Kəmiyyət dəyişdi

Daha jurnalistika fakültəsinə jurnalist olmaq istəyənlər gəlir




Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən il jurnalistikaya qəbul qaydalarında dəyişikliklər edib. Belə ki, əvvəllər qəbul imtahanında topladığın balla jurnalistika fakültəsinə düşmək mümkün idisə, artıq keçən ildən başlayaraq jurnalist olmaq istəyən kəslər qabiliyyət imtahanı da verməli olublar.

Heç kimə sirr deyil ki, qabiliyyət imtahanı tətbiq olunduqdan sonra bu sahəyə gələnlərin sayında azalma müşahidə olunub. Bu günlərdə TQDK-dan bildirilib ki, ötən il jurnalistika ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 569 nəfər idisə, bu il həmin rəqəm 496-a enib. Məlumat üçün bildirək ki, keçən il 569 nəfər Jurnalistika fakültəsinə qəbul olmaq üçün qeydiyyatdan keçib ki, onlardan da 441 nəfəri testdə mümkün bal toplayaraq, müsabiqə şərtini ödəyib. Yazı imtahanında iştirak etməyə 315 nəfəri gəlməyib və yazı müsabiqəsinə yalnız 126 nəfər qatılıb. Həmin gənclərdən 51 nəfər məqbul alıb ki, onun da 46 nəfəri Jurnalistika fakültəsinə qəbul olunub. Onlardan 40 nəfəri Bakı Dövlət Universitetini, 4 nəfəri Azərbaycan Dillər Universitetini, 2 nəfər isə Bakı Slavyan Universitetini seçib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev söyləyib ki, qabiliyyət imtahanının bərpası jurnalist cameəsinin çoxdan gözlədiyi bir məqam idi ki, bu da keçən il reallaşdı: "Düzdür, fakültədə tələbə sayı azaldı, plan yerləri boş qaldı. Amma burada ən üstün başqa ali məktəblərlə müqayisədə Bakı Dövlət Universiteti idi. Tələbələrin ümumi marağı əlbəttə qaneedicidir. İndiyə qədər hüquq və digər ictimai fənn fakültələrindən kəsilənlər, məhz jurnalist olmaq istəyənlərdən az da olsa, balı yuxarı olanlar zorən bizə düşürdülər. Amma keçən ildən bu vəziyyət dəyişib. Bu, uğurlu seçimdir və davam etsə, nəticələr də yaxşı olacaq. Hesab edirik ki, bu il qəbul olunan tələbələrin sayında da artım olacaq. Bəzi məlumatlara görə, bu il 560 abituriyent jurnalist olmaq üçün qeydiyyatdan keçib və düşünürük ki, onlardan 120 nəfəri seçmək olacaq”.

Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Leyla Hüseynova vurğulayıb ki, onlarda qabiliyyət imtahanından keçən 2 tələbə təhsil alır. "Onlar bizim universitetdə oxumağa maraqlıdırlar. Hətta qeyd edirlər ki, jurnalistikaya həvəsi olanlarla oxumaq daha yaxşıdır, çünki həvəsi olmayanlar onları daha da geri çəkə bilərlər. Hətta biz onlara SABAH qruplarına qoşulmağı bildirdikdə belə, həmin 2 tələbə universitetdə qalmağı və buranın müəllimlərindən praktik təcrübə öyrənməyi üstün tutdular. Onların artıq universitet qəzetində yazıları çıxır, yay tətili olsa da, müxtəlif yerlərdə işləyirlər”.

Ayyət Əhməd