Jurnalistlərdən parlament seçkisinə kimlər qatılacaq?
“Şərq”in sorğusunda maraqlı nəticələr var
Qarşıdan parlament seçkiləri gəlir. 2015-ci ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkiləri üçün rəsmi hazırlığa start verilməsə də, artıq iddiaçılar öz mövqeyini ortaya qoyur, seçkilərdə iştirak edəcəyinə dair anons verirlər.
Hətta ölkənin bir sıra tanınmış jurnalistlərinin namizəd olaraq iştirak edəcəyinə dair iddialar da yayılıb. Biz də yayılan iddiaların nə dərəcədə əsaslı olduğunu araşdırmaq üçün ölkə jurnalistlərinə müraciət edərək, onlardan seçkilərdə iştirak edib-etməyəcəyinə dair münasibət öyrəndik.
Qeyd edək ki, bir müddət əvvəl parlament jurnalistlərinin yaratdığı "Media-2015” seçki bloku yaxın zamanlarda rəsmən elan olunacaq. Blokun əksər seçki dairəsində dəstəkləyəcəyi namizədlər var. Seçki bloku əsasən peşəkar jurnalistləri dəstəkləyəcək.
Bəs görəsən, ölkə jurnalistlərindən kimlər payızda keçiriləcək parlament seçkilərində iştirak edəcək?
"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid birmənalı şəkildə bu il keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini bəyan edib: "Xeyr, belə bir niyyətim yoxdur”.
"Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı da parlament seçkilərində namizəd olaraq iştirakını planlaşdırmadığını deyib: "Hələ ki jurnalistika sahəsində öz işlərimlə məşğulam. Amma hesab edirəm ki, jurnalistlər arasında deputatlığa layiqli yoldaşlar var. Onların hər birinə uğurlar arzu edirəm. Yaradılan "Media- 2015” seçki blokunun da işini dəstəkləyirəm. Bizim seçki təcrübəmizdə media nümayəndələrini təmsil edən fərqli bloklar olub. Bu da onlardan biridir”.
"Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov isə ümumiyyətlə mandat arzusunda olmadığını deyib: "Konstitusiyaya görə, ali təhsili olan, 25 yaşı tamam olan, ikili vətəndaşlığı və məhkumluğu olmayan istənilən ölkə vətəndaşı parlament seçkilərində namizəd qismində iştirak edə bilər. Kimlərsə, o cümlədən, jurnalist həmkarlarımdan kimsə bu hüquqdan istifadə edərək, seçkilərdə namizəd kimi iştirak etmək qərarına gəliblərsə, onlara uğurlar arzulayıram. Seçicilərinin səsini əldə edib deputat mandatı qazanacaqları təqdirdə, həmin həmkarlarımın da ən azı Qənirə Paşayeva kimi aktiv millət vəkili olmasını çox istəyərdim. Mənim isə hələlik belə bir fikrim yoxdur. İndi qarşımda duran əsas hədəf doktorantura təhsilimi başa vurmaq, çalışdığım sahədə peşəkarlığımı daha da artırmaq, Azərbaycan miqyasında, həmçinin dünyada az-çox tanınan peşəkar jurnalist, ziyalı və əsl vətəndaş olmaqdır. Hesab edirəm ki, bunlara nail olsam, Vətənə, millətə, xalqa, dövlətçiliyə, yaşadığım cəmiyyətə, ailəmə daha çox faydam toxunar. Nə məmur olmaq, nə də deputat olmaq kimi hədəfim və niyyətim var. Bunu mənim üçün şərtləndirən səbəblərdən biri də universitetdə ali təhsil alarkən, müəllimlərdən birinin "tez-tez yolunu dəyişən adam mənzil başına çatmaz” el məsəlini söyləməsidir. Pis və ya yaxşı görünməsindən asılı olmayaraq, bu el məsəli məni yalnız öz yolumla, doğru bildiyim yolla getməyə səsləyir”.
Azxeber.com portalının baş direktoru Əfsələddin Ağalarovun sözlərinə görə, istəsə də seçkidə iştirak edə bilməz: "Deputatlığa namizəd olmaq üçün minimum yaş həddi 25-dir. Mənim isə 24 yaşım var. Ona görə, namizəd ola bilmərəm”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli özünü növbəti parlament seçkilərində sınamayacaq: "Öncə onu deyim ki, parlamentdə nə qədər çox jurnalist təmsil olunarsa, bu, xalqın, seçicilərin və dövlətin xeyrinədir. Parlamentdə hazırda bir neçə jurnalist var, onlar ən aktiv deputatlardır. Məsələn, Qənirə Paşayeva. Parlament seçkilərinə qatılacaq həmkarlarıma uğurlar arzulayıram. Onlara imkanım daxilində dəstək verəcəm. Amma özümün builki seçkilərdə iştirak etmək fikrim yoxdur. Özümü hələlik seçki yarışında iştiraka hazır hesab etmirəm. İnşallah, növbəti seçkidə özümü sınamaq fikrim var, ona qədər hazırlaşacam”.
Gün.az portalının əməkdaşı Kamil Həmidov seçkiyə qatılmayacaq: "Xeyr, iştirak etməyəcəm. Qeyd edim ki, 2005 və 2010-cu il seçkilərində namizədliyimi bir neçə siyasi qurum irəli sürmüşdü. Ancaq onlara minnətdarlığımı bildirib, seçkilərdə iştirak etmək fikrində olmadığımı bildirmişdim. Bu dəfə də dəyişən bir məsələ yoxdur, böyük ehtimalla iştirak etməyəcəm”.
"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bu barədə qərar vermədiyini deyib: "Hələki bu barədə qərar verməmişəm. Zamanı gələndə qərar verəcəyik”.
Xeber1.az portalının baş redaktoru Səbuhi Abbasov parlament seçkilərində iştirak edəcək: "Bu barədə danışmaq tez olsa da, seçkidə namizəd kimi iştirakı nəzərdə tuturam. Hesab edirəm ki, parlament gəncləşməli, müasir innovativ və texnoloji imkanları geniş olan, eyni zamanda cəmiyyətdə fəal mövqeyi ilə seçilən gənclər parlamentdə təmsil olunmalıdırlar. Bu baxımdan mən də öz namizədliyimi irəli sürəcəm”.
"Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı isə hələlik bu haqda dəqiq fikrə gəlmədiyini bəyan edib: "Bu barədə qərar vermək üçün hələ çox tez olduğunu düşünürəm. Hələlik bu məsələni zamanın öhdəsinə buraxmışam, yəni parlament seçkilərində namizəd olub-olmayacağım bəlli deyil”.
Şəymən