Kaspişikin fəaliyyəti işğala xidmət edir





ATƏT-in 2017-ci il üzrə hesabatında deyilir ki, 2017-ci il ərzində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun komandası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daimi analiz etmək üçün monitorinqlər həyata keçiriblər. Hesabatda ən önəmli cümlə budur: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Kaspşikin ofisi fəal təsir göstərib”.


Bu barədə "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. 

O qeyd edib ki, əslində bu cümlə bizə təhqirdir və Azərbaycan XİN ATƏT-in bu hesabatına etiraz etməlidir:

"Məgər bölgədə sülh var ki, Kasprşik də ona xidmət etsin? Tam əksinə, sülh olmayan şəraitdə Kaspişikin fəaliyyəti faktiki torpaqlarımızın işğalının davamına xidmət edir. Çünki, Kaspşik və onun komandası atəşkəsin monitorinqini aparır, bu isə o deməkdir ki, Azərbaycan ordusu torpaqlarını azad etmək üçün qarşı tərəfə atəş açmamalıdır. Kaspşik və komandası ötən il 24 monitorinq aparıblar, bunların 6-sı Ermənistan-Azərbaycan sərhədində, 18-si isə təmas xəttində aparılıb. Soruşa bilərsiniz ki, Kasprşik niyə cəbhə bölgəsində Azərbaycan-Ermənistan sərhədindən 3 dəfə çox monitorinq aparır? Çünki, Kaspşik bilir ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, sərhəddə monitorinqə çox da ehtiyac yoxdur, ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqları geri almaq üçün plan hər zaman aktualdır. Ona görə də Kaspşikin vəzifəsi Qarabağ istiqamətində bizə mane olmaqdır".

Ayyət Əhməd