
Kim HAQQ EDİB?
Qız gənc oğlanı küçənin ortasında döydü
Olaya münasibət bildirən xanım və kişilərin fikirləri haçalandı

Paytaxtda metronun "Memar Əcəmi” stansiyası yaxınlığında maraqlı hadisə yaşanıb. Gənc idmançı xanım ona sataşan oğlanı küçənin ortasında döyüb. Hadisə şahidlərinin məlumatına görə, gənc bir oğlan iki xanıma söz atıb, xanımlardan biri oğlanın davranışına sərt cavab verib. Qızın cavabı oğlanın xoşuna gəlmədiyi üçün o qızların birinə nalayiq hərəkətlər etmək istəyib. Lakin niyyəti baş tutmayıb. Xanımlardan biri peşəkar idmançı olub. İdmançı xanım ona qarşı kobud rəftar etmək istəyən oğlanı elə küçənin ortasındaca əzişdirib. Hadisəyə tamaşa edən şəhər sakinləri baş verənləri lentə alıblar və hazırda həmin görüntü sosial şəbəkələrin müzakirə mövzusudur. Şübhəsiz ki, idmançı xanımın reaksiyasını "bu cür davranışlar xanıma yaraşmaz” deyib, top atəşinə tutanlarla yanaşı, dəstəkləyənlər də yetərincədir.
Bu halın təəssüf doğurduğunu deyən taekvando üzrə milli hakim və idman jurnalisti Təranə Xudabaxşiyeva "Şərq”ə açıqlamasında qeyd edib ki, bəylərin küçədə özünü apara bilməməsi, xanımlarla mədəniyyətsiz rəftarı çox pisdir: "Qadın incə məxluqdur” düşüncəsindən istifadə edərək onları əzmək olmaz. Xanımın özünü müdafiə etməsini alqışlayıram. Cəmiyyətdə belə hadisələr baş verdiyi halda bütün xanımları idmanla məşğul olmağa, özlərini müdafiə etməyi öyrənməyə çağırıram. İdmançı xanımlarımız çox olsa, bəlkə belə "kişilər” küçədə özlərinə nəzarət edərlər”.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə idmançı xanımın addımını müsbət dəyərləndirməyib. Onun qənaətincə, zora zorla cavab vermək yanlış yanaşmadır: "Türkiyə qanunvericiliyində belə hallara dair maddələr yer alıb. Xanımlara söz atan bəylər cəzalarını alırlar. Azərbaycan reallığında isə həmin sahədə çətinliklər mövcuddur. Bu çətinliklər də stereotiplərdən irəli gəlir. Çünki qadın şikayət etsə, deyəcəklər ki, "düyə göz eləməsə, buğa sıçramaz” . Buna rəğmən bütün hallarda güc deyil, qanun danışmalıdır. Məsələ qanuni şəkildə həll olunmalıdır. Belə halla üzləşən qadın hüquq-mühafizə orqanına məlumat ötürməlidir. Zorakılığa zorakılıqla cavab vermək doğru seçim deyil. Çünki "qana-qan” prinsipi ölümlə nəticələnə bilər. Hər şey hüquqi çərçivədə tənzimlənməlidir. Qadınlar öz hüquqlarını öyrənməyə səy göstərməlidirlər. Qadın polisə sübut göstərə bilsə, onun cəzalanmasına nail olsa, növbətilər bu addımı atmaz. Əks halda, oxşar halların qarşısını almaq çətin olacaq”.
Tanınmış jurnalist Fərəh Sabirqızı da fiziki zorun əleyhinədir. Həmkarımızın fikrincə, istər qız, istər oğlan - kiminsə kimisə döyməsi sadəcə vəhşilikdir: "Amma bəzi hallar olur ki, fiziki güc qaçılmaz olur. Görünür, küçədə hər kəsin gözü qarşısında baş verən o hadisə zamanı həmin oğlan xanımın heysiyyətinə toxunacaq söz deyib. O da özünü saxlaya bilməyib. Etiraf etmək lazımdır ki, azərbaycanlı gənc oğlanların böyük bir qismi küçədə, ictimaiyyət arasında özünü aparmağı, xüsusilə də əks cinsə qarşı elementar davranış qaydalarını bilmir. Hesab edirlər ki, yalnız cinsi mənsubiyyəti onlara istədiklərini deməyə, yüngül sözlər işlətməyə, atmaca atmağa ixtiyar verir”.
Jurnalistin müşahidələrinə görə, cavanlar sanki söyüş söyə bildiklərini hər kəsə nümayiş etdirməklə fəxr edirlər, öyünürlər: "Yoxsa, insan niyə bərkdən söyüş söyər, təhqiramiz ifadələri səsləndirər? Eynilə, qızlara kompliment, xoş söz demək əvəzinə, tikanlı sözlər işlədir, bacardıqca daha ağır sözlərlə təhqir etməyə çalışırlar. Səbəbini anlamaq olmur. Məncə, bu, tərbiyə, davranış qaydalarından daha çox hardasa psixoloji problemdir, natamamlıq kompleksindən irəli gəlir. Çünki heç kim heç bir məsələdə etirazı, imtinanı qəbul etməyə hazır deyil. Əslində, adi görünən bu davranışın köklərini ciddi araşdırmaq, hələ məktəbdə uşaqlara ciddi psixoloji məsləhətlər vermək, onları özbaşına böyüməyə buraxmamalıyıq”.
