Keçmiş məhbuslara sığınacaqlar tikilməlidir

Eləsi var, cəzaçəkmə müddətində ailəsini, evini, iş yerini itirir


Məhbus həyatı maraq dairəsində olub həmişə; məhbuslar nə işlə məşğuldur, vaxtlarını necə keçirir – yəni vaxtı necə «öldürürlər»… Bəzən həbsxanadan azadlığa ötürülən, doğmalara, dost-tanışa hədiyyə göndərilən suvenirlər, əl işləri bu sualın qismən cavabını verir. Elə məhbuslar var, həbsxanada müəyyən sənət öyrənir, azadlığa çıxdıqda da öyrəndikləri sənət köməklərinə gəlir. Quba rayonunun Töhmər kəndində yaşayan keçmiş məhbus Murad Ağayev həbsxanada öyrəndiyi ağac oyma sənətinin ona azadlıqda çörək pulu qazandırmasından danışıb. 

Keçmiş məhbus danışıb ki, fikrini yayındırmaq, kəsilmiş cəza müddəti ərzində həbsxana şəraitinə uyğunlaşmaq üçün hansısa bir sənətlə məşğul olmaq qərarına gəlib. Məhbus həbsxanadakı emalatxanada taxta oyma sənətini öyrənib və gözəl əşyalar düzəltməyə başlayıb. Azadlığa çıxanda da bu sənət karına gəlib. İndi öz əl işlərini satır və ailəsi üçün qazanc əldə edir. Hədiyyə verdiyi əl işləri də olur. Keçmiş məhbus ailəsini dolandırmaq üçün bütün çətinliklərə dözdüyünü, əlinin zəhməti ilə dolandığını deyib.

Keçmiş məhbusun əhvalatı həbsxanalarda iş problemi və məhbusların məşğulluğunun təmini sahəsində addımlar atıldığını da göstərir. Amma bunlar yetərlidirmi?

Qeyd edək ki, bir müddət əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlərin davam etdirildiyini bildirmişdi. Məsələn, bəzi cəzaçəkmə müəssisələrində selofan torbaların istehsalı sexinin yaradıldığı, bəzi müəssisələrdə isə istixanaların fəaliyyət göstərdiyini və məhbusların burada əmək haqqı müqabilində çalışdıqları bildirilirdi.

Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev «Şərq»ə açıqlamasında "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyası haqqında” Qanuna diqqət çəkdi:

- Qanun ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya və maddi yardımın göstərilməsini nəzərdə tutur. Keçmiş məhbuslara orta əmək haqqının dörd misli qədər birdəfəlik pul verilməlidir ki, bu da 400-500 manat deməkdir. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş keçmiş məhbuslar bir il müddətində sosial reabilitasiya mərkəzlərində qala bilər. Bu müddət keçmiş məhbusun penitensiar müəssisədən azad olunduğu gündən deyil, sosial reabilitasiya mərkəzində qeydiyyata götürüldüyü gündən hesablanmalıdır. Amma bununla belə keçmiş məhbuslar cəza müddətləri başa çatdıqda sosial həyata çətin adaptasiya olurlar. Bu da fərdi xarakter daşıyır. Qısa zamanda adaptasiya olanlar da var, çətin adaptasiya olanlar da. Elə məhbus var, azadlığa çıxdıqda evi, ailəsi, normal dolanışığı olur və belələri üçün adaptasiya dövrü tez və asan keçir. Amma elə məhbus var, cəzaçəkmə müddətində ailəsini, evini itirir, iş yeri olmur. Ümumiyyətlə, ailə qurmamış məhbuslar da olur. Belələrinin cəmiyyətə adaptasiyası əlbəttə çətin ola bilər. Ona görə də biz həmişə məhbuslara fərdi yanaşmanı vacib sayırıq.

