Kasprşik hərbiçidir, səlahiyyəti yoxdur

Azərbaycan ATƏT-dən tələb etməlidir ki, onun fəaliyyətinə dərhal xitam verilsin




ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib. Məlumata görə, dünən A.Kasprşik Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb. Görüşdə təmas xəttindəki vəziyyət müzakirə olunub.

A.Kasprşikin qərarını şərh edən politoloq Qabil Hüseynli bildirib ki, o, əsasən ATƏT-in xətti ilə bölgədə atəşkəs prosesinə nəzarət etməlidir. Atəşkəsin yerinə yetirilməsinə dair məlumatlar toplayıb adıçəkilən qurumun sədrinə təqdim etməlidir: "Amma o, missiyasına aid olmayan işlərlə məşğuldur. Konkret olaraq qondarma rejimin "lideri” ilə görüşmək qətiyyən onun səlahiyyətlərinə daxil deyil. Çünki bu görüş B.Saakyanı münaqişədə üçüncü və əsas tərəf kimi tanımaq deməkdir. Kasprşikin isə bu cür səlahiyyəti yoxdur. O, ümumiyyətlə diplomatik adam deyil. O, sırf hərbiçidir. Azərbaycan dərhal ATƏT-ə dərhal məlumat verməlidir və bu qurmun yüksək orqanlarından tələb etməlidir ki, Kasprşikin fəaliyyətinə xitam verilsin. Bu adam öz səlahiyyətlərini aşaraq diplomatik fəaliyyətinə uyğun olmayan işlə məşğuldur. Kasprşikin yol verdiyi nöqsan Azərbaycanın suveren hüquqlarının tapdanılması deməkdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. O, bölgədə atəşkəsin qorunmasına deyil, pozulmasına, separatçı rejimin ruhlanmasına və onun diplomatik baxımdan tanınmasına yol açır. Düşünürəm ki, Kasprşikin addımı ciddi beynəlxalq qalmaqala səbəb olacaq. Ölkəmiz məsələni ya ATƏT çərçivəsində, ya da BMT səviyyəsində qaldırmalıdır. Çünki BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var. Kasprşikin addımı bu qətnamələrin də tapdanılması deməkdir”.

Ayyət Əhməd