Psixoloq Fərqanə Mehmanqızının isə cavabı daha kəskin olub: "Bu hadisə artıq bəzi "kişilərə” örnək olacaq. Onlar anlamağa başlayacaqlar ki, qadınlarla bu cür rəftar etmək olmaz. Yumşaq desək, qadına söz atmaq mədəniyyətsizlikdir. Kişinin qadının gücünü hiss etməsi yaxşı haldır. Amma düşünmürəm ki, bu örnəklər bəzi "kişiləri” öz "hünərlərindən” çəkindirsin. Çünki analoji hadisələr çox yaşanıb. Bu sadəcə bəzi kişilərin zəifliyinin və acizliyinin göstəricisidir”.
Günel Treu:
Təəssüf etdim, doğrusu mənə heç yaxşı təsir göstərmədi, estetik olaraq çox bərbad görünürdü.
Amma mən burda günahı qadında deyil, kişidə gördüm, ümumiyyətlə mənə görə fahişə qadınla küçədə qadına söz atan "kişi” eyni təfəkkürdədi, çünki hər ikisi namussuzluğunu isbat edir.
Etiraf edim ki, dəfələrlə hansısa gədənin ağzın-burnun qırmaq istəmişəm, amma heyfim gəlib əllərimə. Kişi dediyin ağayana, təmkinli, mərd olar. Hərdən düşünürəm bu qədər gədəni kim doğub? Çox pis oldum bu videodan, qadını bu həddə çatdırmazlar axı, ancaq xanımın da təmkinli olmasını istərdim, hər iki halda heyif...
Jurnalist İntiqam Valehoğlu da xanımın cavabına haqq qazandırıb: "Heç birimiz deyə bilmərik ki, nə vaxtsa qıza söz atmamışıq. Hamımızda olub. Amma görünür, oğlan bunu çox tərbiyəsiz formada etdiyi üçün belə cavab alıb. Qızın hərəkətində pis heç nə yoxdur. Bu arada qızın idmançı olması diqqətimi çəkdi. Deməli, idmanla məşğul olanda qadın belə öz problemini həll etməyə qadirdi. Oğlana da Allah şəfa versin!”.
Maraqlı iddialarla çıxış edən jurnalist Mübariz Bayramov idmançı xanımı qınayıb: "Videoda nə Həcər, nə də Nigar yoxdur. Amma bütün hallarda ilk baxışda olanlar barədə dəqiq nəsə demək mümkün deyil. Bəlkə də hadisə medianın yazdığı formada cərəyan etməyib. Təpkilərin nəyə görə atıldığını, oğlanın niyə susduğunu bilmirik. Amma ayrılıqda görüntüyə qiymət verdikdə, bizdə qadın cinsinin bu cür hərəkət etməsi yaxşı deyil. Aydın məsələdir ki, qız durduğu yerdə onu vurmur. Ancaq həmin qız bundan sonra daha çox ictimailəşdi. Onun videoya çəkildiyini bilsə idi, belə hərəkət edəcəkdimi? Oğlana gəldikdə isə, onun hərəkət etməməsinin ilk səbəbi günahkar olduğudur. Həm də bizim cəmiyyətdə yad qadını vurmaq ağır nəticələrə gətirir. Mən inanmıram ki, hansısa qadın belə bu qıza haqq qazandırsın. Sataşılmağın cavabı bu deyil”.
Həmkarımız onu da diqqətə çatdırıb ki, cəmiyyətimizdə hər qıza söz atılmır və hər oğlan da bunu etmir: "Ancaq bütün hallarda mövzu nə qədər ictimailəşəcəksə, qız da, oğlan da bir o qədər biabır olacaqlar. Burada həm də bir məşhurlaşmaq sevdası duyulur”.
Müsahibimiz düşünür ki, bizdə tanımadığımız qadına salam vermək də bəzən söz atmaq sayılır: "Bu, dünyanın hər yerində var. Desək ki, savaddan, dünya görüşündən asılıdır, onda intellektual cəhətdən ən yüksəkdə olan ölkələri gözümüzün qarşısına gətirək. Yəni, problem insan olan hər yerdə var. Hətta qızın oğlana söz atmasına da təsadüf edilir. Onun həddini azaltmaq olar, birdəfəlik yoxa çıxartmaq mümkün deyil. Amma inanın ki, biz əxlaqda keçid dövrünü yaşayırıq. Qərbik, şərqiq, türkük yoxsa ərəb, bilmirik. Oturuşmuş dövlət halına gəldikdən sonra problemin konkret səbəbini deyə biləcəyik”. M.Bayramov onu da əlavə edib ki, oğlanların bu işə meyillənmə səbəbinin konkret cavabı yoxdur: "Ən düzgün cavab: "bizim biomuz belədir”. Torpaq sudan, cins cinsdən doymaz. Ümumiyyətlə, əks cinsləri biri-birinə yaxınlaşdıran intim hissdir. Bütün pis və ülvi duyğular bunun üzərində qurulur. Yəni, bıçaq caninin və həkimin əlində olarsa, nə olar, məsəli”.
Ayyət Əhməd