Jurnalistlərə ictimai nəqliyyatda güzəştin tətbiqi çətindir

Əflatun Amaşov: “Belə güzəştlər dövlətin hesabına deyil, çalışdıqları redaksiyaların hesabına həyata keçirilə bilər”
Təbriz Vəfalı: “Bir çox ölkələrdə bu təcrübədən geniş istifadə edilir”

Qadir İbrahimli: "Jurnalistlərin bu hüquqa iddia etməsi ən azı etik baxımdan düzgün deyil”

(əvvəli ötən sayımızda)

Son günlər jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi məsələsi yenidən aktuallaşıb. Bununla bağlı müxtəlif fikirlər səslənir. Kimi bu məsələnin jurnalistlərin işini asanlaşdırması və sosial şəraitlərinin az da olsa yaxşılaşdırılması kimi dəyərləndirib, təqdir edir, kimi isə Azərbaycanda nəqliyyat xərclərinin cüzi məbləğ olduğunu əsas gətirərək güzəştlərin tətbiqini pisləyir. Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Nuridə Allahyarova mətbuata bildirib ki, bunun üçün gələcəkdə həmin şəxslərə güzəştli kartların verilməsi nəzərdə tutulur. Eyni zamanda N.Allahyarova indiki məqamda media mənsublarına belə bir güzəştin verilmədiyini söyləyib: "Hazırda jurnalistlərin nəqliyyatdan istifadəsi pulsuz deyil”. Məlumat üçün bildirək ki, "Kütləvi informasiya vasitələri haqqında” 1992-ci ildə qəbul edilən, 1999-cu ildə isə qüvvədən düşən qanunun V fəsil 39 maddəsinin 9-cu bəndində jurnalistlərin şəhər, rayondaxili ictimai nəqliyyatdan (taksidən başqa) pulsuz istifadə etməsi yer almışdı. Təbii ki, qanun qüvvədən düşəndən sonra yenisi ilə əvəzlənib. Ancaq yeni qanunda yuxarıda qeyd etdiyimiz bənd çıxarılıb. Maraqlıdır, görəsən, yeni qanuna dəyişiklik edilərək jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi bərpa oluna bilərmi?

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərə imtiyazların verilməsinə dair müxtəlif fikirlər səsləndirilir: "Bir zamanlar nəinki jurnalistlər, cəmiyyətin bəzi digər nümayəndələri də imtiyazlardan istifadə edirdilər. Ancaq o imtiyazlar sonradan ləğv olundu. Bəzi ölkələrdə belə güzəştlərin tətbiqi jurnalistlərin çalışdığı müəssisələrin üzərinə düşür. Belə ki, jurnalistlərə metrodan və şəhərdaxili avtobuslardan istifadə etmək üçün kartlar verilir, hətta onlar avtomobillərlə təmin olunur. Belə güzəştlər dövlətin hesabına deyil, çalışdıqları redaksiyaların hesabına həyata keçirilə bilər”.

Deputatın sözlərinə görə, hazırkı şəraitdə Azərbaycanda o qədər jurnalist var ki, onlar üçün güzəştlər tətbiq etmək çox çətindir, hətta mürəkkəbdir: "Bu məsələni hansısa qurumun hesabına təşkil etmək mümkün olar. Ancaq bunun üçün həmin qurumlarla müzakirə aparmaq lazımdır. Belə qurumlara misal olaraq Həmkarlar İttifaqı Konfederasiyasını göstərmək olar. Təşkilatların özlərində də həmkarlar ittifaqları olur. Təşkilatlar Həmkarlar İttifaqından yığılan pullar hesabına bu məsələləri həyata keçirə bilər. Bu məsələni indiki şərait üçün müzakirə etmək lazımdır. Azərbaycanda jurnalistlərin sayı kifayət qədər çoxdur. Hər gün yeni bir xəbər portalı yaradılır. Ona görə də məsələnin həlli üçün müəyyən mexanizm lazımdır. Hələ ki, Azərbaycanda bu mexanizm yoxdur”.

