Kitab təqdimatlarına eyni adamlar gəlir

Əsəd Cahangir: “Günah gənclərin özündədir. Onlar eyforiyaya qapılırlar. Öz dəstələrinin fikirlərini ümumən ədəbiyyatın mövqeyi kimi qəbul edirlər”
Cəlil Cavanşir: “Hələ uzun müddət bu problem davam edəcək”


Aqşin Yenisey: "Bizdə insanlar yazardan çox, qurbanlıq qoyunların təqdimatına maraqlıdır”

Filoloq Gülnarə İlham şəxsi feysbuk hesabında cəmiyyətin kitab təqdimatına qarşı laqeyd olduğunu deyib: "Yazar dostların əməyinə heyfim gəlir. Kitab təqdimatlarında kənar sahənin adamlarını görmürəm. Yenə özümüz yazıb, özümüz də oxuyuruq. Digər peşə adamlarını dindirəndə giley-güzar edirlər, bizdə ədəbiyyat yoxdur deyirlər. Nə vaxt maraq göstərdiniz, nə vaxt dəstək oldunuz? Heç olmasa, hərəniz 2-3 dostunuzu da götürün gəlin təqdimatlara. Yaxud yerli yazarların kitabını alın, hətta sizi qane etməsə belə, ən azı əsaslı ittihamınız olsun. Yoxsa hamınız birləşib bizdə yazar yoxdur deyə-deyə ədəbiyyatı danlaqsifət etmisiniz”.

Qeyd edək ki, həftəsonu gənc yazıçı Ayxan Ayvazın "Buri” adlı hekayələr kitabı çap olunub. Yazar Sevinc Elsevərin isə "Donu qırmızı” kitabının təqdimatı olub. Gülnarə İlhamın sözügedən statusu yazması isə hər iki təqdimat mərasimində təxminən eyni, yəni sözlə "silah”lanan insanların iştirak etməsi ilə bağlı olub.

Biz də elə bu məsələ ətrafında ədəbiyyat nümayəndələri ilə əlaqə saxlayıb, onların münasibətini öyrənməyə çalışdıq.

Bu günlərdə kitab təqdimatı keçirən gənclərin potensialına bələd olduğunu vurğulayan tənqidçi Əsəd Cahangir "Şərq”ə açıqlamasında Ayxan Ayvazı istedadlı bir yazıçı hesab etdiyini deyib. Onun sözlərinə görə, düzgün yol tutsa, Ayxan gələcəkdə güclü bir nasir ola bilər. O cümlədən də Sevinc Elsevər. Amma məsələ sadəcə bununla bitmir. Problemin kökü daha dərinə dayanır: 

"Müşahidələrimə əsasən deyim ki, bizim gənc ədəbi nəsildə bir qapalılıq var. Onların fəaliyyəti ancaq dar bir çərçivədə məhdudlaşıb, sanki qeyri-üzvü şəkildə birləşiblər. Ancaq öz dəstələrinin fikirlərini isə ümumən ədəbiyyatın mövqeyi kimi qəbul edirlər. Kənardakı şəxslərin fikirləri, geniş oxucu kütləsinin maraqları onlar üçün bir o qədər də əhəmiyyətli deyil. Ya bu onları düşündürmür, ya da ki onlara çatmır. Son nəticədə isə onlar eyforiyaya qapılırlar. Əgər 5-6-sı bir-birini tanıyırsa, artıq özlərini tanınmış hesab edirlər. Yaxud da 5-6 adam onların bir yazısını bəyənirsə, artıq onu yaxşı əsər kimi təqdim edirlər. Hətta özləri bir araya yığışanda kiminsə yazısını tənqid edib, onun üstündən xətt çəkirlər. Ədəbiyyata bu cür yanaşma isə doğrudan da çox ciddi bir problemdir. Amma bunun günahını yalnız gənclərdə görmürəm. Bütün bunların səbəbkarı ədəbiyyatı özümüzə və özgələrə, dost və düşmən cəbhələrinə parçalayan səlahiyyətli şəxslərdir. Gənc yazıçıların özünü cəmiyyətə təqdim etmək təcrübəsi olmur. Ədəbiyyata yeni ayaq açan hər bir gənc özünü geniş oxucu auditoriyasına təqdim etmək üçün rəsmi təşkilata söykənməli, həmin təşkilatın təcrübəsindən, rəhbərliyin nüfuzundan istifadə etməlidir. Amma rəsmi qurumlar gənclərə bu istiqamətdə dəstək olmur deyə gənclər özünə qapanır və özlərindən başqasına qarşı nifrət hissi bəsləyirlər”.

Tənqidçinin sözlərinə görə, kitab təqdimatlarının məhdud bir auditoriyada keçirilməsində gənclərin özlərinin də günahı az deyil. Onların fəaliyyəti mənə həmişə stəkanda qaldırılan tufan təsiri bağışlayır. Dar bir çevrədə müəyyən bir addım atırlar və bunu böyük bir hadisə kimi qəbul edirlər.

