Kamança çalan Dədə Qorqud...
Vətənimizin paytaxtı Bakı günü-gündən dəyişir, gözəlləşir, müasirləşir. Bir-birinin ardınca modern memarlıq üslubu ilə tikilən yaşayış və inzibati binalar göz oxşayır. Belə tikililər içərisində öz orijinal inşa üslubuna görə milli-mədəni irsimizi qoruyub saxlamağa xidmət edən binalar xüsusilə seçilir.
Möhtərəm prezident cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın qayğısı və köməyi sayəsində Muğam mərkəzi, Müasir incəsənət muzeyi, Xalça muzeyi üçün inşa olunmuş binalar bu qəbildən olan tikililərdəndir. Bu bir daha ölkə başçısının Azərbaycanın qədim və müasir mədəniyyətinin qorunub saxlanılmasına, onun inkişaf etdirilməsinə necə böyük
önəm verdiyinin bariz nümunəsidir. Maddi və qeyri-maddi mədəniyyət abidələrimizin dünya miqyasında təbliğ və təmsil olunmasında ölkənin birinci xanımı Mehriban Əliyevanın rolu isə xüsusilə əvəzsizdir.
Bəs yerlərdə birbaşa bu işlərlə məşğul olmalı olan insanlar göstərilən etimadı necə doğruldurlar? Əlbəttə mən kiminsə işini şübhə altına almaq fikrindən tamamilə uzağam və belə səlahiyyət sahibi də deyiləm. Əziz oxucular, lakin bu günlərdə məndə şahidi olduğum bir hadisəni sizinlə bölüşmək arzusu yarandı. Hər şeyi olduğu kimi danışacam, nəticə çıxartmağı isə bir vətəndaş kimi sizin öhdənizə buraxıram. İsturahət günü yolum yeni xalça muzeyinin yanından keçirdi, binanın özünəməxsus görünüşü məni heyran etdi. Layihəçi(lər) məsələnin qeyri-adi memarlıq həll üsulunu tapmışdılar. Özümü saxlaya bilməyib, binanın içərisinə daxil olub orada nümayiş etdirilən eksponatlara baxmaq istədim. İstirahət günü olmasına baxmayaraq, içəridə çox az adam vardı (olanlar da əsasən xarici qonaqlar və ya Bakıda müxtəlif sahələrdə çalışan əcnəbilər idi). Sevindim ki, onlar bizim tariximizlə bağlı olan xalçaçılıq sənəti ilə maraqlanır, vaxtlarını belə işə sərf etməkdən heyfsilənmirlər. Mən də onlara qoşulub daha həvəslə eksponatlara tamaşa etməyə başladım. Al-əlvan, toxunuşunda müxtəlif süjetlərdən istifadə olunmuş, hər birinin öz gözəlliyi olan Bakı, Quba, Qarabağ, Qazax, Şirvan xalçaları adamı valeh edirdi. Lövhələrə yaxınlaşıb daha ətraflı məlumat almaq üçün orada yazılanları oxumaq istədim və elə ilk sətri oxuyanda çaşıb qaldım, dedim yəqin coğrafiyadan bildiyim bəzi şeyləri unutmuşam, lövhədə yazılmışdı: - Qazax rayonu ölkənin şimali-şərqində yerləşir. Yəqin gözdən qaçıb deyərək, milli geyimdə olan maneken qıza tamaşa etməyə başladım, lakin heç bir məlumat lövhəsi olmadığından onun hansı regionu təmsil etdiyini öyrənmək üçün nəzarətçi qıza yaxınlaşmalı oldum. Qız utancaq bir təbəssümlə gülümsəyərək, nəzakətlə Qarabağ gəzəlidir-dedi. Qanım qaralmışdı, ancaq eksponatların hamısına baxmağa qərar verdim. Üçüncü mərtəbəyə qalxdım. Uzaqdan üzərində at toxunmuş bir xalça nəzərimi cəlb etdi, baxdım atın üstündəki Koroğludur, çiynində sazı, qolunda qalxanı. Çəmənlikdə onu qarşılayan isə bərli-bəzəkli, dəlilərin həm xanımı olan, həm də onlara analıq edən Nigar idi. Yaxınlaşıb məlumat lövhəsində xalçanın adını oxudum: - "Qaçaq Nəbi xalçası” yazılmışdı, təəccübləndim mənim fikrimcə axı xalq qəhrəmanı olan Qaçaq Nəbinin dastanının heç bir yerində saz çalıb aşıq kimi oxuduğu haqqında yazılmayıb. Bildiyimiz kimi onun əsas döyüş silahı qılınc-qalxan deyil, məşhur Aynalı tüfəngi olub, Həcər isə Nəbinin yalnız həyat yoldaşı deyil, eyni zamanda onun döyüş yoldaşı və silahdaşı idi. Düşündüm və bir yana çıxara bilməyib, kefi pozulmuş halda həmin mərtəbədə nümayiş etdirilən digər nümunələrə baxmağa başladım, ancaq qanım möhkəm qaralmışdı. Sən demə məyusluğumun zirvəsi arxada imiş. Sonuncu nümunələrə baxırdım ki, gözümə "Dədə Qorqud” xalçası sataşdı. Bəli Dədə Qorqud idi, lakin qopuzu gözümə dəymirdi. Diqqətimi topladım və gördüm, ulu Dədə əlində kamança tutmuşdu. Dedim yəqin səhv edirəm, zaldan inzibatçı və digər nəzarətçi qadına müraciət etməli oldum, onlar da alətin şübhəsiz kamança olduğunu bildirdilər. Etiraf edim ki, min illik "Dədə Qorqud” dastanında Dədənin həm də "kamança ustası” olduğunu bilmirdim. Artıq tələsik muzeyi tərk etmək, dəniz kənarına düşüb, doğma Xəzərin sahilində fikirlərimi nizama salmaq haqqında düşünürdüm. Bu fikirlə də muzeydən çıxdım və təəssüflə dönüb arxaya, gözəl arxitektura nümunəsi olan binaya bir də baxdım... Qarşımda boz buludları ayna kimi özündə əks etdirən doğma Xəzər narahat-narahat dalğalanırdı.
Mənə irad tutub deyə bilərlər ki, yaradıcı sənət adamının təxəyyülü adi ölçülərə sığmır, onların dünyaya xüsusi baxışı, ayrı dünya duyumu var. Mən etiraz etmirəm, amma gələcək nəsillərə və bizim mədəniyyətimiz, tariximizlə maraqlanaraq onu öyrənməyə çalışan digər xalqların nümayəndələrinə nə cavab verək? Belə məsələlər bəzən bir xalqın, bir millətin taleyüklü məsələsinə çevrilir. Burada söhbət təkcə qərb əvəzinə şərq yazılmasından, məlumat lövhəsinin olmamasından deyil, söhbət xalçada öz inikasını tapmış tariximizin kiçicik bir parçasından gedir. O parçadan ki, gələcəkdə tariximizin təhrif olunmasına gətirib çıxara bilər (onsuz da bədxahlarımız kifayət qədərdir). Mənə elə gəlir ki, bu mövzuda əsas söz sahibləri mütəxəssislər və incəsənət üzrə ekspertlər olmalıdırlar. Nümayiş etdirilən hər bir eksponat diqqətlə seçilməli, onlar üçün mütəxəssis və ya mütəxəssis qrupunun xüsusi rəyi hazırlanmalı və məhz bundan sonra hər bir nümunə öz layiqli yerini tutmalıdır.
Tahir İsmayılov