"Böyük neft gəlirləri dövründə kənd təsərrüfatı sahəsi arxa plana keçdi, nəzər yetirilmədi və bu sahədəki problemlər ümumiyyətlə, donduruldu”.
Bunu Sherg.az-a kənd təsərrüfatı məsullarının qiymətlərində müşahidə olunan bahalaşmanın səbəblərindən danışarkən iqtisadçı ekspert Qadir İbrahimli deyib.
O bildirib ki, Azərbaycan mahiyyətinə görə aqrar ölkə sayılır, amma hələ ki, sənaye ölkəsi deyil:
"Çünki məşğul əhalinin təxminən 38 faizə yaxını kənd təsərrüfatında çalışır. Bu təxmini 2 milyona yaxın insan deməkdir. Əslində xarici ölkələrlə müqayisə üçün deyə bilərik ki, Avropada bu göstərici 2 faiz həddindədir. Yəni məşğul əhalinin təxminən 2 faizi aqrar sahədə çalışır. Almaniyada aqrar sahədə məşğulluq 1,7 faizdir. Nəticə etibarilə 80 milyonluq əhalisi olan Almaniyada kənd təsərrüfatında Azərbaycandakından az insan çalışır. Bu onunla bağlıdır ki, Azərbaycanın kənd təsərrüfatında ixtisaslaşma getmir. Satış bazarları yoxdur, inkişaf hələ də ekspertiz üsulla həyata keçirilir. Məsələn,onlar bir hektardan məhsuldarlığı artırmaq üçün daha çox torpaq əkməyə meyllidirlər. Buna rəğmən Avropa ölkələrində isə eyni ərazidən texniki tərəqqi ilə daha çox məhsul istehsal etməyə üstünlük verilir. Almaniyada bir hektardan 50 ton taxıl yığılırsa, Azərbaycanda 10-15 ton taxıl yığılır. Buna iqtisadi nəzəriyyədə ekspensiv inkişaf deyilir. Əsas məsələ odur ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının satış bazarı yoxdur. Bu da istehsalçılarda stimul yaratmır. Kənd təsərrüfatının inkişafı üçün modern emal müəssisələri yaradılmalıdır, həmin müəssisələr fermerlərlə kontraktlar qurub, onların məsullarını almağa zəmanət verir və beləliklə fermerlərin xərclərinin bir hissəsi avans şəklində onlara verilir. Yalnız bu şərtlər daxilində aqrar sektorun intensiv inkişafı mümkündür. Bu eyni zamanda gələcəkdə Azərbaycanda məzmunca iri fermer təsərrüfatlarının yaranmasına gətirib çıxarır ki, bununla daha az işçi qüvvəsi ilə daha çox məhsuldarlıq həyata keçirmək, bazarda bolluq yaratmaq olar. İndiki halda qiymətlərin artımı daha çox idxal qiymətlərinin artımıdır. Yenə həmin problemin kökündə qeyd etdiyim məsələ durur”.
Azərbaycandakı aqrar sahənin 10 milyonluq əhalinin ehtiyaclarını qarşılaya biləcək səviyyədə olmadığını qeyd edən Q.İbrahimlinin sözlərinə görə, ölkə hətta zəruri meyvə-tərəvəz məsullarını da xaricdən idxal etməyə məcburdur:
"Ölkədə problem ortaya çıxır, tərəvəzlərin qiyməti qalxır. Çünki bu məsulların yalnız bir qismi Azərbaycanda idxal olunur. Azərbaycan öz məsullarını idxal edə bilmir. Hesab etmirəm ki, dövlətin buna böyük maddi dəstəyinə ehtiyac var. Sadəcə hökumət bu sahəyə şərait yaratmaqla emal-sənaye müəssisələrinin yaradılması stimullaşdırılmalıdır. Həmin prosesi dəstəkləməlidir ki, həm yeni iş yerləri açılsın, həm də aqrar sahə inkişaf etsin. Yeni sahələr yaransın. Bundan sonra artıq müəyyən satış bazarı da var ki, həmin sahələrdə inkişaf yarana, maliyyə əldə oluna bilər.
Bütün bunlara baxmayaraq kənd təsərrüfatı sahəsində, aqrar sektorda dəyişikliklərə meyl hiss olunmur, Azərbaycanda yeni emal müəssisələrinin yaranması ləng aparılır, hətta demək olar, heç aparılmır. Düşünürəm ki, hələ uzun müddət Azərbaycan iqtisadiyyatı kənd təsərrüfatı mallarından asılı vəziyyətdə olacaq. İstənilən halda manat daha da kəskin ucuzlaşarsa, üzümüzə gələn vaxtlarda qiymət artımları daha kəskin müşahidə oluna bilər”.
Aysel Aslan