Cəzaçəkmə müddəti bitmiş keçmiş məhbusun gedəcəyi bir ünvan olmalıdır. İlk vaxtlarda keçmiş məhbusun bir müddət yaşaması üçün sığınacaqlardan istifadə etməsi də mümkündür. Bunun üçün də keçmiş məhbuslara sığınacaqlar tikilməlidir.

Ə.Nuriyev qeyd etdi ki, məşğulluq məsələsi də önəmlidir:

- Məlumdur ki, kriminal keçmişi olan şəxslərin işə qəbulunda həmişə çətinlik yaşanır, idarə və müəssisə rəhbərləri belə adamlardan yan keçir, onlara etibar etmirlər. Nəticədə keçmiş məhbus işsiz qalır və bu da onun gələcək taleyində bəzən çox mənfi halların yaranmasına gətirib çıxarır, hətta bu şəxslər yenidən cinayət törədib həbsxanaya qayıtmaq barədə də düşünürlər.

 Və təəssüf ki, aralarında belələri də olur. Bu problemlər yaşanmasın, insan yenidən həyatın dibinə yuvarlanmasın deyə, kriminal keçmişi olan şəxslərin əməyindən istifadə, peşə yönümünün artırılması vacibdir. Bu məqsədə çatmaq üçün də cəzaçəkmə müəssisələrində mümkün qədər çox iş yerlərinin yaradılması, məhbusların peşəyə, sənətə yiyələnmələri üçün kiçik emalatxanaların, sexlərin olması vacibdir. Bununla məhbuslar həm cəzalarını çəkdikləri müddətdə qazanc əldə edə bilər, həm də azadlığa çıxdıqda əlində bir sənəti olar, ailəsi olan ailəsini, ailəsi olmayan da özünü dolandırar.

Amma məhbus cəzasını başa vurdu, azadlığa çıxdı, nə iş yeri var, nə evi. Burda artıq təkrar cinayət əməli ilə şəxs arasında kövrək bir bağ – bir addım qalır. Bəzisi fikirləşir ki, azadlıqda yaşamaq üçün heç bir vasitəsi yoxdur, ondansa həbsxanaya qayıtsın. Beləliklə təkrar törədilən cinayət əməllərinin sayı artmış olur.

Ə.Nuriyev qeyd etdi ki, Azərbaycanda cəza müddəti başa çatmış, yaxud bu və ya digər formada cəzadan azad edilmiş şəxslərin yenidən cinayət törətmə faizi aşağıdır:

- Cinayətkarlığın səbəbləri bir sıra hallarda sosial problemlər, habelə keçmiş məhkumların məşğulluğu problemi ilə bağlıdır. Ölkəmizdə cəzadan azad edilmiş şəxslərin məşğulluq məsələsi həll olunur. Bu şəxslərin daha çox işlə təmin edilməsi faizi artır. Amma bu, yetərli deyil. Özəl sektor məhkum olunmuş şəxsləri işə götürməkdə maraqlı deyil. 

Qanunda kvotalar, güzəştlər, limitlər olsa da, buna əməl edilmir. Azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiya qanununa əsasən məhkumun azad olunmasına 3 ay qalmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nümayəndələri cəzaçəkmə müəssisələrinə gələrək, məhkumların azadlığa çıxması ərəfəsində bir sıra sosial xarakterli hərəkətlər edirlər. 

Məhkumların eyni zamanda peşəkarlıq baxımdan da problemləri var. Onların ixtisaslı peşələrinin olmaması işlə təmin olunmalarına maneçilik yaradır. Ona görə də yeni peşələr üçün yeni proqramların hazırlanmasına ehtiyac var. Peşə yönümlü təhsildə məhkumlar üçün təhsil proqramları olmalıdır. Eyni zamanda təlim proqramları, peşə təlimi proqramları icra olunmalıdır ki, keçmiş məhbusların cəmiyyətə adaptasiyası daha rahat və qısa zamanda reallaşsın. Bununla biz keçmiş məhbusları ailələrinə və həmçinin cəmiyyətə qaytara bilərik.

Məlahət Rzayeva