Könüllülər də Avropa Oyunlarına hazırdır

Gülər Mehdizadə: “İdmançılarla təmas qururuq. Vəzifəmiz onlara köməklik göstərməkdir. Çox intellektual mütəxəssislərdən dərs almışıq və yaxşı təcrübə əldə etmişik”Tural Qarayev: “Kim nə edəcəyini gözəl bilir. Fəaliyyətimizi qonaqların yaxşı şəraitlə təmin olunması istiqamətində qururuq”
Kənan Qədirli: "Qonaqlar gələndə onlarla ingilis dilində sərbəst şəkildə danışa biləcəyik. Qonaqların hərtərəfli rahatlığını təmin etməliyik”
Bir müddətdir ki, ölkəmiz Birinci Avropa Oyunlarına hazırlaşır. Şübhəsiz, bu tədbirin möhtəşəm şəkildə baş tutması xalqımızın da nailiyyətidir. Bu baxımdan bütün Azərbaycan xalqı, məxsusi olaraq da gənclər oyunlara dəstək məqsədilə əllərindən gələni əsirgəmirlər. Misal olaraq deyə bilərik ki, sözügedən idman yarışına minlərlə tələbə qatılıb və təmənnasız olaraq könüllü kimi fəaliyyət göstərirlər. Artıq onlar bir sıra mütəxəssislərin iştirakı ilə oyunlarla əlaqədar ciddi təlimlər keçiblər. Çünki yarış zamanı ən məsuliyyətli vəzifələrdən biri də könüllülərin üzərinə düşür. Onlar xarici və yerli idmançıların, eləcə də media nümayəndələrinin qəbul olunması, yerləşdirilməsi kimi müxtəlif fəaliyyətləri icra edəcəklər.
Bundan başqa, qonaqlar üçün münbit şəraitin yaradılmasına köməklik göstərəcəklər. Əlbəttə, bütün bunlar gənclərimizin birliyi, həmrəyliyi, vətənə və dövlətə olan sevgisindən xəbər verir. Bu faktları nəzərə alıb, oyunların əhəmiyyəti və yarış müddətində qazanacaqları təcrübəyə dair bəzi könüllülərin münasibətini öyrəndik. Bakı Slavyan Universitetinin (BSU) jurnalistika fakültəsinin II kurs tələbəsi Gülər Mehdizadə "Şərq”ə açıqlamasında söylədi ki, könüllü kimi çalışmaq öz istəyi olub: "Velosiped yarışlarında qrup üzvüyəm. Orada həmin idman növünə dair bir sıra yeniliklərlə tanış oluruq. İdmançılarla təmas qururuq. Vəzifəmiz onlara köməklik göstərməkdir. Hələ ki, təlimlərə gedirik. Hazırlıq yarışlarına qatılmışıq. Çox intellektual mütəxəssislərdən dərs almışıq və yaxşı təcrübə əldə etmişik”.
Müsahibimizin qənaətincə, oyunlara hazırlıq tam yüksək səviyyədə davam etdirilir: "Baxın, xarici qonaqlardan xidmətimizdən razı qalıb-qalmadıqlarını soruşuruq. Hər şeyin çox yüksək səviyyədə olduğunu söyləyirlər. Heç nədən narazı deyillər. Heç bir azərbaycanlı onlara pis münasibət sərgiləmir. Bu, Azərbaycan hökumətinin və xalqının bütün millətlərə tolerant yanaşmasının aydın təzahürüdür”.
G.Mehdizadə diqqətə çatdırıb ki, Avropa Oyunları ölkəmizin tərəqqisi üçün böyük önəm kəsb edir: "Ən əsası odur ki, Azərbaycan Avropa ölkələrində tanınacaq. Yarış zamanı ölkəmizin tarixi və mədəni irsinə dair həqiqətləri dünya ictimaiyyətinə çatdıracağıq. Üstəgəl, xarici idmançılarla yanaşı, turistlər gələcəklər. Azərbaycanın tarixi və mədəni abidələri ilə tanış olub, heyran qalacaqlar. Ola bilsin ki, ölkəmizdə çoxsaylı turizm guşələrinin olmasından xəbərsizdirlər. Amma tədbir zamanı ölkəmizlə bağlı məlumatlanacaqlar. Bu da Azərbaycana turist axınının güclənməsinə gətirib çıxaracaq. Bir sözlə, Azərbaycan beynəxalq arenada və dünya ictimaiyyətində tanınacaq. Ölkəmizin beynəlxalq imici və nüfuzu güclənəcək”.
Həmsöhbətimizin fikrincə, oyunlar zamanı yol kənarlarında torpaqlarımızın işğala məruz qaldığını əks etdirən plakatlar da quraşdırıla bilər: "Doğrudur, hazırda belə stendlərə rast gəlinmir. Amma ola bilsin ki, oyunlar zamanı quraşdırılsın. Bu təklif irəli sürülüb. Amma bütün hallarda onlarla ünsiyyətdə ölkəmizin tarixi və mədəniyyəti barədə əcnəbilərə məlumatlar veririk. Tarixi gerçəklərimiz və ya ölkəmizin üzləşdiyi haqsızlıqlar barədə məlumatlar veririk. Onlarla bacardığımız qədər xoş rəftar edirik”.
