O, qubernator olduğu dönəmlərdə hər zaman soydaşlarımıza qarşı yüksək münasibət göstərib
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinin sabiq qubernatoru, müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan David Kirkitadze həbs olunub. Qurcaani Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.
D.Kirkitadze vəzifə borcunu yerinə yetirən polis əməkdaşına və polis nəqliyyat vasitəsinə hücumda ittiham olunur. Lakin o, günahkar olmadığını deyərək, saxlanılmasının siyasi qərar olduğunu bildirib.
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Şərq”ə açıqlamasında bildirib ki, Kirkitadze qubernator olduğu dönəmlərdə hər zaman soydaşlarımıza qarşı yüksək münasibət göstərib. Cəmiyyət sədri sabiq qubernatorun həbsinin siyasi məsələlərlə bağlı olduğunu düşünür:
"Kirkitadzenin qubernator olduğu dövr islahatların başlandığı bir dönəm idi və Saakaşvilinin hakimiyyətinə təsadüf edirdi. Yalnız soydaşlarımız yox, bütün postsovet məkanı və Avropa bu dönəmi uğurlu bir dövr kimi yadda saxlayır. Soydaşlarımız Kirkitadzenin qubernator olduğu dövrün nailiyyətlərindən bəhrələnməkdədirlər. Çünki həmin dönəmi rahatlıq illəri kimi xatırlayırlar. Kirkitadzenin və onun mənsub olduğu komanda soydaşlarımızın hüquqlarına, milli-mənəvi dəyərlərinə və bayramlarına hörmət edirdilər. Onun komandası bizim "Borçalı türklərinin elat mədəniyyəti” törəninin yüksək səviyyədə təşkil olunmasına da öz dəstəklərini veriblər. Bunun özü soydaşlarımıza yüksək münasibət göstərildiyini sübut edir.
Bütün hallarda Kirkitadze demokratik hakimiyyətin üzvü olub. Təbii ki, müəyyən qüsurlar ola bilərdi. Amma həmin qüsurları anlaşma ilə həll etmək mümkün idi. Həmin dövr soydaşlarımıza gürcü dilinin dövlət hesabına öyrədilməsi proqramlarının həyata keçirildiyi bir zamana təsadüf edir. Bu baxımdan Kirkitadzenin qubernator olduğu illəri yaxşı anlamda xatırlayıram. Onun soydaşlarımıza heç vaxt qeyri-sağlam yanaşmasını müşahidə etməmişəm”.
Z.Məmmədli bildirib ki, sonuncu prezident seçkilərində Kirkitadzenin təmsil olunduğu komandanın qoyduğu demokratik dəyərlərə hörmətsizlik oldu: "Çünki saxtalaşdırmalar var idi. İndi də siyasi mübarizələr gedir. Bu baxımdan həbsin siyasi məsələ ilə bağlı olduğunu düşünürəm. Yəqin ki, müvafiq orqanlar Kirkitadzenin hüquqlarının qorunması istiqamətində müəyyən işlər görəcəklər”.
Yeganə Bayramova