Klinton prezident seçilsə, Əsəd də gedəcək, Putin də...

Ekspertlər üfüqdə ABŞ-Rusiya münasibətlərinin daha da gərginləşəcəyini iddia edirlər



ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkilərinin favoriti Hillari Klintondur. Onun rəqibi Donald Tramp bütün sorğularda xanım namizədə uduzur. Görünən odur ki, amerika əhalisinin böyük əksəriyyəti Klintonu ABŞ-ın prezidenti görmək istəyir. "CNN” telekanalının "Opinion Research Corporation”la birgə keçirdiyi sorğunun nəticələrinə görə, Klinton 52, Tramp isə 39 faiz insan tərəfindən dəstəklənir. Yəni Klintonun daha şanslı olduğunu söyləyənlər onun ABŞ prezidenti seçiləcəyini iddia edirlər.

Ona görə də hazırda ən çox müzakirə olunan məsələ Amerikada kimin prezident seçiləcəyi deyil, Klinton rəhbərliyində ölkənin daxili və xarici siyasətində hansı dəyişikliyin olacağıdır. Əslində ölkənin daxilində gözlənilən dəyişiklik nisbətən məlum olub. "ABC News”un yaydığı xəbərə görə, Hilları Klinton prezident seçiləcəyi təqdirdə ölkə iqtisadiyyatının dirçəldilməsini əri, sabiq prezident Bill Klintona həvalə edəcək. Nəşrin yazısında vurğulanıb ki, xanım Klinton ərinin bu işi çox gözəl bacardığını kömür mədənlərinin bərpasında ona yardımçı olacağını söyləyib. Həqiqətən, Klinton seçki kampaniyası dövründə etdiyi bütün çıxışlarda daim ərinin təcrübəsindən yararlanacağını bildirib.

"Klinton Əsədi devirəcək və Türkiyə ilə əlaqləri korlayacaq”

Ekspertlərə görə, namizəd Hillari Klintonun Suriyada terrorçu PYD-ni silahlandıracağını deməsi ABŞ-ın Yaxın Şərqdə Türkiyə ilə müttəfiqliyinə son verməsi anlamına gəlir. Türkiyənin Şimali Suriyaya hərbi müdaxiləsi Vaşinqtonun kürd muxtariyyəti yaratmaq niyyətini əngəlləyir. Həmçinin, Suriyada Rusiya ilə Türkiyənin müəyyən razılaşması kürd muxtariyyətinin reallaşdırmasını ləngidir. Əgər Klinton prezident seçilərsə, Suriyayada xüsusilə Yaxın Şərqdə vəziyyət gərginləşəcək. O, Əsədi devirəcək və Suriyada kürd muxtariyyəti elan etməklə, Türkiyə ilə əlaqləri korlayacaq. Türkiyə-Rusiya yaxınlaşması, ABŞ-ın Suriyada Türkiyə əleyhinə açıq siyasət aparması ilə nəticələnəcək. Artıq, ABŞ və Türkiyə müttəfiqliyində soyuq münasibətlər yaşanmaqdadır. Klintonun prezidentliyi Mərkəzi Asiyada da sabitsizliyə yol açacaq. İŞİD hazırda Tacikistanla Əfqanistan sərhəddində cəmləşib. Xanım prezident Rusiyanı Yaxın Şərdən çıxartmaq üçün problemləri Mərkəzi Asiyaya daşıyacaq. Yeni münaqişə ocaqları artmaqda davam edəcək.

"Klinton ABŞ prezidenti seçilərsə, dünyadakı geosiyasi vəziyyət dəyişə bilər”

Politoloq Qabil Hüseynli vurğulayıb ki, Hillari Klintonun qadın olması ABŞ cəmiyyətinə əlavə üstünlük verir: "Əgər Klinton prezident seçilərsə, o, ABŞ tarixinə ilk qadın prezident kimi düşəcək. ABŞ-da indiyədək qaradərili prezident olmamışdı, Barak Obama bununla tarixə düşdü. İndi isə Hillari Klinton tarixə düşə bilər. Çünki onun şansı kifayət qədər yüksəkdir. Digər tərəfdən isə Hillari Klintonun həyat yoldaşı Bill Klinton ABŞ-da 2 dəfə prezident seçilib. Klintonun özü isə 6 ilə yaxın ABŞ-ın dövlət katibi vəzifəsində çalışıb. Bütün bu məqamlar onun prezident seçilmə şanslarını artırır. Məncə, Klintonun dövlət idarəçiliyi sahəsində kifayət qədər böyük təcrübəsi var”. Q.Hüseynli deyib ki, əgər Hillari Klinton ABŞ prezidenti seçilərsə, dünyadakı geosiyasi vəziyyət dəyişə bilər:

"Əsas məsələ odur ki, Klinton dünyanın çox gərgin dövründə prezident seçiləcək. Çünki hazırda dünyada iqtisadi böhran, hərbi və siyasi qarşıdurmalar hökm sürür. Xüsusilə də ABŞ-Rusiya qarşıdurması pik həddə çatıb. Belə bir şəraitdə ABŞ-ın güclü və səbirli prezidentə ehtiyacı var. Hesab edirəm ki, Hillari bu vəzifələrin öhdəsindən gəlməyi bacaracaq. Düşünürəm ki, yaxın illərdə ABŞ-Rusiya qarşıdurması səngiməyəcək. Əksinə, daha da artacaq. Bu qarşıdurmanın gərginləşməsi prosesində ABŞ Rusiyanı küncə sıxışdıracaq. Rusiyanın küncə sıxılması isə rəsmi Kremlin Cənubi Qafqaza təsir imkanlarını zəiflədəcək. Bütün bunlar isə Azərbaycan üçün əlverişli imkanlar yaradacaq. Çünki işğalçı Ermənistanı daim müdafiə edən dövlət Rusiyadır. Əgər Rusiyanın Ermənistana təsir imkanları zəifləsə, o zaman Qarabağ münaqişəsinin həllində yeni imkanlar yaranacaq”.

"Hillari Klinton ərinin planını həyata keçirəcək”

Politoloq deyib ki, Hillari Klinton prezident seçilərsə, bu, Rusiyada Putin hakimiyyətinin sonu ola bilər: "Düşünürəm ki, onun prezidentliyinin birinci mərhələsində Rusiya prezidenti Vladimir Putin süqut edərək hakimiyyətdən gedəcək. ABŞ-da yeni prezidentin əsas vəzifələrindən biri məhz Rusiyada Putinin hakimiyyətdən uzaqlaşdırılmasıdır. ABŞ İraqla birinci dəfə qarşı-qarşıya gələndə ata Corc Buş Səddamın üzərinə çox getmədi. Ancaq oğul Corc Buş atasının yarımçıq qoyduğu işi tamamladı və Səddamı devirdi. İndi də Hillari Klinton ərinin yarımçıq qoyduğu işi tamamlayacq. Vaxtilə Bill Klintonun Rusiyanı tam çökdürmək planı var idi. Amma o, nüvə müharibəsi təhlükəsindən çəkinərək, bu prosesi sonadək davam etdirmədi. Amma böyük ehtimalla bu dəfə Rusiyanın çökdürülməsi baş verəcək. Bu, dünya üçün də böyük fəsadlara yol aça bilər. Bunun üçün də proses elə aparılmalıdır ki, buradan nə Rusiya xalqı, nə də digər xalqlar ziyan çəksin”.

İsmayıl