Bütün fəaliyyəti boyunca gənc ədəbi qüvvələrlə rəsmi ədəbiyyat qurumları arasında körpü salmağa çalışdığını vurğulayan Ə.Cahangir vaxtı ilə "Körpü” adlı jurnal belə təsis etdiyini deyib: "Hətta bir çox hallarda adı çəkilməsinə az qala qadağa belə qoyulmuş gənclərdən yazılar yazıb, onları müəyyən qurumlara, səlahiyyətli şəxslərə təqdim etməyə cəhd göstərmişəm. Adlarını böyük yazıçılarla eyni sıralarda hallandırmışam. Buna görə də çox şeylərdən məhrum olsam da, öz yolumdan geri çəkilməmişəm. Ancaq təəssüflə qeyd edim ki, bütün bu xidmətlərimin müqabilində gənclərdən adekvat münasibət görməmişəm. Əksinə, gənc ədəbiyyatçıların böyük əksəriyyətindən özümə qarşı tərbiyəsizlik görmüşəm. İstər-istəməz də düşünmüşəm ki, bəlkə də elə görkəmli ədəbiyyat səlahiyyətliləri haqlıdırlar? Bəlkə onlar mənim görə bilmədiklərimi daha öncədən görüblər?”.

Tənqidçinin sözlərinə görə, rəsmi ədəbiyyat qurumları ilə işləmək istəməyən gənc ədəbiyyat nümayəndələri çalışıb özlərinin qurumlarını yaratmalı və təqdimatlarını düzgün formada qurmağı bacarmalıdırlar:

"Rəsmi şəxslərə, KİV-ə birbaşa çıxışı olan bir müstəqil ədəbiyyat təşkilatı yaradılmalıdır. Amma bizdə belə bir qurum yoxdur. Yaratmaq istəsələr də, bu onlarda alınmadı. Sivil cəmiyyətlərdə bir yox, bir neçə ədəbi qurum olur. Bizdə isə cəmisi bir, o da rəsmi ədəbiyyat qurumu var. Mən bunu anormal, demokratik prinsiplərə zidd hal hesab edirəm. Mütləq alternativ qurumlar olmalı və onlar rəsmi statuslar almalıdır ki, gənclərin fəaliyyəti dar çevrədən çıxıb, ən azı ümumrespublika səviyyəsinə qədər yüksələ bilsin.
Ə.Cahangir hesab edir ki, kifayət qədər olmasa da, gənclərin "imza gün”lərindən fərqli olaraq rəsmi təşkilatlarda keçirilən kitab təqdimatlarına yetəri qədər ictimai maraq olur: 

"Ən azından həmin mərasim ölkənin tanınmış media qurumlarında, televiziya kanallarında yayımlanır. Rəsmi dövlət qurumları, millət vəkilləri, ictimaiyyət nümayəndələri, özünəməxsus imici, imzası olan şəxslər həmin tədbirdə iştirak edir”.

Yazar Cəlil Cavanşir də uzun zamandır bu problemi müşahidə etdiyini deyib: 

"Kitab təqdimatlarına gələnlərin əksəriyyəti qələm adamları olur. Bunun səbəbi kitaba olan marağın azlığı, insanların kitaba diqqətsiz yanaşmasıdır. Belə başa düşürəm ki, hələ uzun müddət bu problem davam edəcək”.

Şair Aqşin Yenisey isə hesab edir ki, imza günlərində oxucular könüllü iştirak etməlidir. Yalvar-yaxarla, giley-güzarla gələn oxucu onsuz da kitab adamı deyil: 

"Mən Gürcüstanda da bir gürcü şairin kitab təqdimatında oldum, ora hətta bir neçə gürcü keşişi gəlmişdi və çaxır içə-içə kitablara baxırdılar. Soruşanda dedilər ki, tanımırıq, özləri gəliblər. Kitaba maraq belə olmalıdır. Gündüz-gündüz bizi cəhənnəmlə hədələyən hansı dindarı görmüsünüz bir kitab dükanında? Bu, düşündüyümüz qədər sadə məsələ deyil. Kitaba nifrət milli müsəlman şüurumuzdan gəlir. Hətta akademiklərimiz belə çörəyini yediyi elmə deyil, Qurana inanır. Mənim Həccə getmiş fizika elmlər doktoru qohumum var. Bir dəfə evlərinə dəvət etmişdi, getdim ki, həyətdə beş-altı qoyun kəsib. Sən demə, Həccdən gəlibmiş, məni də ziyarətinin qəbulu üçün qurban kəsdiyi qoyunların təqdimatına dəvət edibmiş. Həyətdə adam əlindən iynə atsaydın yerə düşməzdi. Demək istədiyim odur ki, bizdə insanlar yazardan çox, qurbanlıq qoyunların təqdimatına maraqlıdır. Və bu indinin söhbəti deyil, beş yüz, altı yüz il bundan qabaq da belə olmuşuq, min il bundan sonra da belə olacağıq. Öz xalqımızı başa düşmək lazımdır. Qoyunu yazıçıdan çox sevir də, indi biz neyləyək? Özümüz də kitablarımızda yazırıq ki, sevgi azaddır”.

İnsanların "imza günləri”nə marağının artırılması istiqamətində heç bir ümid yolu olmadığını deyən şair qeyd edib ki: "Kitabları da kitab oxuyan xalqlar üçün yazmaq lazımdır. Lap əsərlərdəki adları da Əhməd, Məmməd yox, Paqanel, Xanasako qoymaq lazımdır”.

Şəymən