Siyasi liderlərin çoxu dairələrini müəyyənləşdirib
Kim, hardan?
Onlar mandat sahibi olmaq istəyir
Siyasi liderlərin çoxu dairələrini müəyyənləşdirib
Siyasi liderlərin çoxu dairələrini müəyyənləşdirib
2015-ci ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edib-etməyəcəkləri ilə bağlı növbəti sorğunu ölkədə aktiv fəaliyyət göstərən siyasi partiyalar arasında keçirdik. Partiyaların seçki hazırlığını, rəhbərlikdən kimlərin seçkiyə qatılacağını öyrənməyə çalışdıq. Nəticələrdən bəlli oldu ki, sayca 5-ci olan parlament seçkilərində aktiv şəkildə olmasa da, bəzi partiyalar seçki hazırlığına artıq start verib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu açıqlamasında seçkidə iştirak etmək istədiyini bildirib: "Parlament seçkilərində iştirak etməyi düşünürəm, amma hələ qəti qərarımı verməmişəm. Seçki yaxınlaşdıqca, vəziyyət aydınlaşdıqca, qərarım da qətiləşəcək”. Hələlik dəqiq olmasa da, S.Cəlaloğlu mandat uğrunda mübarizəyə Nəsimi və ya Binəqədi rayonlarından, 9 və ya 7 saylı məntəqələrdən qatılacaq.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin də cari planları arasında seçkilərdə iştirak etmək də var: "2010-cu il də Nəsimi rayonunun 22 saylı seçki dairəsindən namizədliyim irəli sürülmüşdü. Həmin dairənin seçki komandası yenidən oradan namizəd olmağımı istəyirlər. Amma bizim partiya təşkilatının üzvləri Sabirabad, Saatlı və Kürdəmir rayonlarını əhatə edən 65 saylı seçki dairəsindən namizəd olmağımı təklif edirlər. Yəqin ki, bu iki dairədən birini seçəcəyəm”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da seçkidə iştirak etmək niyyətindədir.
"Biz hətta seçki ilə bağlı blok da yaratmışıq. İnşallah, özüm də deputatlığa namizəd olacağam”. KXCP liderinin hansı dairədən namizəd olacağına gəldikdə isə o deyib ki, Sumqayıt şəhərinə aid olan iki dairədən və ya rayonlardan birindən namizədliyini verməyi planlaşdırır. Sadəcə hələ ki dairə dəqiqləşmədiyindən, dəqiq say demədi.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev də namizədliyini verəcək. Amma partiya sədri hansı dairədən namizədliyini irəli sürəcəyini hələ ki dəqiqləşdirməyib.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə parlament seçkilərində iştirakla bağlı qərarını dəqiqləşdirməyib: "Vaxtı gələndə bu barədə öz mövqeyimi açıqlayacam”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Əli Əliyev də namizəd olaraq seçkilərdə iştirak edəcək: "Bu günə qədər olan seçkilərdə müxtəlif seçki dairələrindən namizədliyimi irəli sürmüşəm. İstisna deyil ki, bu dəfə də tamamilə yeni bir dairədən öz namizədliyimi irəli sürüm. Təbii ki, bu, yerli təşkilatların seçkilərə hazırlıq dərəcəsindən asılı olacaq”.
Ə.Əliyev deyib ki, VİP-in tək namizədi o olmayacaq: "Vətəndaş Həmrəyliyi Partiyası "Azadlıq-2015” seçki blokunun tərkibində fəaliyyət göstərən 8 partiyadan biridir. "Azadlıq-2015”-in builki seçkilərdə 100-ə yaxın namizədlə iştirakına dair ilkin razılıq var. Bu həftə keçirdiyimiz toplantıda isə 70 nəfəri artıq təsdiq olunub. Həmin namizədlər içərisində isə 15-ə yaxın VİP üzvü var”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə seçkilərdə iştirak edib-etməyəcəyi barədə seçki ərəfəsində dəqiq qərar verəcəyini açıqlayıb: "Bununla bağlı müzakirələrimizə seçkilər ərəfəsində yekun vurulacaq”. Ötən seçkilərdə Nərimanov və Nizami rayonlarını əhatə edən 18 saylı dairədən namizədliyini verdiyini vurğulayan "Azadlıq” lideri əgər bu il seçkilərdə iştirak etsə, elə həmin dairədən də namizədliyini irəli sürəcəyini bildirib: "Amma seçkilərdə iştirak edib-etməməyimlə bağlı qəti qərarım yoxdur”.
Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər də hələ ki dəqiq qərar verməyib: "Əvvəlki seçkilərdə Nərimanov rayonundan 19 saylı və Sumqayıt şəhəri üzrə isə 43 saylı seçki dairəsindən namizəd olmuşam. Bu il isə qərar verilməyib. Hələlik araşdırma aparırıq”.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də öz növbəsində parlament seçkilərində iştirak etməyi düşünür: "Hazırda bir neçə variant var. Əvvəlki seçkilərdə Binəqədi rayonundakı 9 saylı dairədən bir neçə dəfə namizədliyimi verib qələbə qazanmışam. Bu il isə Xətai rayonuna daxil olan bir neçə dairə üzrə namizədliyimi verməyimi təklif ediblər. Hazırda bununla bağlı müzakirələr gedir. Hansı qərar qəbul olunsa, o dairə üzrə də namizəd olacağam”.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də mandat sahibi olmaq istəyir: "2005 və 2010-cu illərdə keçirilən seçkilərdə Cəlilabad, Biləsuvar və Astara rayonlarını əhatə edən 69 saylı seçki dairəsindən namizəd olmuşam. Çox güman ki, bu il də eyni dairə üzrə namizədliyimi verəcəyəm”.
Müsavat Partiyasının sədr müavini Elman Fəttah isə partiyanın seçkidə iştirak edəcəyini bildirib: "Hazırda namizədlərin müəyyənləşdirilməsi mərhələsi davam edir. İyul-avqust aylarında Müsavat Partiyası adından namizəd olacaq şəxslərin siyahısı təsdiq olunub MSK-ya təqdim olunacaq”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə hələ ki namizəd olub-olmayacağına qərar verməyib.
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Orucov partiyanın hər seçkidə olduğu kimi bu il keçiriləcək Parlament seçkilərində də iştirak edəcəyini bildirib: "Biz bütün seçkilərdə iştirak etmişik. Partiyamızdan namizəd olacaq şəxslərin artıq böyük hissəsinin hansı dairədən namizəd olacağı müəyyənləşib. Mərkəzi Şuranın iclasında rəsmi olaraq təsdiqlənəcək. Biz seçkiyə çox ciddi hazırlaşırıq”.
Partiya sədri Yusif Bağırzadənin iştirakına gəlincə isə Ə.Orucov onun da namizəd olacağını deyib: "Bəli, o da iştirak edəcək. Yusif Bağırzadə həmişə Gəncədən namizəd olub. Bu dəfə də Gəncədəki seçki dairələrinin birindən namizəd olacaq”.
Şəymən