"Həftə içi” qəzetinin redaktoru Təbriz Vəfalı sualımızı cavablandırmazdan öncə tarixi bir məsələyə diqqət yetirib: "İllər əvvəl belə bir təcrübə Azərbaycanda, yəni Bakı şəhərində tətbiq edilib. 1997-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin balansındakı Şəhər Sərnişin Nəqliyyatı Baş İdarəsi tərəfindən bəzi jurnalistlərə "sarı kart”lar kimi tanınan kartlar verilmişdi. Həmin kartları alan jurnalistlər Bakı şəhər sərnişin nəqliyyatında pulsuz gediş hüququ qazanmışdılar. Yəni sözügedən kartlara sahib olan qələm sahibləri tramvaylardan, trolleybuslardan, metrodan, şəhərdaxili və şəhərkənarı avtobuslardan pulsuz istifadə edirdilər. Şəhər Sərnişin Nəqliyyatı Baş İdarəsinin balansında fəaliyyət göstərən "Sərnişinnəqliyyat” Baş İdarəsi, Bakı Metropoliteni və Tramvay-trolleybus İdarəsi arasındakı razılaşmaya əsasən, jurnalistlər yalnız "sarı kart”ları sürücülərə, "konduktor”lara, metro stansiyalarının nəzarətçilərinə və bələdçilərinə göstərməklə gediş haqqından azad idilər. Ancaq həmin kartların güzəştləri marşrut taksilərinə şamil edilmirdi. Haqqında bəhs etdiyimiz kartlar 1 illik, yəni 1997-ci il yanvar ayının 1-dən dekabr ayının 30-dək etibarlı idi. Bundan əlavə, 1997-ci ildə Bakı Metropoliteni tərəfindən bəzi jurnalistlərə "Aylıq gediş bileti” də verilirdi. Həmin biletə sahib olan jurnalistlər metro stansiyalarından və qatarlardan 1997-ci ilin sonunadək pulsuz istifadə edə bilirdilər. Jurnalistlərin istər "sarı kart”lardan, istərsə də haqqında söhbət gedən biletlərdən gün ərzində istədikləri qədər istifadə etmək hüquqları var idi. 1997-ci ildə hazırda fəaliyyət göstərməyən qəzetlərdən birində tərcüməçi-müxbir, digərində şöbə müdiri işlədiyim üçün mənə də seriya nömrəsi 039481 nömrəli "sarı kart” və "Aylıq gediş bileti” verilmişdi. 1997-ci ildə sözügedən kartlara və biletlərə sahib olan jurnalistlərin sayı çox az idi. Ona görə də həmin kartlardan və biletlərdən nəinki kartsız və biletsiz olan həmkarlarımız, hətta jurnalist olmayan şəxslər də istifadə edirdilər. Etiraf edim ki, qardaşlarım və yaxınlarım da mənim kartımdan və biletimdən çox istifadə ediblər. Təbii ki, ölkə ictimaiyyətində, xüsusilə də media mənsubları arasında yüksək əhval-ruhiyyə ilə qarşılanan bu təcrübədən yalnız bircə il müddətinə istifadə olundu. Sualınızın cavabına gəlincə, jurnalistlərə ictimai nəqliyyatdan istifadə üzrə güzəştlərin verilməsi təcrübəsinin tətbiqinə yenidən başlanılması gözəl ola bilər. Çünki bu gün Azərbaycanda ən ağır və çətin vəziyyətdə yaşayan, maddi problemlərlə üzləşən təbəqələrin nümayəndələri arasında jurnalistlər də var. Xüsusilə də daha ucuz qiymətə başa gəlməsi üçün Bakıətrafı ərazilərdə kirayədə və ya qohum evlərində, yaxud öz evlərində qalanların Bakının mərkəzindəki iş yerlərinə gəlib-getməsi xeyli maliyyə vəsaiti tələb edir. Masazır, Xırdalan, Maştağa və digər uzaq məsafələrdə yaşayan jurnalistlər üçün belə bir təklifin reallaşması gerçəkdən təqdirəlayiq hal sayıla bilər. Bunlardan əlavə, Bakı daxilində kirayə evlərdə və mənzillərdə, yaxud fərdi yaşayış obyektlərində yaşayan jurnalistlərin, xüsusilə də reportaja gedən həmkarlarımızın bu cür kartlardan, güzəşt və imtiyazlardan istifadə etməsi də jurnalistikamızın, Azərbaycan mediasının inkişafına təkan verə bilər”.

