Jurnalistlərimiz bu dəfə təşvişə düşmədi
Hər bir media nümayəndəsi cəbhədəki gərginliyin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əlindən gələni etməyə çalışdı
əvvəli ötən sayımızda
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri dərindir və bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu, millətə məxsus xüsusiyyətləri əks etdirir. Bunun nəticəsidir ki, beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə ediblər. Bu gün də bunu davam etdirirlər. Qlobal dünyada, informasiya müharibəsi şəraitində erməni təcavüzünün və Azərbaycan reallıqlarının dünyaya çatdırılması vacib amillərdən sayılır. Bu proses çərçivəsində Azərbaycan mediasının üzərinə böyük vəzifə düşür.
Sovet dönəmində Azərbaycanda müstəqil informasiya resurslarının mövcud olmaması 20 Yanvar faciəsinin və sonrakı dövrdə xalqımıza qarşı törədilən digər ağır cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını xeyli çətinləşdirirdi. Azərbaycanın informasiya blokadasına alınması Dağlıq Qarabağ münaqişəsinin ilk illərində ermənilərin törətdikləri qanlı cinayətlərin ört-basdır edilməsilə nəticələnirdi.
Məhz bu kimi səbəblərdən 90-cı illərin əvvəllərində beynəlxalq ictimaiyyət Qarabağda baş verənlər barədə demək olar ki, ancaq ermənilərin maraqlarına uyğun və əksər hallarda saxta informasiyalarla qidalanırdı. Bu səbəbdən də dünya ictimaiyyətində Azərbaycanın təcavüzkar, işğalçı, vandal obrazı yaranmışdı. Amma daha sonra vəziyyət nisbətən dəyişdi. Hazırda ölkəmizdə dünyanın nüfuzlu xəbər istehsalçıları ilə əməkdaşlıq edən xeyli sayda KİV orqanı fəaliyyət göstərir və Azərbaycan KİV-lərinin, media qurumlarının beynəlxalq əlaqələri elə də pis deyil, əksinə, qənaətbəxşdir.
Hazırkı vəziyyətdə erməni təcavüzünün, Azərbaycanın işğal həqiqətlərinin və ümumilikdə Dağlıq Qarabağ münaqişəsinə aid bütün məsələlərin mediada əks olunmasındakı real vəziyyəti qiymətləndirən ekspertlər də "Şərq”ə açıqlamasında mövcud sahədəki inkişaf və boşluqlara toxunublar.
"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızının sözlərinə görə, müharibə, torpaqların işğalı, hələ körpələrin və anaların ölməsi kimi hadisələr o qədər çətinliklə həzm edilən, həddən artıq həssas mövzulardır ki, belə məqamlarda jurnalistlər ikiqat diqqətli olmalıdır:
"Jurnalist də insandır, vətəndaşdır, onu da coşduran məqamların olması tam təbiidir. Lakin medianın prinsiplərini, milli mənafeyini heç vaxt unutmaq olmaz. Jurnalist bu acını içində dərindən yaşayıb, gözlərinin yaşını sildikdən sonra məsələyə tam soyuqqanlılıqla yanaşmalıdır. Necə deyərlər, sarsıntılar işimizi sarsıtmamalıdır.
Hesab edirəm ki, Azərbaycan mediasında bu sahədə hələ də boşluqlar var. Məsələyə emosional yanaşma və jurnalistin dilindən qiymətləndirmə, münasibət görsənən hallarla rastlaşdıq yenə də. Nəzərə almaq lazımdır ki, bütün emosional fikirlər həqiqəti əks etdirsə belə, effektli ola bilməz. Hələ bu yazılanlar bütün dünya üçün nəzərdə tutulubsa, avtomatik şəkildə etiraza səbəb olacaq”.
