Jurnalistlərimiz cəhd göstərməlidirlər

Rusiya mediası ilə əməkdaşlıq bizim milli maraqlarımız üçün önəmlidir
Azərbaycan mediasının Rusiya informasiya məkanına çıxış əldə etməsi mühüm məsələdir və bununla bağlı platforma qurulmalıdır


(Əvvəli ötən sayımızda)

Bakıda Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov və MŞ sədri, millət vəkili Əflatun Amaşov imza atıb. Bu münasibətlə Mətbuat Şurasında keçirilmiş mərasimdə çıxış edən Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. MŞ sədri həmçinin Azərbaycanda söz və ifadə azadlığı sahəsindəki vəziyyətin xarakterik xüsusiyyətlərinə diqqət çəkib.

 Ə.Amaşov qurumun beynəlxalq əlaqələri barədə də məlumat verib və bildirib ki, Rusiyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya jurnalist səfərləri gerçəkləşməkdədir. Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasındakı əməkdaşlıq Memorandumu bu prosesin daha təkmil formada reallaşdırılmasını təmin edəcək, faydalı nəticələr verəcək: "Mətbuat Şurası və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan Memorandum iki ölkə jurnalistləri arasında əlaqələri daha da inkişaf etdirəcək. Bu vaxta qədər də iki ölkə arasında jurnalistika sahəsində əlaqələr mövcud idi. İmzalanmış Memorandumun da əlaqələrimizin möhkəmləndirilməsinə töhfəsini verəcəyinə inanırıq. Qeyd etmək istərdim ki, hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri planlaşdırılır. Mayda Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər”.

Rusiya Jurnalistlər İttifaqının sədri V.Solovyov da əməkdaşlıq Memorandumunun iki ölkənin media qurumları, eləcə də jurnalistləri arasındakı təmasın daha sistemli şəkildə qurulması üçün etibarlı baza rolunu oynayacağına əminliyini vurğulayıb. Bildirib ki, Rusiya Jurnalistlər İttifaqı Avropanın ən böyük jurnalist təşkilatlarındandır. Tərkibində 100 min nəfəri birləşdirən ittifaqda 82 regional təşkilat, 40 yaradıcılıq birliyi, assosiasiyası təmsil olunur. 


Görüşdə həm Mətbuat Şurasının, həm də Rusiya Jurnalistlər İttifaqının jurnalist hüquqlarının qorunması, onların təhlükəsizliklərinin təmin olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də jurnalistika sahəsində gerçəkləşdirdikləri müxtəlif fəaliyyət növlərinin oxşar və fərqli cəhətləri müzakirə edilib. Məlumat üçün deyək ki, Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq Memorandumunda jurnalistlərin və KİV nümayəndə heyətlərinin biri-birinin fəaliyyəti ilə tanış olmaları üçün qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək göstərilməsi, jurnalistikaya dair təlim vasitələrinin hazırlanmasında və nəşrində birgə iştirak, tərəflərin iştirakı ilə konfranslar, treninqlər, müsabiqə və seminarlar təşkil etmək, qarşılıqlı maraq doğuran məsələlərdə informasiya mübadiləsi aparmaq və sair məqamlar nəzərdə tutulub.
Bir məqamı da qeyd edək ki, Rusiyanın Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovu Azərbaycan Prezidenti İlham Əliyev də qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında digər sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri nümayəndələri arasında da əlaqələrin fəallaşdırılmasının vacibliyini vurğulayıb. Prezident bildirib ki, Azərbaycan və Rusiya KİV nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri ictimaiyyətin ölkələrimizdə baş verən proseslər barədə daha çox məlumatlı olması işinə kömək edə bilər.