G.Mehdiyeva söyləyib ki, oyun öncəsi könüllülərə verilən təlimlərin onların dünya görüşünün zənginləşməsinə çox müsbət təsir göstərib: "Burada yeni insanlarla tanış oluruq. Daha çox əcnəbilərlə təmasda oluruq. Onlarla müxtəlif məsələlər ətrafında müzakirələr aparırıq ki, bu da bizim dünyaya, həyata baxışımızın inkişafına müsbət impulslar verir. Üstəgəl, dünya ölkələrinin mətbəxi ilə tanış oluruq. Çünki könüllülərə verilən yeməklər xarici kulinarlardır. Hər gün müxtəlif ölkələrin mətbəxinə məxsus yeməklər yeyirik. Xarici ölkə mətbəxi ilə tanış oluruq. Bu da mədəniyyətin bir növüdür”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, oyunlarda könüllü qismində iştirak etmək xarici dillərin öyrənilməsi baxımından da önəmlidir: "Qeyd etdiyim kimi, burada daha çox əcnəbi vətəndaşlarla ünsiyyətdə oluruq. Düzdü, rus və ingilis dillərindən məlumatım vardı. Amma ürəkaçan səviyyədə deyildi. İndi 2 aydan artıqdır ki, təlimlərə gedirik və orada komanda başçıları daha çox ingilis dilində danışırlar. Onlarla ingilis və ya rus dillərində danışırıq. Bu da dilimizn zənginləşməsində böyük rol oynayır. Onlardan yeni-yeni sözlər öyrənirik. Əlbəttə, hər hansı bir ingilislə danışıb, qarşılıqlı şəkildə biri-birini anlamaq insana gözəl hisslər bəxş edir. Demək olar ki, artıq ingilis dilində rahat şəkildə danışıram. Bir sözlə, Avropa Oyunları bizə təcrübə qazandırmaqla yanaşı, əlavə bir dil öyrənməyimizə də imkan yaratdı”.
Müsahibimiz əlavə edib ki, Avropa Oyunları Azərbaycanda idmanın inkişafına böyük təkan verəcək: "Artıq bu oyunlardan sonra hamı idman sahəsinə axışacaq. Hətta könüllülərin çoxu idmanla məşğul olmağa başlayıblar. İdmançılarla işləyirik. Onlardan öyrənirik. Bu bizdə idmana çox böyük maraq və tendensiya yaradır”.
İqtisad Universitetinin III kurs tələbəsi Qarayev Tural da tədbirin yüksək əhəmiyyət daşıdığını deyib. O bildirib ki, oyunlar könüllülərin təcrübə qazanması baxımından çox önəmlidir: "Ən əsası odur ki, burda ictimaiyyətə açıq olmağı öyrəndik. Bütün günü əcnəbilərlə bir aradayıq. Onlarla söhbətləşirik, müzakirələr aparırıq. Tarix, dil və mədəniyyətlərini mənimsəyirik. Eyni zamanda, öz tarix, mədəniyyət və qonaqpərvərliyimiz haqda onlara məlumatlar veririk. Əlbəttə, könüllülük dünya görüşümüzün zənginləşməsinə böyük təkan verir”.
Müsahibimiz düşünür ki, çox qızğın hazırlıq işləri gedir: "Demək olar ki, qonaqları qəbul etməyə hazırıq. Bütün könüllülər təlimatlandırılıb. Kim nə edəcəyini gözəl bilir. Fəaliyyətimizi qonaqların yaxşı şəraitlə təmin olunması istiqamətində qururuq. Qonaqlar Azərbaycandan narazı getməli deyil”.
Həmsöhbətimiz vurğulayıb ki, oyunlar Azərbaycanın idman ölkəsinə çevrildiyini dünyaya və Avropaya sübut edəcək: "Yarışın, Avropanın inkişaf etmiş ölkələrinə deyil, Azərbaycana həvalə olunması ölkə başçısının idmana və idmançılara göstərdiyi qayğının nəticəsidir. Ölkəmizdə çoxsaylı idman kompleksləri inşa edilib. Ölkə başçısı bu sahəyə çox böyük diqqət ayırıb. Bu da Azərbaycanda idmana olan marağı daha da yüksəldib”.
T.Qarayev oyunları həqiqətlərimizin dünya ictimaiyyətinə və Avropa məkanına çatdırılması baxımından bir şans kimi dəyərləndirib: "Bu, ən böyük imkandır. İnanıram ki, ölkəmiz bundan istifadə edib, Ermənistan tərəfindən işğala məruz qaldığımızı və bu məsələlərə dair haqq səsimizi dünya ictimaiyyətinə çatdıra biləcəyik”.