"İndiki halda bu məsələ mümkündürmü” sualına gəlincə, T.Vəfalı hesab edir ki, belə bir məsələnin reallaşa biləcəyinə inanmaq çox çətindir: "Çünki bu məsələdə bir sıra çətinliklər və problemlər özünü mütləq büruzə verəcək. Birincisi, 1997-ci ildə Bakı şəhər sərnişin nəqliyyatının idarəçiliyi tamamilə Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyində olsa da, hazırda sözügedən idarəçilik ayrı-ayrı qurumların fəaliyyət sahəsinə daxil edilib. Məsələn, 1997-ci ildə paytaxt meriyasının balansında fəaliyyət göstərən Bakı Metropoliteni hazırda müstəqil bir qurum kimi, yəni qapalı səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Sərnişindaşıma xidməti ilə məşğul olan digər qurumlar da artıq müstəqilləşib. Bu da o deməkdir ki, jurnalistlərə verilə biləcək "sarı kart”ların, yaxud, pulsuz gediş haqqını özündə ehtiva edən digər rəngli kartların hazırlanması üçün mütləq aidiyyəti üzrə müvafiq qurumların razılığı olmalıdır. İkincisi, 1997-ci ildə paytaxtdaxili və Bakıətrafı ərazilərə istiqamətlənmiş marşrutlar yalnız Bakı şəhər İcra Hakimiyyəti tərəfindən idarə edilirdisə, hazırda həmin marşrutlar sərnişindaşıma xidməti ilə məşğul olan ayrı-ayrı nəqliyyat şirkətləri tərəfindən özəlləşdirilib. Bu da onu göstərir ki, nəqliyyat şirkətlərinin maraqlarını təmin edən güzəştlər, yaxud başqa formada maliyyə dəstəyi olmalıdır ki, onlar jurnalistlərin sözügedən kartlardan istifadə etməklə avtobuslarda pulsuz gediş haqqına sahib olmalarına razılıq versinlər. Üçüncüsü, 1997-ci ildə paytaxtdakı jurnalistlərin sayı 4-5 min nəfər idisə, hazırda cibində jurnalist vəsiqəsi gəzdirənlərin sayı 50 min nəfərdən çoxdur. Onların arasında peşəkarları da var, qeyri-peşəkarları da. Adicə bir faktı qeyd edim. Uzun illərdir ki, Azərbaycan Mətbuat Şurası tərəfindən bəzi redaksiyalar adıçəkilən şuranın hazırladığı vəsiqələr verilir. Həmin vəsiqələr ciblərində jurnalist vəsiqəsi gəzdirən 50 mindən artıq jurnalistin çox az sayda qismini, yəni 3-4 min nəfərini belə əhatə etmir. Amma hər kəs sözügedən şuranın vəsiqəsinə sahib olmaq istəyir. Ancaq "KİV haqqında” qanunun tələblərinə məhəl qoymayanlar, jurnalistlərin peşə davranışlarına əməl etməyənlər və Azərbaycan Mətbuat Şurasının üzvü olmayan redaksiyaların əməkdaşları bu şuranın vəsiqələrini almaqdan məhrum ediliblər. Bu məsələ həmişə narazılıq doğurub. Hazırda da həmin acınacaqlı vəziyyət davam edir. Əgər ictimai nəqliyyatdan pulsuz istifadə üçün kartlar hazırlanacaqsa, onları hansı jurnalistlərə vermək lazım gələcək? Evi, maşını olan jurnalistlər bu cür vəsiqələrlə təmin olunacaqlarmı? Vəsiqələr reportaj hazırlayanlara, uzaq məsafədən işə gəlib-gedənlərə, maddi durumu ağır olan jurnalistlərə, yoxsa ehtiyacı olmayanlara veriləcəkmi? Əgər aidiyyəti dövlət orqanları, eləcə də media sahəsində fəaliyyət göstərən Azərbaycan Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və digər qurumlar sadaladığım suallara cavab tapsalar və problemlərin həlli istiqamətində obyektiv addımlar atsalar, yuxarıda haqqında danışdığımız kart məsələsinin reallaşacağına inanmaq olar”.

Müsahibimiz onu da əlavə edib ki, beynəlxalq aləmdə ictimai nəqliyyatdan güzəştli istifadə təcrübəsi mövcuddur və bir çox ölkələrdə bu təcrübədən geniş istifadə edilir: "Məsələn, qardaş Türkiyədə bu təcrübənin tətbiqi türk mediası tərəfindən alqışlarla qarşılanır. Belə ki, adıçəkilən ölkədə jurnalistlər ictimai nəqliyyatdan, yəni avtobusdan və metrodan istifadə zamanı 50 faiz güzəştə sahib olurlar. Başqa ölkələrdə də belə güzəştlər var. Məsələn, Hindistanda ictimai nəqliyyatdan daha çox istifadə edən jurnalistlərə uduşlu kuponlar verilir və sair. Azərbaycanda həmin təcrübələrin tətbiqi üçün jurnalistika sahəsində "inqilab” etmək lazımdır ki, peşəkar jurnalistləri seçmək və onlara qayğı göstərmək üçün güzəştlərin tətbiqi mümkün olsun. Əks halda jurnalistlərin ictimai nəqliyyatdan pulsuz, yaxud güzəştli istifadəsi bir xülya olaraq qalacaq”.

Tanınmış jurnalist Qadir İbrahimli də bəyan edib ki, ictimai nəqliyyatdan pulsuz istifadə hüququ aztəminatlı kəsimə - təqaüdçülərə, əlillərə və tələbələrə verilə bilər: "Jurnalistlərin bu hüquqa iddia etməsi ən azı etik baxımdan düzgün deyil. Necə ola bilər ki, müəllimdən ən azı 2 dəfə çox gəliri olan jurnalist avtobusdan pulsuz istifadə etsin, ancaq müəllim və başqa büdcə təşkilatlarında çalışanlar pullu. İkincisi, jurnalistlərin "imtiyazlı zümrə” statusu nəinki Avropa, heç Asiya ölkələrində belə yoxdur. Həmkarlarım inciməsin, bu, hökumətdən sədəqə dilənməkdir”

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb