Kerri erməni diasporunun maliyyə dəstəyinə arxalanır...

...Ancaq unudur ki, Azərbaycan güclü dövlətdir, planlar baş tutan deyil



"Azərbaycana qarşı səlib yürüşünün yeni dalğası başlayıb. Bu cür addımlar birinci dəfə deyil. Azərbaycan müstəqillik qazanandan bəri, xüsusilə də, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdıb dövləti gücləndirmək yönündə işlərə başlamasından sonra vaxtaşırı ölkəmizi zəiflətmək, təzyiqlər altında saxlamaq naminə hücumlar edilib”.

Bunu YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən Azərbaycana qarşı başladılan kampaniyaya münasibət bildirərkən deyib. Deputat deyib ki, Azərbaycan müxtəlif zamanlarda etmədiyi işlərə görə ittiham olunur, az qala ölkəmizi izolyasiyaya salmaq cəhdləri göstərilir: "Burada bir səbəb var. Azərbaycanın müstəqil daxili və xarici siyasət yeritməsi müəyyən dairələri ciddi narahat edir. Müəyyən güclər Azərbaycanı özünün forpostuna çevirməyə çalışır. Bəzi iri şirkətlərin Azərbaycanda arzuladıqları çoxmilyardlıq gəlirləri əldən çıxdığına görə ölkəmizdən qisas almağa çalışırlar. Ölkədə neftdən gələn gəlirlərin iqtisadi və sosial problemlərin həll edilməsinə, güclü dövlət yaradılmasına yönəldilməsi onları razı salmır. Bu gün Azərbaycanın Liviya və Suriya ilə eyni vəziyyətdə olması onlara daha çox sərf edərdi. Bu, bir sıra dairələrə ona görə lazımdır ki, Azərbaycanı öz təsirləri altında saxlasınlar və davamlı şəkildə öz istəklərini həyata keçirsinlər, istənilən vaxt müdaxilə imkanına malik olsunlar. Lakin bu onlarda alınmır”. Deputat qeyd edib ki, Azərbaycan heç vaxt heç kimin forpostu olmayıb, heç bir xarici gücün siyasi sifarişlərini icra etməyib: "Buna görə də, gah rəngli inqilablar, gah "Azərbaycan baharı” reallaşdırmaq, gah da Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq üçün cəhdlər göstərilir. Con Kerri ilə bağlı açıqlanan plan isə yeni mərhələdir. Amma onlar yaxşı başa düşürlər ki, bu plan heç vaxt həyata keçməyəcək. Birincisi, Azərbaycanda ciddi sosial problemlər yoxdur. İkincisi isə, o dairələrin Azərbaycanda güclü sosial bazası yoxdur. Buna görə, ölkədə "beşinci kolon” yaratmaq uğrunda mübarizə aparırlar.

Millət vəkili Fəzail Ağamalı da deyib ki, ABŞ dövlət katibi Con Kerrinin antiazərbaycan mövqeyi hələ 1990-cı illərin əvvəllərindən məlumdur. O zaman Qorbaçova məktub ünvanlayaraq erməniləri müdafiə edib Azərbaycana qoşun yeritməsinə çağıran məktubun müəlliflərindən biri məhz Con Kerridir. Deputat qeyd edib ki, Kerri erməni diasporunun pulu ilə yaşayan, ayaqda dayanan bir insandır: "Bütün mənalarda C.Kerri hər zaman antiazərbaycan mövqeyi sərgiləyib və bu gün də Azərbaycana qarşı aparılan kampaniyaların hamısı həm də Kerrinin birbaşa fəaliyyətinin nəticəsidir. Millət vəkili hesab edir ki, ABŞ kimi nəhəng bir dövlət C.Kerrinin əlində qalıbsa və özünün siyasətini onun vasitəsilə reallaşdırırsa, bu, artıq ABŞ-ın imicinə böyük zərbədir, beynəlxalq aləmdə ABŞ-a etimadı zəiflədən bir hadisədir: "Çox təəssüf olsun ki, bu gün ABŞ-ın xarici siyasətində məhz Con Kerrinin rəhbərliyi altında bir erməni barmağı dayanır. Nə qədər ki, ABŞ-ın xarici siyasətində Con Kerri aparıcı mövqedə dayanır, ABŞ-ın bu və ya digər səviyyədə antiazərbaycan siyasəti davam edəcək. Ona görə də biz faktlara, arqumentlərə söykənərək Con Kerrinin ifşa olunmasında iradəmizi ortaya qoymalıyıq”.

