“Kolleclərin universitetlərin tərkibinə verilməsi müsbət haldır”





Əjdər Ağayev: "Elə bir mexanizmlər həyata keçirilməlidir ki, kolleci əla qiymətlərlə bitirən tələbə sonradan nəzdində oxuduğu universitetin 3-cü kursuna qəbul olunsun”

Azərbaycanda kolleclərin ali məktəblərin nəzdinə keçirilməsi məsələsi gündəmə gəlib. Orta ixtisas təhsili müəssisələrinin kifayət qədər böyük hissəsinin kollec adlandırıldığını vurğulayan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, yaxın gələcəkdə onların ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq.

Nazir hesab edir ki, bu, resurslardan daha faydalı istifadəni təmin edəcək. Digər tərəfdən də subbakalavriat dərəcəsini təklif etməklə, həmin orta ixtisas təhsili müəssisələrinin verdiyi təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edə bilər. Təbii ki, burada ixtisaslara da baxılacaq.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də hesab edir ki, kolleclərin ali məktəblərin nəzdinə keçirilməsinin orta ixtisas təhsili müəssisələrinin verdiyi təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edəcəyi birmənalıdır. Kolleclərin ötən əsrdə qaldığını vurğulayan professor deyib ki, hər işin, hər hadisənin öz zamanı var. Ötən əsrin 20-30-cu illəri üçün orta ixtisas müəssisələri kifayət qədər gərəkli bir proses idi. Təcili kadrların hazırlanması üçün kolleclərin xidmətindən istifadə olunurdu. Həmin illərdə göstərilən diqqət və qayğı hesabına kolleclərin fəaliyyəti genişləndi və müəyyən qədər də nəticələr əldə edildi. Müharibə illəri və ondan sonrakı illərdə də orta ixtisas təhsili müəssisələrinə ehtiyac vardı. Amma bu gün dövran dəyişib. İndi dünyanın heç bir yerində ayrıca olaraq orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərmir. Eləcə də, artıq Azərbaycanda onların fəaliyyətinə ehtiyac duyulmur. Ali məktəb var və həmin təhsil ocaqları ali ixtisaslı kadr hazırlayırsa, deməli, orta ixtisaslı kadrlara ehtiyac olmamalıdır. Əslində artıq Azərbaycanda həmin kadrları gözləyən iş yerlərimiz də yoxdur.

Ə.Ağayevin sözlərinə görə, kolleclərin ali məktəblərin nəzdinə keçirilməsi ilk olaraq dünyaya inteqrasiya baxımından təqdirəlayiqdir: "Bu isə o deməkdir ki, universitetlərimizin tərkibində orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərəcəksə, deməli, artıq ali məktəblərimiz dünya universitetləri səviyyəsinə qalxır. Çünki dünyanın aparıcı ali təhsil ocaqlarının nəzdində orta məktəblər və orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərir. Hətta elə məktəb var ki, özünün fabriki, zavodu var. Hətta ferması olan universitetlərə də rast gəlmək olur. Eyni zamanda, kolleclərin universitetlərin nəzdində fəaliyyət göstərməsi peşəkar kadr hazırlığına da öz təsirini göstərəcək. Bu gün kollec tanıyıram ki, oranı bitirən 100 uşaqdan cəmi 5-i kadr kimi istifadəyə yararlıdır. Hətta elə bir mexanizmlər həyata keçirilməlidir ki, 3 illik kolleci əla qiymətlərlə bitirən tələbə sonradan nəzdində oxuduğu universitetin 3-cü kursuna qəbul olunsun”.

Şəymən