Natiq Cəfərli: “Qərarın bankların xeyrinə qəbul olunacağı ehtimalı həddindən artıq yüksəkdir”
Konstitusiya Məhkəməsi banklarla bağlı nə qərar verəcək?
Vüqar Bayramov: “Bütün hallarda qəbul edilən qərar, nə bank sektoruna mənfi təsir göstərməlidir, nə də ki, vətəndaşların ödəmə qabiliyyətinin kəskin aşağı düşməsinə xidmət etməlidir”
Natiq Cəfərli: “Qərarın bankların xeyrinə qəbul olunacağı ehtimalı həddindən artıq yüksəkdir”
Natiq Cəfərli: “Qərarın bankların xeyrinə qəbul olunacağı ehtimalı həddindən artıq yüksəkdir”
Mərkəzi Bankın manatın qiymətini dollara nisbətdə azaltmaq qərarından sonra banklar və onlardan ABŞ dolları ilə kredit götürmüş vətəndaşlar arasında kreditlərin devalvasiyadan əvvəlki, yaxud sonrakı məzənnə ilə ödənilməli olduğu ilə bağlı mübahisə yaranıb. Banklar kreditlərin yeni, vətəndaşlarsa köhnə məzənnə ilə ödənilməli olduğunda israrlıdırlar.
Mayın 7-də Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı müraciətlərə baxaraq qərar qəbul edəcəyi, bununla da problemin həll olunacağı gözlənilir.
Bəs Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı hansı gözləntilər və proqnozlar var? Veriləcək qərar nəyi dəyişə bilər?
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov Konstitusiya Məhkəməsinin qəbul edəcəyi qərarın vətəndaşların xeyrinə olmasını istəyir: "Konstitusiya Məhkəməsinin hansı bir qərar qəbul edəcəyini əvvəlcədən müəyyən etmək təbii ki, mümkün deyil. Nəzərə alsaq ki, dollarla kredit götürən vətəndaşların sayı kifayət qədər çoxdur və manatın dollara nisbətən məzənnəsi aşağı düşdüyü üçün onların həmin vəsaiti geri qaytarmasında xeyli çətinliklər olub. O baxımdan biz əslində Mərkəzi Banka təklif etmişdik ki, Mərkəzi Bank banklara orta məzənnə olan 0.92 manatla kreditlərin geri qaytarılmasını tövsiyə etsin. Lakin Mərkəzi Bank kommersiya Banklarına tövsiyə məktubu göndərmədiyi üçün bu məsələyə kommersiya bankları tərəfindən baxılmadı.
Təbii ki, burada iki məsələ var. Birincisi, vətəndaşların ödəmə qabiliyyətidir. Çünki hazırda mövcud olan yeni kurs dollarla kredit götürən şəxslərin borclarını geri ödəməyə problem yaradır və onlar ödənişlərini həyata keçirməkdə çətinlik çəkirlər. Bu da həm onların ödəmə qabiliyyətinə mənfi təsir göstərir, həm onların bütövlükdə xərclərinin artmasına, həm də problemli kreditlərin artmasına gətirib çıxarır. Çünki artıq yeni kursla böyük məbləğdə kredit götürən vətəndaşlar həmin kreditləri ödəməkdə çətinlik çəkəcəklər.
Digər tərəfdən isə bankları da diqqətə almaq lazımdır. Çünki bankların xarici valyuta və eləcə də dollarla öhdəlikləri var. Və köhnə məzənnə ilə götürülməsi, bankların həmin öhdəlikləri yerinə yetirməsinə ciddi təsir yaradacaq. Bu, bir neçə dollar ilə öhdəlikləri olan bankların fəaliyyətinə ciddi mənfi təsir göstərəcək”.
