Kiprin xarici işlər nazirini başa salmaq lazımdır

İlqar Vəlizadə: “Görünür, kiprli nazirin beynəlxalq hüquqdan, dövlətlərarası münasibətlərdən xəbəri yoxdur”
Elxan Şahinoğlu: “Onlara cavabımız “Kıbrıs türklərindir” olmalıdır”

Kipr Respublikasının xarici işlər naziri İoannis Kasoulides Qarabağı "ermənilərin tarixi ərazisi” adlandırıb. Kasoulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı həyasızcasına deyib ki, Şimali Kipr və Dağlıq Qarabağ məsələsini müqayisə etmək səhvdir, guya Şimali Kiprdən fərqli olaraq, Türkiyə tərəfindən işğal edilmiş "Artsax” ermənilərin tarixi ərazisidir. Azərbaycan xarici işlər nazirinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Kiprin xarici işlər naziri tərəfindən səsləndirilən fikirlər beynəlxalq hüquq normalarına ziddiyyət təşkil edir.

Kasoulidesin sözləri Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin təşviq edilməsinə xidmət göstərir: "Bu fikirlər Kiprin üzvlüyünü daşıdığı Avropa İttifaqı, ATƏT və Avropa Şurasının münaqişə ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi ilə bir araya sığmır. Həmçinin, belə ziddiyyətli açıqlaması ilə Kiprin xarici işlər naziri özü-özünü inkar edir”. XİN-in sözçüsü əlavə edib ki, Şimali Kipr türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ vardır: "Şəffaflıq təmin edilmədiyinə görə Kipr ilə Ermənistan arasındakı hərbi əməkdaşlıq barəsində də müəyyən suallar və şübhələr var. Ümid edirik ki, Avropa İttifaqı və ATƏT-in münaqişənin hərbi aspektləri ilə bağlı müvafiq mövqeləri çərçivəsində məsələ nəzərdən keçiriləcək”.

Məsələni "Şərq”ə şərh edən politoloq İlqar Vəlizadə deyib ki, Kipr xarici işlər nazirinin sözləri onun savadsızlığından irəli gəlir: 

"Nazir bilməlidir ki, Dağlıq Qarabağ onun mövzusu deyil. O, erməni nazirlə sadəcə iki ölkə arasındakı münasibətlər barədə danışa bilərdi. Şərt deyildi ki, hansısa münaqişə ocağı barədə anlamadan fikir söyləsin. Kiprli nazir ən azından yunanıstanlı rəsmilərdən dərs almalı idi. Məlumdur ki, Yunanıstanla Ermənistan arasında sıx əməkdaşlıq var. Amma buna baxmayaraq, Yunanıstanla Azərbaycan arasında da əlaqələr normaldır. Ona görə də Yunanıstan Qarabağ məsələsində çox ehtiyatlı davranır və çalışır ki, beynəlxalq hüquq normalarından kənara çıxmasın. Görünür, kiprli nazirin beynəlxalq hüquqdan, dövlətlərarası münasibətlərdən xəbəri yoxdur. Təəssüflər olsun ki, prosesdən kənar adamlar problemlərin mahiyyətinə varmadan müxtəlif səbəblərdən dolayı ağızlarına gələni söyləyirlər. Əgər hansısa xarici dövlət nümayəndələri tarixi reallıqları yaxşı bilmirlərsə, o zaman Azərbaycan tərəfi onlara dərs keçməlidir”. Ekspert deyib ki, Şimali Kiprlə Qarabağ məsələsi fərqlidir: "Şimali Kiprin türk ictimaiyyəti ümumi Kipr Respublikasının nəzdində yer almaq istəyirlər. Sadəcə tələbləri odur ki, onlara muxtariyyət verilsin. Kiprin türk xalqı ermənilər kimi separatçılıqla məşğul olmurlar. Azərbaycan tərəfi ermənilərə muxtariyyət verməyə hazır olduğunu desə də, təcavüzkar düşmən separatizmdən əl çəkmir”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, əgər Kipr yunanlarının naziri Dağlıq Qarabağı Ermənistana birləşdirirsə, biz niyə Kipr türklərinin müstəqil yaşamaq hüququnu tanımamalıyıq? Ekspert bildirib ki, onlara cavabımız "Kıbrıs türklərindir” olmalıdır: 

"Yaxşı yadımdadır, rəsmi Bakı 2000-ci illərin əvvəllərində Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə təmasların genişləndirilməsinə qərar verdikdə, Afinadan təcili olaraq Bakıya diplomatik desant göndərildi. Bizə anlatmaq istədilər ki, KKTC-ni rəsmən tanısaq, Afina da Dağlıq Qarabağla bağlı "adekvat” addım ata bilər. O zaman rəsmilərimiz Afinanı eşitdilər. Növbə bizimdir. Bu dəfə bizim diplomatlar Afinaya gedib onlara anlatmalıdırlar ki, əgər Kipr yunanlarının naziri İrəvanda verdiyi açıqlamaya düzəliş etməsə, biz KKTC ilə bağlı yarımçıq saxlanılan işi davam etdirə bilərik. Yunanlara boşluq buraxmaq olmaz”.

İsmayıl