlığından, həyatına bu hadisələr zamanı yarana biləcək təhlükədən tutmuş, onun dünya görüşü, savadı, qanunvericilik aktlarına bələd olması, təlimatlarla tanışlığı, redaksiya tərəfindən qarşıya qoyulmuş tapşırığın mahiyyətini nə dərəcədə anlamasına kimi geniş bir spektri əhatə edir.
Ölkəmizdə ekstremal halların baş verdiyi hadisələrin mediada işıqlandırılması ilə bağlı aparılan təhlillər göstərir ki, bu sahədə jurnalistikamızda hələ kifayət qədər ciddi problemlər mövcuddur. Çox da uzaq keçmişi əhatə etməyən konkret faktlar timsalında da bunu aydın görmək mümkündür.
Binəqədi rayonundakı çoxmərtəbəli binada baş verən yanğın zamanı hüquq-mühafizə orqanları ilə yanaşı, jurnalistlər də gərgin işləsələr də, medianın işi bir çoxları tərəfindən tənqid olundu. Baş verən faciənin işıqlandırılmasında medianın kifayət qədər yanlışlıqlara yol verdiyinə dair fikirlər səsləndirildi.
Səbəb də faciə ilə bağlı həqiqətə uyğun olmayan xəbərlərin yayılması ilə əlaqədar olub. Bu da baş verən faciə fonunda "jurnalistlər ekstremal şəraitdə nə etməli” sualını gündəmə gətirib.
Bəs, jurnalistlər gerçək hadisələr barədə ictimaiyyəti operativ qaydada necə məlumatlandırmalıdır? Media hadisə yerindən verdiyi informasiyalarla yanaşı, cəmiyyətdə yüksək həddə çatan təşvişin, gərginliyin qarşısını almaq üçün hər hansı maarifçilik işini görə bilərmi?
Media ekspertləri və jurnalistlər Azərbaycan reportyorlarının ekstremal şəraitdə iş aparmaları qaydalarının təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu deyirlər. Bəzi ekspertlər hesab edirlər ki, ekstremal şərait üçün jurnalistlər xüsusi olaraq yetişdirilməli və təlimlərdən keçməlidirlər. Amma bunun əksini söyləyənlər də var. Onların fikrincə, jurnalist iğtişaşlı meydanlarda iştirak edə-edə vəziyyətdən çıxmağın yolunu öyrənməlidir.
Ekstremal şəraitdə xəbər istehsalı həm də informasiya təhlükəsizliyi məsələsidir
"Azadinform.az” saytının baş redaktoru Niyaz Niftiyevin sözlərinə görə, 2014-cü ilin avqustuna - təmas xəttində baş verən hadisələrə qədər Azərbaycan mediasının ekstremal vəziyyətlərdə ciddi problemləri olub: "Avqust hadisələri və ondan sonra baş verən məlum olaylara münasibətdə media sanki pərakəndə hərəkət edirdi. Amma ötən müddətdə keçirilən təlimlər və xatırlanan mövcud qayda-qanunlar mediada xeyli dəyişikliklərə gətirib çıxardı. Biz bunu Binəqədi rayonunda baş verən 16 mərtəbəli binadakı yanğına KİV-lərin münasibətində gördük. Çox az sayda qüsurlar istisna olmaqla mətbuat və xüsusən də jurnalistlərimiz bu kimi ekstremal şəraitdə informasiya istehsalında problemlər yaşamadılar. Bilirsiniz ki, ekstremal şəraitdə xəbər istehsalı həm də informasiya təhlükəsizliyi məsələsidir. İnformasiya təhlükəsizliyi də hər bir dövlətin milli təhlükəsizliyinin əsas prinsiplərindən biridir. Təəssüf ki, müstəqilliyin ilk illərindən 2014-cü ilin avqustuna qədər biz informasiya təhlükəsizliyi məsələsinə bir o qədər də ciddi diqqət etməmişik. Amma dövlət və siyasi hakimiyyət təbii ki, bu istiqamətdə mühüm işlər görüb, qanunvericilik aktlarının qəbuluna səy göstərib. Azərbaycanda da bu sahədə normativ-hüquqi bazanın formalaşması informasiya cəmiyyəti quruculuğunda prioritet məsələlərdən hesab olunur. İnformasiya təhlükəsizliyi deyəndə, iki mühüm məsələyə diqqət etməyimiz vacibdir. Bunlardan biri informasiyanın qorunması, digəri isə informasiyadan qorunmaqdır. İnformasiyanın qorunmasına ilk növbədə dövlət və informasiya sahibləri cavabdehdirlər. Ekstremal vəziyyətlərdə isə həm informasiya, həm də informasiyadan qorunmağa bütövlükdə cəmiyyət cavabdeh olmalıdır. Düşünürəm ki, perspektivdə jurnalist həmkarlarımız bu kimi məsələlərə daha ciddi yanaşacaqlar. Çünki Azərbaycan jurnalistlərində bu potensial var”.
