Köhnə avtomobillər şəhərə buraxılmayacaq

Texniki baxış zamanı nasaz maşınlara ciddi nəzarət edilməlidir



Vətəndaşlar özləri də maraqlı olmalıdır ki, qəzaların sayı azalsın

Köhnə avtomobillər, deyəsən, dövranını başa vurmaq üzrədir. Yayılan məlumatlara görə, yaxın zamanda köhnə avtomobillərin paytaxt yollarında idarə olunmasına qadağa qoyulacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məsələ ilə bağlı Modern.az saytına açıqlamasında sürücülərin qanunun tələblərinə əməl etməli olduğunu söyləyib.

V.Əsədovun sözlərinə görə, "Yol hərəkəti haqqında” qanunda göstərilir ki, istismar müddəti başa çatan nəqliyyat vasitəsi yol hərəkətində istismar edilə bilməz. "Ölkə ərazisində ilindən və növündən asılı olmayaraq istismara yararsız, xarici görkəmi səliqəsiz, detalları çürümüş, idarəetmədə təhlükəli, texniki baxışdan keçməyən, dövlət nömrə nişanları görünməyən, işıq cihazları yerində olmayan avtomobillər yol hərəkətində istismar edilə bilməz. Bu, qanunun tələbinin pozulmasıdır və bunu edənlər məsuliyyətə cəlb edilir. Mən konkret il deyə bilmərəm. Çünki hazırda şəhərdə 50-60-70-ci illərə məxsus retro maşınlar , "QAZ- 21”, "Moskviç-412” var, hansılar ki, xarici görkəmi saz vəziyyətdədir. Biz necə deyə bilərik ki, ili köhnədir, bunu sürmə?”

Vaqif Əsədov bildirib ki, ölkədə təxminən 30-35 faiz təşkil edən MDB və Rusiya istehsalı olan avtomobillər may ayının 1-nə qədər tətbiq edilən qrafikə uyğun texniki baxışdan keçməlidir:

"Artıq 2000-ci ilin buraxılışı olan avtomobillər texniki baxışdan keçməlidir. Əks təqdirdə fiziki, hüquqi, vəzifəli şəxslər 100-300 manat məbləğində cəzalana bilər. Yadımdadır ki, ötən il bu ərəfədə sıxlıq yaşandığından texniki baxışdan keçmə müddətini artırmışdıq. Bu il sıxlığın yaranmaması üçün bir daha avtomobil sahiblərini texniki baxışdan keçməyə çağırırıq”.

BDYPİ-nin şöbə rəisi, həmçinin 1-ci Avropa Oyunları ərəfəsində avtomobil sahiblərini daha diqqətli olmağa çağırıb:

"Avropa Oyunlarının keçirilməsinə az müddət qalır. Nəzərə almaq lazımdır ki, ölkəmizə xeyli sayda idmançılar, qonaqlar gələcək. Ən azından, gəlin öz hərəkətimizdə, əməlimizdə əlimizdən gələni etməklə mədəniyyətimizi nümayiş etdirək. İdarə etdiyimiz nəqliyyat vasitələrinin xarici görkəminə qonaqların baxıb hansı hisslərlə öz ölkələrinə qayıdacaqlarını düşünüb, heç olmasa şüurumuzu işlədək. Həm də qanunun tələbi müzakirə edilə bilməz. İndiyə qədər kimsə bu avtomobillərdən çörəkpulu qazanmaq üçün istifadə edirdi. Ancaq bu gün ən azından bu cür avtomobillərlə şəhərə daxil olmağa nə ad verim, bilmirəm. Məncə, bütün ölkə, vətəndaşlar, paytaxt sakinləri bu möhtəşəm tədbirin keçirilməsinə hazırlaşır. Bu, dünya, ölkə əhəmiyyətli tədbirdir. Bu qədər qonaq qəbul edəcək paytaxtda hər şey ideal olmalıdır”.

Məsələyə münasibət bildirən Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü Vüqar Tofiqli də "Şərq”ə açıqlamasında bildirdi ki, sükan arxasına keçən istənilən şəxs idarə etdiyi avtomobilin saz vəziyyətdə olmasına diqqət etməlidir:

- İlk növbədə bu, təhlükəsizlik baxımından vacibdir. Nasaz vəziyyətdə olan avtomobil həm sürücü, həm digər avtomobillər, həm də piyadalar üçün real təhlükədir. Nə qədər belə hadisələrin şahidi oluruq ki, avtomobilin əyləc sistemi yaxşı işləmir, təkərləri yeyilmiş olur, yaxud işıqlandırma sistemində problem var deyə, yol-nəqliyyat qəzaları baş verir. Dəxli yoxdur, köhnə avtomobildir, yoxsa, yeni model. Elə köhnə avtomobillər var ki, yenilərdən qat-qat saz vəziyyətdədirlər. Sadəcə, vətəndaş idarə etdiyi avtomobili saz vəziyyətdə saxlamalıdır. Özünü də qorumalıdır, ətrafdakıları da.

Köhnə avtomobillərə gəlincə, hesab edirəm ki, bu elə də ciddi məsələ deyil. Köhnə avtomobillər paytaxtda çoxluq təşkil etmir. Köhnə avtomobillərdən daha çox rayon, kənd yerlərində istifadə olunur, o da əsasən yük daşımaq məqsədilə. Paytaxtda da köhnə avtomobillərdən, daha çox yük taksisi kimi istifadə edirlər. Sovet "jiquli”lərinə hobbi kimi yanaşanlar da var. Elə adam var, əli-ayağı "Jiquli”yə öyrəşib. Məncə, köhnə avtomobillər şəhərin ümumi görünüşünə xələl gətirəcək dərəcədə çox deyil. Qaldı ki, ümumiyyətlə, bu problemin həllinə, məsələn, xarici ölkələrdə köhnə avtomobillərin əvəzinə yenilərinin verilməsi təcrübəsi var. Bu təcrübə avtomobil istehsalçısı olan ölkələrdə daha çox yayğındır. Məsələn, Rusiyada bu təcrübədən istifadə olunur. Avtomobil zavodları yeni istehsal etdikləri avtomobilləri əhaliyə ucuz qiymətə, sərfəli lizinq şərtləri ilə satırlar, köhnələri isə alırlar. Azərbaycan büdcəsi üçün mən hələ ki, bu variantı məqbul saymıram. Bu, büdcəyə ziyan vura bilər. Köhnə avtomobillər, görüntü hələ bir yana qalsın, ekologiyaya ziyan vururlar. Gərək həmin avtomobillərin texniki baxışdan keçirilməsinə icazə verilməsin. Amma bunlar zaman-zaman həll olunası məsələlərdir. Əhalinin aztəminatlı hissəsini, gəlirləri də nəzərə almaq lazımdır. Elə adam var, köhnə maşını ilə ailə üçün gəlir əldə edir. Yəni, məcburi şəkildə bunu etmək olmaz. Sadəcə, sərfəli şərtlər irəli sürülə bilər. O da ki, dövlət büdcəsi imkan verdiyi halda.

Məlahət Rzayeva