Məsələni "Şərq”ə dəyərləndirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət deyib ki, Rusiya mediası çox nəhəngdir və dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Bu da Rusiyanın özünün çox əhəmiyyətli dövlət olmasından irəli gəlir:

"Rusiya Jurnalist İttifaqına gəldikdə isə qeyd edim ki, mən özüm uzun müddət həmin təşkilatla əməkdaşlıq etmişəm. Müxtəlif tədbirlərdə qurumun təmsilçiləri ilə bir yerdə olmuşam. İstər Moskvada, istərsə də Bakıda əvvəlki rəhbərliklə çox yaxşı münasibətlərimiz olub. Təşkilata yeni sədr seçilən Vladimir Solovyov ilk səfərini Azərbaycana etdi və Mətbuat Şurasında Solovyovla keçirilən görüşdə ikitərəfli əməkdaşlıq haqqında Memorandum imzalandı. Xatırlatmaq istəyirəm ki, Rusiya Jurnalistlər İttifaqının rəhbəri Vladimir Solovyovu Azərbaycan Prezidenti İlham Əliyev də qəbul etdi. Əslində dövlət başçısının Solovyovu qəbul etməsi göstərdi ki, Azərbaycan tərəfi bütövlükdə, istər dövlət, istərsə də qeyri-rəsmi səviyyədə Rusiya dövləti ilə əməkdaşlıqda maraqlıdır. Rusiyada bizim səsimizin az eşidilməsi səbəbsiz deyil. Bəziləri iddia edir ki, Rusiya bilərəkdən bizə şərait yaratmır, erməniləri ön plana çıxarır və s. Əlbəttə, bu məqamların olması reallıqdır. Ancaq söhbət ondan gedir ki, Rusiyada zəif olmağımızın əsas səbəbi bu deyil. Səbəb odur ki, biz Moskva mühitini özümüzdən itələməklə məşğuluq. Bizim Rusiya mətbuatına açılmaq problemimiz var. Əksər jurnalistlərimiz rus mediası ilə əməkdaşlıq etməyə o qədər də meyl etmirlər. Baxın, Azərbaycan jurnalistikasında xeyli sayda insan var ki, Qərb mətbuatı ilə, Qərbin nüfuzlu media qurumları və jurnalistləri ilə çox yaxın şəkildə əlaqə qururlar. Amma Rusiyanın jurnalist təşkilatları ilə həmin səviyyədə iş birliyi gözə dəymir. Demək istədiyim odur ki, özümüz buna cəhd göstərməliyik, kimdənsə nəsə gözləməməliyik. Vladimir Solovyov müqaviləni imzalamazdan əvvəl qeyd etdi ki, Rusiyanın media cameəsi Azərbaycan jurnalistlərini qəbul etməkdə maraqlı və istəklidir. Solovyov bildirdi ki, "siz əlinizi uzatsanız, biz heç vaxt geri çevirmərik”. Qarşılıqlı şəkildə müzakirələrin aparılması, jurnalistlərin mütəmadi gediş-gəlişinin təmin edilməsi, ən əsası isə bizim jurnalistlərin Rusiya mediasına çıxış imkanı tapması çox mühüm məqamlardır. Rusiya bizə pəncərə açmağa hazırdır”.

A.Həsrət bəyan edib ki, Azərbaycan tərəfi yaranmış imkandan maksimum istifadə etməlidir: 

"Təbii ki, Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan saziş əsasında bir sıra işlər görüləcək. Lakin çalışmaq lazımdır ki, RJİ ilə əməkdaşlığımız boş-boşuna səfərlərdən, sadəcə şəkil çəkdirməkdən ibarət olmasın. Bəzən media nümayəndələrimiz hansısa xarici ölkəyə gəzmək üçün gedirlər. Belə olan təqdirdə ortada nə yazı-pozu, nə də hansısa məlumat mübadiləsi olur. Məsələn, Türkiyə təcrübəsini öyrənməyə gedirlər, amma baxırıq ki, qardaş ölkənin mediasında bu barədə bir cümlə belə material dərc olunmayıb. Bu cür olmamalıdır. Turist səfərlərindən imtina etməliyik. Əgər Rusiya ilə effektli əlaqə qurmaq istəyiriksə, uyğun adamları seçib bu işdə onlara dəstək verməliyik. Ən azından rus dilini yaxşı bilən, rus mediası mühitinə yaxından bələd olan, Rusiyada rus kimi davrana bilən adamlar prosesə cəlb olunmalıdır. Bizə uzadılan əli yalnız belə adamlar vasitəsi ilə qəbul edə bilərik. Şübhəsiz, Azərbaycan dövləti də bizə yaxından dəstək olacaq və münasib şərait yaradacaq. Burada maddi dəstək və sıx təmasların qurulması da mühüm rol oynayır. İşlərin hamısını həyata keçirmək üçün Azərbaycanda ciddi potensial var. Sadəcə olaraq dövlətin ayırdığı maliyyə faydalı və səmərəli işə sərf edilməlidir”.

Tanınmış jurnalist Azər Qaramanlı da "Şərq”ə bildirib ki, Rusiya media məkanı həqiqətən nəhəngdir və açığı deyim ki, Azərbaycan mediası ilə nisbətdə daha peşəkardır. Eyni şeyi Türkiyə və başqa ölkələrin media məkanı ilə bağlı da demək olar: 

"Azərbaycan mediasının Rusiya informasiya məkanına çıxış əldə etməsi mühüm məsələdir və bununla bağlı platforma qurulmalıdır. Bu platformada daha çox yüksək intellektə sahib olan insanlarımız iştirak etməlidir. Onların hamısının jurnalist olmasına ehtiyac yoxdur. Ən müxtəlif sahələrdə çalışan insanlarımız platformada çalışa bilər. Önəmli olan intellektual insanlara üstünlük verilməsidir. Açığı deyim ki, Rusiya informasiya məkanında Ermənistana və Azərbaycana yanaşma fərqlidir. Azərbaycan və Ermənistana münasibətdə bəzi rus ziyalılarının və jurnalistlərinin ilkin informasiya bazası ermənilərin verdiyi məlumat əsasında formalaşıb. Ona görə də onlar öz fikirlərini formalaşdırarkən instinktiv olaraq erməniləri haqlı görürlər. Çünki qeyd etdiyim kimi, ilkin informasiya bazası alt şüurda erməniləri ön plana çıxarır. Hədəfə aldığımız cəmiyyətlərdə və beyinlərdə ilkin informasiya bazası yaratmalıyıq, bunu sistemləşdirməliyik. Belə bir sistemi yaratmaq üçün ideoloji mərkəzə ehtiyac var. Əgər Mətbuat Şurası belə bir cəhd edərsə, bu təbii ki, alqışlanmalı və bütünlüklə dəstəklənməlidir. Hər halda Mətbuat Şurası sistemləşdirilmiş informasiya bazasının yaradılması üçün konfranslar keçirə bilər. Bu konfranslarda elə rusiyalı jurnalistlər də iştirak edər. Başqa layihələr də düşünmək olar və bunun adının nə olmasının önəmi yoxdur. Ən önəmlisi odur ki, Rusiya jurnalistləri ilə Azərbaycan jurnalistləri arasında şəxsi dostluqların yaranması yolunda addımlar atılsın. Səmimi bir atmosferdə informasiya mübadiləsi aparmaq üçün çox vacibdir. Ortada güvənsizlik problemi olmayacaqsa, o zaman qarşı tərəf sənin səmimiyyətinə və haqlı olduğuna daha çox inanacaq”.

Jurnalist bildirib ki, bəhs etdiyi platforma Azərbaycanın sistemləşdirilmiş informasiyasının Rusiya informasiya məkanına ötürülməsi üçün transformator rolunu oynamalıdır: 

"Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlığın bizə nə vəd edəcəyini zamanla görəcəyik. Sadəcə arzu edirik ki, bu əməkdaşlıq Azərbaycan informasiyasını Rusiya media məkanına ötürmək üçün real platformaya çevrilsin”.

"Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev bildirib ki, Rusiya ilə Azərbaycan arasında bir çox sahələrdə sıx əməkdaşlıq mövcuddur:

 "Media sahəsində olan əməkdaşlığın daha da inkişaf etməsi üçün memorandumun imzalanması müsbət haldır. Əlbəttə, jurnalistlərimizin Rusiyaya səfərlərinin təşkil olunması, bu ölkənin media məkanına çıxış əldə etməsi yaxşı olardı. Dağlıq Qarabağla bağlı həqiqətlərin Rusiya cəmiyyətinə çatdırılması, ermənilərin uydurma təbliğatlarının qarşısının alınması baxımından da bu lazımlıdır. Rusiya nəhəng media məkanına sahibdir və burada media sahəsində çalışan peşəkarların sayı çoxdur. Onların təcrübəsindən yararlanmaq baxımından ikitərəfli münasibətlərin inkişafı önəmlidir. Ümid edirəm ki, bu əməkdaşlıq uğurlu olacaq”.

(Davamı var)

İsmayıl