Vüqar Bayramovun sözlərinə görə, banklar hazırkı vəziyyətdən çıxa bilər, ancaq əhalinin belə bir imkanı yoxdur:
"Təbii ki, bütün hallarda qəbul edilən qərar, nə bank sektoruna mənfi təsir göstərməlidir, nə də ki, vətəndaşların ödəmə qabiliyyətinin kəskin aşağı düşməsinə xidmət etməlidir. Ona görə də bütün hallarda vətəndaşların ödəmə qabiliyyəti olduqca əziyyətlidir. Hər halda ümid edirəm ki, Konstitusiya Məhkəməsi vətəndaşların xeyrinə olan bir qərar çıxaracaq. Çünki əgər kommersiya bankları öz ziyanlarını kompensasiya etmək üçün bir sıra digər maliyyə mənbələri tapmaq imkanlarına malikdirlərsə, vətəndaşların əksəriyyəti üçün belə bir imkan yoxdur. Ona görə təəssüf ki, qərarı indidən proqnozlaşdırmaq mümkün olmasa belə, daha məqsədəuyğundur ki, Konstitusiya Məhkəməsinin qəbul edəcəyi qərar vətəndaşların xeyrinə olacaq” .
İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, Konstitusiya Məhkəməsi bu məsələni sırf hüquqi nöqteyi-nəzərdən incələyəcəksə, banklara sərf edən qərarın qəbul edilməsi ehtimalı çox yüksəkdir: "Hazırkı qanunvericilikdə mövcud olan "öhdəlik yaranan gün” anlayışı bunu düşünməyə əsas verir. Bu anlayış əsas gətirilərsə, xarici valyuta ilə götürülmüş kreditlərin məhz yeni məzənnə ilə ödənilməli olduğu üzə çıxacaq. Lakin əgər Konstitusiya Məhkəməsi məsələyə təkcə hüquqi nöqteyi-nəzərdən deyil, həm də özünün şərhvermə hüququndan istifadə edərək baxarsa və yaxud qanunların dəyişdirilməsi ilə bağlı bir qərar çıxararsa, bunun ardınca qaydalara və qanunlara bəzi dəyişikliklər edilməsi məsələsi gündəmə gələ bilər”.
Lakin bank sistemində vəziyyətin həddindən artıq ağır olduğunu deyən ekspert qərarın məhz bankların xeyrinə olacağı ehtimalının çox yüksək olduğunu güman edir. O bunu geri dönüşü çətin olan kreditlərin hər ay sürətlə artması, bununsa öz növbəsində bank sektoruna ciddi təzyiq yaratması ilə izah edir.
Natiq Cəfərli buna görə də əgər qərar bankların əleyhinə, vətəndaşların leyhinə olarsa, bank sektoruna ciddi dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac yaranacağını, bankların bu ziyanın öhdəsindən təkbaşına gələ bilməyəcəyini qeyd edib.
Ekspert qərarın həm bankların, həm də vətəndaşların maraqlarını təmin edə biləcək ortaq məxrəc əsasında qəbul edilməsinin tərəfdarı olduğunu deyib: "Bu isə dövlətin öz üzərinə müəyyən öhdəliklər götürməsini nəzərdə tutur.
Əgər məsələ vətəndaşların xeyrinə həll olunsa, onda dövlət öz üzərinə müəyyən öhdəliklər götürüb banklarda yaranmış problemin həllində pay sahibi olmalıdır. Lakin ölkəyə daxil olan vəsaitlərin azaldığı bir dövrdə dövlət bu addımı atmaq, dəstək və təşviq proqramına başlamaq istəyəcəkmi?
Deyilənləri nəzərə alaraq ümumən qərarın bankların xeyrinə qəbul olunacağı ehtimalı həddindən artıq yüksəkdir. Çünki başqa cür bankları ayaqda saxlamaq və onların problemlərini həll etmək mümkün olmayacaq. Banklar çökərsə və onlarda yaranmış problemli kreditlərin sayı artarsa, ümumilikdə Azərbaycan iqtisadiyyatına çox ciddi zərbə dəyəcək. Əgər qərar bankların yox, vətəndaşların xeyrinə olarsa, onda bu vaxta qədər ödənilməmiş kreditlər köhnə məzənnə ilə ödənəcək. Bu halda devalvasiya nəticəsində yaranmış 34 faizlik fərq bankların üstündə qalacaq, bu isə ümumilikdə bank sektoruna ağır zərbə ola bilər. Məhz buna görə də qərarın bankların xeyrinə olacağı gözlənilir”.
Şəymən