Səbinə xanımın sözlərinə görə, media nümayəndəsinin ilk işi hadisə ilə bağlı soyuq xəbəri, faktın özünü mümkün qədər operativ şəkildə yaymaqdır. Və çalışılmalıdır ki, bu məlumatlar planetimizdə ən ucqar nöqtələrə belə gedib çata bilsin:
"İkinci mərhələdə isə bu hadisə ilə bağlı, dünyada reytinqi, hörməti olan, insanların güvənini qazanan şəxslərin olaya münasibətini öyrənməlidirlər. Yəni üzərində "dünya markası” olan bu insanlar bizim içimizdən keçənləri, olayın vəhşətini, qanın miqyasını öz dillərindən səsləndirsinlər. Dünya ictimaiyyəti onlara inanır, daha hansısa heç öz ölkəsində güclə tanınan və yaxud heç tanınmayan jurnalistə yox. Əksinə, özlərini media nümayəndəsi kimi təqdim edən bu işə yaramazlar elə bir fikir formalaşdırır ki, bu, Azərbaycanın qərəzli, haqsız olması kimi fikirlərin formalaşmasına gətirib çıxara bilər. Bundan başqa, jurnalistlər bütün beynəlxalq qurumlara sorğu göndərib hadisənin qiymətləndirilməsini istəyə bilərlər. Bir sözlə, Azərbaycan KİV-i səfərbər olmalıdır. Media nümayəndələrinin bir hissəsi hadisə yerində faktları, fotoları, reportajı da eyni qayda da soyuqqanlı şəkildə təqdim etməlidir. Qoy bütün emosiyalar şairlərimizin, yazıçılarımızın qələmindən çıxsın. Hərə öz işi ilə vicdanla məşğul olmalıdır. Bu, daha effektli mübarizə üsuludur.
Bəzən bizim jurnalistlər sosial şəbəkələrlə KİV-i dəyişik salırlar. Şəxsi səhifəndə nə istəsən deyə bilərsən. Orada sənin subyektiv fikirlərini azad şəkildə bildirmək üçün bütün imkanlar var. Medianın isə öz qaydaları mövcuddur. Yalandan vətənpərvər görsənmək üçün bu qaydaları pozmağa heç kimin haqqı çatmır”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət də medianın Dağlıq Qarabağla bağlı yazılar dərc etməsində ciddi çatışmazlıqlar olduğunu qeyd edib. Onun qənaətincə, Dağlıq Qarabağ, ümumiyyətlə, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı yazılarda çox zaman dayaz və düşünülməmiş, bir qədər də boğazdan yuxarı yazılara rast gəlirik:
"Ola bilsin, həmin yazılar yazarların xoş məramından irəli gəlir. Amma ümumilikdə bizim əleyhimizə işləyir. Çünki əsaslandırılmamış faktlar, üstəlik, pafosu bol olan məqalələr birmənalı olaraq beynəlxalq tribunalarda bizim əleyhimizə istifadə edilir. Düşünürəm ki, Azərbaycan mediasında çalışan jurnalistlərin, yaxud da bu sahə ilə bağlı məqalə hazırlayan adamların peşəkarlığı yüksək olmalıdır. Həmin şəxslər öz üzərlərində çalışmalıdır. Mümkündür ki, jurnalist tarixçi olmasın, yaxud məsələnin mahiyyətini yetərincə təhlil edə bilməsin. Ancaq belə halda jurnalist bu sahənin mütəxəssislərinə müraciət etməlidir ki, sabah ermənilərin qabağına bu materialları çıxaranda çətin vəziyyətə düşməyək”.
Qarabağ mövzusunda qələmə alınan yazılarda ekspertlərin mövqeyinin olmasının önəmli olduğunu bəyan edən ekspert hesab edir ki, cəbhə, ordu, döyüşlə bağlı xəbərləri yazan jurnalistlər ciddi şəkildə peşəkar olmaqla bərabər yaxşı mütəxəssislərlə də işləməlidirlər: "Özlərindən nə qədər əmin olsalar belə, ekspertlərlə məsələni dəqiqləşdirmədən yazını yaymamalıdırlar”.