Ekstremal vəziyyətdə jurnalistin özünün taleyi də sual altındadır...
"Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Naibə Qurbanova:
"Jurnalistin ekstremal vəziyyətlərdə necə hərəkət etməsi barədə bildiyim odur ki, peşə borcundan da vacib insan həyatıdır. Yəni, əsas məqsəd xilasedicilərə mane olmamaq və öz işini qanın bahasına görməməkdir. Amma xilasedicini əsəbiləşdirmək, ona mane olmaq, jurnalist hüququndan istifadə edib polisə bağırmaq, antitəbliğatla məşğul olmaq peşə borcu deyil və hansı ki, bunu mayın 19-da Binəqədidə baş verən məlum hadisə zamanı gördüm. Ekstremal vəziyyətdə jurnalistin özünün taleyi də sual altındadır, yəni onun nə dərəcədə hazırlıqlı olması, şəraitə uyğun çalışması peşəkarlığından xəbər verir. Hər hansı hadisə zamanı dəfələrlə jurnalistlərlə mühafizə əməkdaşları, polis, yanğınsöndürənlər arasında mübahisələr olduğunu, birinin digərinin işinə mane olduğunu görmüşük. Belə halların yaranmaması üçün tərəflər öz peşə etikası, qaydalar barədə maksimum məlumatlı olmalıdırlar. Qaydalara gəlincə, əvvəla, tərəflərin biri-birini tanıması üçün xüsusi forması olmalıdır. Jurnalistin hansı vəziyyətdə işləməsi ona öyrədilməlidir. Heç bir halda hazırlıqsız, təcrübəsiz jurnalisti hadisə yerinə göndərmək olmaz, çünki bu onun öz həyatı üçün təhlükəlidir. Jurnalistika fakültələrində nəzəri də olsa, bu məlumatlar öyrədilir, ancaq nəzərə alsaq ki, mediada çalışanların hamısı jurnalistika fakültəsinin məzunu deyil, bu zaman redaksiya daxilində kriminal sahədən yazan və reportyorlar üçün kurslar təşkil
edilməlidir. Təlim keçmiş jurnalist vəziyyətə uyğun hərəkət etdiyi üçün heç bir halda nə özünü təhlükəyə atacaq, nə də digərlərinə mane olacaq”.
İxtisaslaşma yoxdur, bir jurnalist həm siyasətdən, həm mədəniyyətdən, həm də dini mövzudan yazır
"Axar. az” saytının baş redaktoru Anar Niftəliyevin sözlərinə görə, Azərbaycanda ekstremal jurnalistika sahəsində vəziyyət yüksək səviyyədə olmasa da, artıq kifayət qədər təcrübə əldə etmişik. O deyib ki, ekstremal şəraitdə, fövqəladə vəziyyətlərdə Azərbaycan jurnalistləri rahatlıqla işləyə bilir.
"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca deyib ki, Azərbaycanda nəinki ekstremal jurnalistika sahəsində, ümumiyyətlə, jurnalistika sahəsində vəziyyət ürəkaçan deyil: "İxtisaslaşma yoxdur, bir jurnalist həm siyasətdən, həm mədəniyyətdən, həm də dini mövzudan yazır. Ekstremal jurnalistikada da vəziyyət belədir. Bir hadisə baş verən kimi dəqiqləşdirilməmiş informasiyalar o qədər sürətlə mediada yayılır ki, oxucu da çaşqın vəziyyətə düşür. Yəni ekstremal şəraitdə çalışan jurnalist həm obyektivliyini itirməməlidir, həm də vicdani düşüncələri önə çəkməlidir. Amma ən önəmlisi cəmiyyətin informasiya təminatını operativ və obyektiv tərzdə ödəməlidir.
Bunun da səbəbi ekstremal jurnalistika sahəsində təlimlərin təşkil edilməməsidir. Vaxtaşırı olaraq belə təlimlər təşkil olunmalı, redaksiyalarda sırf bu sahədə fəaliyyət göstərən jurnalistlərin təkmilləşməsinə şərait yaradılmalıdır. Tam əminliklə deyə bilərəm ki, bu kimi neqativ halların aradan qaldırılması yalnız və yalnız praktiki bilgilərin genişləndirilməsindən keçir”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb