
Kafenin sahibi və tələbə girovluqdadır
İlham İsmayıl Ukraynada azərbaycanlıların oğurlanması ilə bağlı dəhşətli faktlar açıqladı“Məsələ burasındadır ki, bu cinayətlər Ukrayna Daxili işlər naziri Avakov təyin olunandan sonra başlayıb”

Ukraynada son bir neçə ayda naməlum şəxslər tərəfindən 25-ə yaxın azərbaycanlının oğurlanması və ya itkin düşməsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Oğurlanan soydaşlarımızın əksəriyyəti Azərbaycan vətəndaşı, ikisi Gürcüstan, qalanı isə Ukrayna vətəndaşıdır. İtkin düşənlər arasında diaspor təşkilatının nümayəndələrinin və tanınmış iş adamlarının olduğu da bildirilir. Yayılan məlumatlara görə, Ukraynada soydaşlarımızı oğurlayaraq girov saxlayır və onların yaxınlarından külli məbləğdə pul tələb edirlər.
Saytlar yazır ki, oğurlanmış azərbaycanlılardan biri "Aztelekom MMC”-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur. M.Məmmədovun oğlu Kiyevdə dəbdəbəli həyat sürdüyündən cinayətkar dəstənin hədəfinə gəlib. Onu girov götürənlər 10 milyon ABŞ dolları müqabilində azad olunacağı barədə şərt irəli sürüblər. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayev bildirib ki, məsələ ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət olunub və bu ölkənin Daxili İşlər Nazirliyi tərəfindən hər bir fakt üzrə cinayət işi qaldırılıb: "Biz ölkənin Daxili İşlər Nazirliyi ilə hər gün sıx əlaqədəyik. Məqsədimiz odur ki, cinayət işləri tez zamanda açılsın. Vəziyyət diqqətimizdədir”. A.Mustafayev onu da deyib ki, itkin düşmə faktı da olduğu üçün səfirlik adından Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə rəsmi müraciət olunub. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da bildirib ki, məsələ ilə bağlı ölkədə yaşayan azərbaycanlılar adından Ukrayna Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğuna müraciət olunub: "Məsələ burada yaşayan azərbaycanlıları ciddi narahat edir. İnsanlarımız oğurlanır, naməlum formada itkin düşürlər. Bununla bağlı UTX-nin diaspor üzrə müvafiq şöbəsində bizimlə görüş də keçiriblər. Əmin ediblər ki, arzuolunmaz halın qarşısı alınacaq. Bu həftə səfirliyimizdə məsələ ilə bağlı görüşümüz də olacaq. Biz Azərbaycan icması olaraq, bu məsələdə sona qədər iradəmizi ortaya qoyub oğurlanan və itkin düşən azərbaycanlıların tapılmasına nail olacağıq”.
Hadisə ilə bağlı "Şərq”ə açıqlama verən Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova da deyib ki, Ukraynada azərbaycanlıların itkin düşmə halları ilə bağlı Komitə məlumatlıdır: "Dövlət Komitəsi olaraq Ukraynadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə mütəmadi əlaqə saxlayıb hadisələrin gedişatı barədə məlumat alırıq. Diaspor təşkilatları öz səlahiyyəti çərçivəsində Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməklə, müəyyən görüşlər keçirməklə soydaşlarımızın tapılması istiqamətində ciddi səy göstərirlər. Bizə verilən məlumata görə, faktla bağlı Ukrayna Daxili İşlər Nazirliyində araşdırma aparılır”.
Məsələni dəyərləndirən təhlükəsizlik üzrə mütəxəssis İlham İsmayıl Ukraynada baş verənlərlə bağlı dəhşətli faktlar açıqlayıb. Onun sözlərinə görə, kriminal dəstənin əsas hədəfi imkanlı ailələrin övladları və pullu iş adamlarıdır: "İki il ərzində onlarla azərbaycanlı oğurlanıb, girov saxlanılıb, pul müqabilində azad olunublar. Hazırda iki nəfər - Brovarı şəhərində "Bakinski dvor” kafesinin sahibi və bir tələbə girovluqdadır. Məsələ burasındadır ki, bu cinayətlər Ukrayna Daxili işlər naziri Avakov təyin olunandan sonra başlayıb. Avakovun Azərbaycana, azərbaycanlılara nifrəti şübhə doğurmur. Oğurlanma prosesi coğrafi üçbucaqda baş verir. Adam oğruları Rusiyadan gəlir, hədəflərini ələ keçirdikdən sonra Kiyev ətrafında gizlədirlər. Daha sonra Rusiyadan oğurlanan şəxslərin yaxınlarına döyülmüş, üz-gözü qanlı videolarını, fotolarını göndərir, pulu isə əsasən Bakıda alırlar. Bu işin başında Bakıdan və Gürcüstandan olan mütəşəkkil cinayətkar dəstənin dayandığını desələr də, əsasən həbsdə olan kriminal avtoritet tərəfindən idarə olunduğunu və həmin avtoritetlə bəzi hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlbir olduğu da alınan məlumatlar sırasındadır”. Ekspertə görə, hədəfin seçilməsi, yönləndirilməsi dəstənin Ukraynadakı adamları tərəfindən verilir. Növbəti addım dəstə üzvlərinin Rusiyadan gəlib oğurluğu həyata keçirməsi olur: "Girovlar Ukrayna ərazisindən çıxarılmır. Daha sonra danışıqlar və alver gedir. Adətən cinayətkarlar 2 milyon ABŞ dollarının verilməsi tələbini irəli sürürlər. Oğurlanmış insanların sahiblərinə dəhşətli hədə-qorxu gəlinir ki, hüquq-mühafizə orqanlarına xəbər verildiyi halda girov mütləq öldürüləcək. Elə bu hədə-qorxunun nəticəsidir ki, hələ indiyədək heç kəs polisə müraciət etməyib”.
İ.İsmayıl vurğulayıb ki, məsələ barəsində səfirliyimiz, DTX nümayəndələri və orada fəaliyyət göstərən diaspora təşkilatları məlumatlıdır. Ancaq təəssüflər olsun ki, adları çəkilən qurumlar ciddi problem haqqında Ukrayna və Azərbaycan dövlətləri qarşısında məsələ qaldıra bilməyiblər: "Məsələ o qədər ciddidir ki, bu işə hər iki dövlətin başçıları diqqət ayırmalı, hər üç dövlətin hüquq-mühafizə orqanları qarşısında cinayətkarların zərərsizləşdirilməsi tələbi qoyulmalıdır”.
İsmayıl