Sadəcə, atəşkəs pozulan və cəbhədə gərginlik yaşanan günlərində Azərbaycan mediasının Dağlıq Qarabağ problemini yada salması kimi ittihamları əsassız hesab edən Müşfiq Ələsgərlinin sözlərinə görə, aparıcı media orqanları daimi olaraq erməni təcavüzünü gündəmdə saxlayıb, Qarabağ həqiqətlərinin dünya və ölkə ictimaiyyətinə çatdırılması istiqamətində bacardığı qədər səy göstərib: "Əvvəla, onu deyim ki, media anlayışı həddindən artıq genişdir. Azərbaycanda 5000 mindən artıq kütləvi informasiya vasitəsi rəsmi qeydiyyatdan keçib. Hələ qeydiyyatı olmayan onlayn saytları demirəm. Əgər biz 5000 min KİV nisbətində Qarabağ mövzusuna diqqət axtarırıqsa, təbii ki, bu mövzuya toxunan qurumların sayı dəryada damla kimi görünəcək. Hər kəsdən eyni münasibəti və eyni mövqeyi gözləmək düzgün deyil. Amma söhbət özünəməxsus nüfuzu və ictimai rəyə təsir imkanları olan media orqanlarının erməni təcavüzü və ümumilikdə Qarabağ münaqişəsinə qarşı diqqətindən gedirsə, bu sahədə vəziyyət qaneedicidir. Sözügedən mövzu daimi olaraq həmin qurumların gündəlik xəbərləri arasında ön sıraları tutur”.
M.Ələsgərli məsələyə Azərbaycan-Ermənistan qoşunları arasında yaşanan son gərginlik və 2 yaşlı Zəhranın erməni terrorçuları tərəfindən öldürülməsinə göstərilən münasibət fonunda yanaşıb və deyib ki, Qarabağ problemi və erməni təcavüzünün mediada işıqlandırılması ilə bağlı durum qənaətbəxşdir. Xeyli təkmilləşdirmə işləri görülüb:
"Sevindirici haldır ki, jurnalistlərimiz bu dəfə təşvişə düşmədi, sosial şəbəkə istifadəçiləri də təxribatla bağlı kifayət qədər aktiv və düşünülmüş münasibət sərgilədilər. Ötən illərdə cəbhədə gərginlik baş verən zaman bəzi media orqanları və sosial şəbəkə istifadəçiləri fikirləri yayındırır, erməni təxribatçılarından daha çox Azərbaycan hökumətini, ordu rəhbərliyini ittiham edirdilər. Amma bu dəfə biz tamamilə fərqi situasiyanın şahidi olduq. Hər bir vətəndaşımız azərbaycançılıq mövqeyindən çıxış edərək cəbhədəki gərginliyin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əlindən gələni etməyə çalışdı. Təxmini götürsək, baş verən erməni təxribatı ilə bağlı yayılan 100 informasiyadan 90-nı tam hədəfə istiqamətlənmişdi. Düzdür, cüzi də olsa, yenə də düşmən dəyirmanına su tökən qüvvələr də oldu.
Amma çoxluq günahkarların dəqiq ünvanını göstərməklə Azərbaycan xalqının, dövlətinin dərdinə şərik oldular. Amma xoşuma gəlməyən bir hal oldu və onu qeyd etmədən keçmək istəmirəm. Adını çəkmək istəmədiyim bir saytda rast gəldiyim bir xəbər məni çox pərişan etdi. Mövzu birbaşa Dağlıq Qarabağ və Ermənistanın Azərbaycana qarşı təcavüzü olmasa da, həmin informasiyanın bu cür həssas məqamda yayılmasının dövlətçilik maraqlarına zidd olduğunu düşünürəm. Təsəvvür edin, bütün dünya 2 yaşlı Zəhranın erməni vandalizminin qurbanına çevrilməsindən yazır, hamı erməni əsgərlərinin mülki əhalini atəşə tutması kimi təxribatlardan çəkinməsi üçün beynəlxalq təşkilatlardan sanksiya verməsini tələb edir, həmin sayt da təxmini "12 yaşlı qız 6 nəfərin təcavüzünə məruz qalıb” başlıqlı xəbərə rast gəldim.
Əvvəla, bu xəbər inandırıcı görünmür və rəsmi təsdiqini də tapmadı. İkincisi də, reallıq olsa, indiki situasiyada bu cür xəbərin yayılmasını məqsədəuyğun hesab eləmirəm. Bir tərəfdə ermənilərin uşaqlara qarşı amansız münasibətindən yazır, haqq-ədalət tələb edirik. Bu tərəfdən də guya 6 nəfər azərbaycanlı kişinin 12 yaşlı bir qızı zorladığını bəyan edirik. Bu insanların məqsədi nədir, hansı məntiqlə hərəkət edir anlamıram. Gərginlik anlarında media nümayəndələri hər kəsdən daha həssas olmalı və birmənalı olaraq erməni terrorçularını hədəf olaraq seçməlidir”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb