
Kamil Musəvinin 2 il öncə "Şərq"ə verdiyi MÜSAHİBƏ - İttihamlara cavab +VİDEO
Döyüş tapşırığını yerinə yetirərkən sağ ayağını və sol gözünü itirən Qarabağ qazisi, kəşfiyyatçı, baş leytenant Kamil Musəvinin "Şərq"ə 9 fevral 2017 -ci ildə verdiyi müsahibəni oxuculara yenidən təqdim edirik. Bu müsahibədə son günlər K.Musəviyə qarşı irəli sürülən bütün ittihamlara tutarlı cavab verilib.
-Kamil bəy, sizi bəzən "aprel döyüşləri”nin qəhrəmanı kimi təqdim edirlər. Buna aydınlıq gətirərdiniz ?
- Hansısa tədbirdə məni təqdim edən insanlar döyüş zamanı ayağımı və gözümü itirdiyimi bəyan edirdi. Döyüş deyiləndə isə ilk ağla gələn aprel ayının 1-dən 4-nə qədər baş verən hərbi əməliyyatlar olur. Halbuki Azərbaycan ordusu aprelə qədər də, apreldən sonra da hər gün düşmənlə döyüşür. Hətta sizə onu da deyim ki, bəzi adamlar elə bir fon yaratdılar ki, guya, "aprel döyüşləri”nin iştirakçısı kimi təqdim olunmaq mənim maraqlarıma uyğundur, yaxud da mən bundan istifadə edirəm. Halbuki mən bütün açıqlamalarımda demişəm ki, 2015-ci il oktyabr ayının 12-də gecə saat 23:46-da döyüş tapşırığını yerinə yetirən zaman yaralanmışam. Kəşfiyyat qrupunun komandiri vəzifəsini icra edirdim.
- Əgər mümkündüsə, həmin gecə ilə bağlı ətraflı danışardınız...
- Oktyabr ayının 12-də Talışkənd istiqamətində əməliyyatla bağlı tapşırıq aldıq. Neytral zona”larda qrup şəklində əməliyyat keçirmək təhlükəlidir. Əgər bir nəfər düşmənə göründüsə, deməli, əməliyyatda iştirak edən bütün zabit və əsgərlər öləcək. Belə anlarda əməliyyatdan sağ qayıtmaq sadəcə şans işidir. Əslində yoldaşlarımızdan biri qorxmasa, bəlkə də biz bu əməliyyatdan da uğurla dönəcəkdik. Sadəcə tabeçiliyimdə olan əsgərlərdən biri ilk dəfə idi tapşırığa çıxırdı. Özü də yolu minalardan hərəkət üçün təmizləyən adam idi. Onun gördüyü daha təhlükəlidir, əgər düşmən tərəfdən atəş açılsa, ilk öldürülən adam o olacaqdı. Görünür, bunu düşünüb həyəcanlanmışdı. Mən gördüm ki, o sakitləşməsə, bundan hamımıza ziyan gələcək. Tez silahı götürdüm və istədim ona yaxınlaşım ki, narahat olma, burdayıq. Elə yenicə addım atmışdım ki, partlayış baş verdi və yerə yıxıldım. Partlayışdan sonra hiss elədim ki, ayaqlarım keyiyib, heç nə hiss eləmirəm. Sonra öz-özümə fikirləşdim ki, görəsən kim yaralandı. Xəbərim yoxdu ki, yaralanan elə özüməm. Öz tərəfimizə sürünmək istəyəndə ayağımdan yaralandığımı gördüm. Qan da fışqırırdı. Əlimi atanda gördüm əməlli-başlı ət sallanır. Bir də gördüm üzümə isti nəsə axır. Əlimi üzümə atdım, qan görəndə əvvəl elə bildim ayağımın qanıdır. Amma əlimi gözümə atanda hər şey mənə aydın oldu.
Birtəhər sürünə-sürünə neytral zonanı keçib, öz tərəfimizə keçmək istədim. Sürünəndə yaralı ayağımı yuxarı qatladım ki, ətim torpağa bulaşıb, palçıq olmasın. Yaxında olan MAXE Məcidov mənə tərəf qaçdı və tez səngərə saldı. Məcidovu da əlcəyinin beş barmağı da kəsik olmasından tanıdım, yoxsa ki qan qarışıq toz-torpaq salamat gözümü də tutmuşdu, ətrafı yaxşı görmürdüm. Səngərdə ilk tibbi yardım olundu. Əsgər Nağızadə məni çiyninə götürdü. Səngərin içi ilə məni maşına kimi aparmalı idi. O yol çox uzun və nizamsız yol idi. Əsgərimə sual etdim ki, məni apara biləcəkmi? Dedi: Komandir, aparacam. Kişi kimi də dediyini elədi və maşına kimi bir dəqiqə də olsun çiynindən yerə qoymadı. Həmin anda hospitalın uzaq olması gözümə durdu. Maşında var-qüvvəmlə əllərimlə dizimi sıxırdım ki, qan itirməyim. Ayağımı o qədər sıxdım ki, qan yaralı qolumdan axmağa başladı. Maşının sürücüsü gizir Əliyev Elçin maşını idarə edə-edə mənə dedi ki, komandir, sənin qanının səsindən qulağım tutulur. Güclə dayanmışam sükan arxasında. Amma mən qanın səsini eşitmirdim. Çünki qan bədənimdən axdıqca mənim halım dəyişirdi. Həm də ki, başıma dəyən zədədən sonra beynim cingildəyirdi. Elçin maşını idarə edə-edə çəkməsinin ipini açdı. Yolda maşını saxladı və mənə dedi ki, bir dəqiqə səbr et, yaranı bu iplə bağlayacam ki, qan çox axmasın. Bud hissəmin lap yuxarı hissəsindən iplə bağladı ki, qan axmasın. Tez sükan arxasına keçərək məni hərbi xəstəxanaya çatdırmaq üçün maşını sürətlə idarə etməyə başladı. Tərtərdə tibb məntəqəsinə çatdıq. Həkimlər də orda mənə ilk tibbi yardım etdilər.
