Kirayə evlər bahalaşıb

Buna ölkəmizə gələn turistlər də səbəb olub



İyun ayının ilk yarısında kirayə mənzil bazarında qısa müddətə təklif edilən evlərin qiymətində artımlar müşahidə edilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov monitorinq nəticələrinə əsasən deyib ki, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı olaraq paytaxtın bir və ikinci zonalarındakı kirayə bazarında tələb yüksəlib:

"Qiymət artımları da məhz qısa müddətli dövrdə, xüsusən də 1 ay müddətinədək təklif edilən kirayə evlərdə müşahidə edilib. Belə ki, oyunları izləmək üçün ölkəmizə gələn turistlərin bir qismi öz pullarına qənaət etmək və daha uzun müddət Azərbaycanda qalmaq üçün otellərdə deyil, evlərdə yaşamağa üstünlük verirlər. Eyni zamanda, paytaxtda yerləşən otellərin böyük əksəriyyətinin 4 və ya 5 ulduzlu otellər olduğu üçün onların təklif etdiyi qiymətlər yüksəkdir. Buna görə də, "budget otellər”in sayı az olduğu üçün turistlərin bir qismi evlərə üz tuturlar. Təəssüf ki, kirayə ev sahibləri, xüsusən də mənzil alqı-satqısı ilə məşğul olan ofislər süni şəkildə kirayə evlərin qiymətini yüksəldiblər. İSİM-in monitorinqləri göstərir ki, şəhərin mərkəzində bəzi mənzillərin bir aylıq kirayə haqları hətta 3 min manatadək artırılıb. Baxmayaraq ki, həmin mənzillər ötən ay 1000-1500 manata təklif edilirdi. Bu isə ölkəmizə gələn turistlərin sayının artmasından evlərin kirayə verilməsi ilə məşğul olanların süni şəkildə qazanc əldə etmək istəyi ilə bağlıdır”.

Şəymən