Milli Məclisin üzvü, politoloq Asim Mollazadə bildirib ki, C.Kerri Azərbaycan əleyhinə olan 907-ci düzəlişin müəlliflərindən biridir və Massaçusets ştatından senator olduğu vaxtlarda erməni diasporu ilə sıx fəaliyyətdə olub. A.Mollazadə istisna etmir ki, dövlət katibi postunda fəaliyyətinin bitməsi ərəfəsində C.Kerrinin erməni diasporu ilə əlaqələri yenidən güclənib: "Onun antiazərbaycan fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafı baxımından deyil, daha çox varlı erməni diasporunun maraqları ilə izah olunur”.

Millət vəkili Musa Quliyev deyib ki, Azərbaycanın müstəqil siyasətini həzm etməyən müəyyən siyasi dairələr, beynəlxalq güclər, Azərbaycanı daim özünün iqtisadi və siyasi asılılığı altında saxlamağa cəhd edən qüvvələr yeni şər kampaniyasına başlayıblar: "Azərbaycanın müstəqilliyinin ildən-ilə möhkəmlənməsi, ictimai nüfuzunun artması, iqtisadi potensialının güclənməsi, təəssüflər olsun ki, bəzi dairələri daim qıcıqlandırır və narahat edir. Ölkəmizin Avropa tarixində yeni imzası olacaq ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dostlarımızı sevindirdiyi kimi, bədxahları da narahat edir, ölkəmizə və xalqımıza qarşı şər kampaniyası başlamağa vadar edir”.

Deputat təəssüf hissi ilə bildirib ki, bu kampaniyaya Amerika Dövlət Departamentinin müəyyən şöbələri də qoşulublar və Azərbaycana qarşı həqiqətə uyğun olmayan informasiyalar yayırlar: "Con Kerri və onun əlaltıları Azərbaycan həqiqətlərini bildikləri halda utanmadan, riyakarcasına bu həqiqətləri təhrif edərək, Azərbaycanda guya insan haqlarının pozulması, demokratiyanın lazımi səviyyədə olmaması kimi iddialarla çıxış edirlər. Azərbaycan xalqı onu istəyən və istəməyən qüvvələri yaxşı tanıyır. Əgər həmin o Con Kerridə bir balaca ədalət hissi olsaydı, 907-ci düzəlişin hansı səbəbdən qəbul olunduğunu və indiyə qədər niyə aradan qaldırılmadığını bəyan edərdi. Azərbaycan ərazisi işğal olundu, azərbaycanlılar Xocalıda və digər rayonlarda qətliama məruz qaldılar, bir milyona yaxın əhali qaçqın və məcburi köçkün oldu, əvəzində isə ABŞ dövlət departamenti və senatı tərəfindən cəzalandırılan da Azərbaycan oldu”.

Musa Quliyev deyib ki, Kerri və onun ətrafı Amerikada yaşayan erməni diasporunun maliyyə dəstəyindən yararlanaraq onların lobbiçiliyini həyata keçirirlər: "Hesab edirəm ki, bu, Amerika dövlətinin siyasəti deyil. ABŞ-ın siyasəti Azərbaycanla aydındır və həmişə istənilən səviyyədə davam edəcək. Amma müəyyən qüvvələrin, hətta ABŞ Dövlət Departamenti səviyyəsində erməni diasporuna satılanların bəd niyyətləri gec-tez ifşa olunacaq”.

İsmayıl