- Bədənindən bu qədər qan axmasına rəğmən hospitala qədər hissiyyatını itirmədiniz?

- Xeyr, hər anını detalları ilə xatırlayıram. Qan axdıqca halsızlaşsam da, xəstəxanaya çatana qədər özümdə idim. Bədənimin dörd yerindən sürətlə qan axmasına baxmayaraq ümidim var idi ki, yaşayacam.
Onu da deyim ki, Ağdamdan köməyə gələn tibbi maşın bizi dörd yolda qarşıladı. Həkimlər elə maşındaca mənə sistem köçürüb, qan qoşdular. Həkimləri görəndən sonra düşündüm ki, artıq yaralarımın qorxusu yoxdur. Gecə saatlarında Sarıcalıdakı hospitala çatdıq. Orda məni görən baş həkimin ilk sözü belə oldu ki, "Gecikdirməyin, tez əməliyyata salın” .
Əməliyyatdan çıxandan sonra həkimlərdən tək bir xahişim oldu ki, evdəkilərə heç nə deməyin. Anamın, doğmalarımın həyəcan keçirmələrini istəmədim. Amma artıq palatada ayılanda atamı yanımda gördüm. Anam narahat olmasın deyə, telefon vasitəsilə onunla əlaqə saxladım ki, yaxşıyam. Desələr ki, Kamilin vəziyyəti ağırdı, inanmayın. Sadəcə ayağımdan kiçik güllə yarası almışam. Amma anam mənə inanmadı, sən demə, xəbəri varmış. Sarıcalıdakı əməliyyatdan sonra Bakıdan vertolyot göndərdilər və Hərbi Hospitala yerləşdirdilər məni. Başqa da nə deyim?! Şükür Allahın bu gününə...
- Bildiyimiz qədəri ilə uşaq vaxtı idman həvəskarı olmusan. Bəs necə oldu ki, idmanı hərbiyə dəyişdiniz?
- Yaxşı yadıma saldınız, hərblə bağlı danışdım, idman yadımdan çıxdı (gülür). Birinci sinfə gedəndə eyni zamanda güləşə getmişəm. Rayon çempionatlarında, Daşaltı şəhidlərinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmişəm və qalib olmuşam. İlk məşqçilərim Fazil müəllim, İlham müəllim, Ceyhun müəllim olub. Daşaltı şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə birinci yeri tutandan sonra sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov mənim nümayiş etdirdiyim güləşi bəyəndi və məni elə həmin gün yığma komandaya dəvət etdi. Xeyli müddət yığma komandada məşqimi davam etdirdim. Elə o vaxtlardan da hərbçi olmaq qərarını verdim. Çünki bizi orda sadəcə idmançı kimi yox, həm də əsgər kimi yetişdirirdilər. Xüsusən də, bayraq qaldırmaq mərasimləri sanki məni hərbi sahəyə doğru itələyirdi.
- Tez-tez orta məktəb şagirdləri, idmançılarla görüşlərdə iştirak edirsən. Gənclərdə hərbi vətənpərvərlik ruhunu necə dəyərləndirirsən? Uşaqlar arasında özünü kəşfiyyatçı Kamil Musəviyə oxşatmaq istəyən varmı?
- Əlbəttə, gənclər arasında hərbi ruh kifayət qədər yüksəkdir. Xüsusən də qadınlarımız döyüşə daha həvəslidir. Bu isə bizə xüsusi stimul verir, ruh yüksəkliyimizi daha da artırır. Düzdür, biz Ermənistan deyilik ki, özümüz arxa cəbhədə oturaq, qadınları ön cəbhəyə, ermənilərlə döyüşməyə göndərək. Bizim qadınların vətənpərvər olması ona görə məni sevindirir ki, hər bir qadın eyni zamanda bir ana, bir bacı, bir həyat yoldaşıdır.
- Allah saxlasın, bir oğlun var. Yaşadığın çətinliklərə, itkilərə rəğmən övladının hərbiçi olmasını istərdin? Yaxud da hərbiçi olmaq istəsə, mane olmazsan ki?
- İnsan ancaq sevdiyi peşədə uğur qazana bilər. Bir nəfər Teymurləngə sual verir ki, necə oldu ki, bütün dünyanı fəth elədin? O da cavab verir ki, mən işi bilənə tapşırmışdım. Hərbi hər nə qədər çətin peşə olsa da, sevərək bu yolu seçən insan üçün heç bir çətinlik yaratmır. Əgər övladım da öz istəyi ilə bu sahəni seçərsə, mən ona ancaq uğurlar arzulayaram.
- Bəs, hərbiçi necə olmalıdır?
- Hərbiçi ilk növbədə dözümlü, iradəli olmalı, mübarizə aparmağı bacarmalı, fiziki və mənəvi baxımdan güclü olmalıdır. Hərbi sahənin sirlərini, döyüş qayda-qanunlarını öyrənmək çox vacibdir. Amma elə bir an gəlir ki, bunların heç biri insana kömək olmur. Düşdüyü mühasirədən ancaq gücün hesabına azad olmağı bacarırsan.
- Düzünü deyin, heç peşman olub, "bu mənə lazım idi?” kimi fikrə düşmüsünüzmü ?
- Yox, yox, əstəğfrullah, niyə ki?! Əksinə, bu gün olsa, yenə də bir an olsun düşünmədən irəli atılaram!
- Bunu artıq o acıları yaşamış və bir qəhrəman zirvəsinə yüksəlmiş qazi olaraq səmimi deyirsən, yoxsa sadəcə səni özünə örnək bilən gəncləri stimullaşdırmaq üçün?
- Tam səmimiyyətimlə deyirəm, mən vətən üçün verilən qurbanları itki saymıram. Narkotik maddələrdən istifadə edib sağlamlığına ciddi ziyan dəyən insanlar bunu özləri üçün itki hesab etsinlər, yaxud da oğurluqla, quldurluqla məşğul olan şəxslər başlarına bir qəza gələcəyi halda bunu özləri üçün itki hesab eləsin. Mən sağ ayağımı və sol gözümü vətən uğrunda qurban verməyimi itki saymıram. Bunu təsəlli üçün də demirəm, səmimi düşüncələrimdir. Biz kəşfiyyata gedəndə ölümü gözə alırdıq. Bilirdik ki, hər an düşmən gülləsinə tuş gəlib şəhid ola bilərik. Bunu bilməyimizə rəğmən qorxmadan əməliyyata davam edirdik ki, təki torpaqlarımız düşməndən azad olunsun, biz olmasaq da olar. Necə deyərlər: "Cansa can, qansa qan, səninləyik Azərbaycan”.
- Yenidən idmana qayıtmaq fikriniz varmı?
- Var. Düzdür, hələ ki, bu barədə heç kimə deməmişəm. Amma Allahın köməkliyi ilə atıcılıq üzrə paralimpiya oyunlarında iştirak etmək niyyətindəyəm. Sözün açığı, güləş üzrə yarışlara qatılmaq istərdim, amma maraqlananda gördüm ki, güləş üzrə paralimpiya oyunları keçirilmir.
- Kamil Musəvi adına küçə, yaxud da məktəb açılmasını, adının əbədiləşdirilməsi kimi bir gözləntiləriniz varmı?
- Vallah, mən özümü heç vaxt qəhrəman kimi hiss etmirəm. Vətən qarşısında öz borcumu yerinə yetirmişəm. Mən döyüşdə yaralanmışam, adıma məktəb açılmalı, mənə filan imtiyazlar verilməlidir kimi gözləntilərim heç vaxt olmayıb. Mən yaralanan gündən müəllimim Firdovsi Umudov, Qazaxın millət vəkili Kamran Nəbizadə və Nərimanov rayonunun millət vəkili Adil Əliyev hər zaman mənə dəstək olublar. Maddi və mənəvi cəhətdən yanımda olublar. Türkiyədə ayaq köçürülən zaman xeyli köməklik göstərdilər. Günü bu gün də tez-tez zəng edirlər ki, nəsə çətinliyin olsa, bizə xəbər elə. Şərt o deyil ki, mənim pula ehtiyacım var. Onların mənəvi cəhətdən mənə dəstək olması hər şeydən önəmlidir.
- Maddi çətinlikləriniz varmı?
- Xeyr, dövlət tərəfindən mənə aylıq müavinətlər ayrılıb və məişət qayğılarımızı ödəyir. Sizə bir şey deyim ki, hərbin çətinliklərini görən, ölümlə üz-üzə gələn insanlar üçün məişət qayğıları çətinlik törətmir.
- Kamil bəy, biz suallarımızı yekunlaşdırdıq. Gəldiyin və suallarımızı cavablandırdığın üçün sizə minnətdarıq. Çox sağ olun!
- Siz də sağ olun! Amma bax, kimin nə sualı varsa, nə qədər ki burdayam versin! Sonra deməyin ki, filan sual yadımızdan çıxdı, gərək onu da soruşardıq (gülür).
Bütöv yazını aşağıdakı linkdən oxuya bilərsiniz
Hazırladı: Ayyət Əhməd