Oyunlara könüllü şəkildə qatıldığını söyləyən BSU-nun II kurs tələbəsi Kənan Qədirli düşünür ki, yarışla bağlı təşkil olunan təlimlərdə çox böyük bilgilər əldə edib: "Hazırda təlimdəyik. Orada yüksək ixtisaslı mütəxəssislər bizə dərs keçir. Bundan əlavə, ingilis dilində dərsliklər verirlər. İngilis dilində də danışmağı öyrənirik. Dil kursları aparılır. Artıq demək olar ki, ingilis dilində
sərbəst danışırıq. Qonaqlar gələndə onlarla ingilis dilində sərbəst şəkildə danışa biləcəyik. Qonaqların hərtərəfli rahatlığını təmin etməliyik. Onların qarşılanması, otellərdə yerləşdirilməsi prosesi ilə məhz könüllülər məşğul olmalıdır. Bu səbəbdən könüllülərin dil öyrənməsinə xüsusi diqqət ayrıldı”.
Həmsöhbətimiz söyləyib ki, qonaqları qəbul etməyə tam hazırdırlar: "Hər şey qaydasındadır. Oyunların başlamasını gözləyirik”.
K.Qədirli bəyan edib ki, oyunlarda könüllü kimi iştirak etmək, onların şəxsiyyət kimi formalaşmalarına böyük təkan verəcək: "İxtisasım jurnalistikadır. Burada xarici dil öyrəndim. Üstəgəl, hər gələn qonaqla ünsiyyətdə olacağıq ki, bu da dünya görüşümüzün dərinləşməsinə dair qarşımızda yeni imkanlar açacaq. Bundan əlavə, təlimlərdə ictimaiyyətə açıqlığı öyrəndik. Məlumdur ki, şəxsiyyət kimi formalaşmaq üçün yalnız bilik deyil, ictimaiyyətə açıq olmağın da rolu böyükdür. İctimaiyyətə qapalı olan adamlar ziyalı və ya şəxsiyyət kimi formalaşa bilməzlər.
Eyni zamanda müsahibimiz bildirib ki, Avropa Oyunları Azərbaycana böyük dividendlər qazandıracaq: "Baxın, hər dəfə Olimpiya Oyunları keçiriləndə baxırdıq ki, kaş ölkəmizdə belə bir möhtəşəm tədbirlər təşkil olunsun. İndi biz də Olimpiya Oyunları səviyyəsində bir yarışın astanasındayıq. Bu, tarixi uğurumuzdur. Bütün dünya və Avropanın gözü Azərbaycana dikilib. Azərbaycan öz adını bir daha dünya tarixinə qızıl hərflərlə yazdırdı. Ölkəmiz Beynəlxalq Olimpiya Komitəsinə sübut edəcək ki, biz hətta Olimpiya Oyunlarına da ev sahibliyi etmək əzmindəyik. Bundan əlavə qeyd edim ki, oyunlar Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, 20 Yanvar hadisəsinə dair haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm önəm kəsb edir. Azərbaycan öz haqq səsini dünya arenasına daşıyacaq”.
Könüllünün qənaətincə, oyunlar ölkəmizdə turizmin inkişafına güclü təkan verəcək: "Azərbaycana təşrif buyuran qonaqlar gəlib, turizm guşələrimizlə tanış olacaqlar. Və artıq növbəti illərdə turistik məkan kimi digər ölkələri deyil, Azərbaycanı seçəcəklər. Bu da ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərəcək. Biz Azərbaycanın müstəqil, suverən, sürətli iqtisadi inkişafa malik ölkə olduğunu bir daha sübut etməliyik. Edəcəyik də”.
Həmsöhbətimiz deyib ki, tədbir ölkədə idmana marağı gücləndirəcək: "Fikir verin, hansısa beynəlxalq turnirlərdə idmançılarımız uğur qazanıb, respublikamıza dönəndə əksər gənclərimiz idmanla məşğul olmaq istəyinə düşür. Yəni onlar ölkə başçısı cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğını görüb, həmin sahəyə axışırlar. Bu da ölkəmizdə idmanın tərəqqisi, peşəkar idmançılarımızın sayının çoxalması və ümumilikdə fiziki olaraq sağlam cəmiyyətin qurulmasına müsbət pmpuls verir. Bir sözlə, Azərbaycan artıq idman ölkəsinə çevrilib”.
K.Qədirli məlum əlamətdar tədbirin Azərbaycanda baş tutmasını ölkəmizin Avropa və dünya məkanında tanıdılması istiqamətində bir şans kimi dəyərləndirir: "Qonaqpərvərliyimizi, savaş deyil, sülh tərəfdarı olduğumuzu dünyaya isbat edəcəyik. Baxın, oyunların Avropanın inkişaf etmiş ölkələrinə deyil, Azərbaycana həvalə edilməsi asan başa gəlməyib. Bu, ölkə başçısının yürütdüyü uğurlu daxili və xarici siyasətin aydın təzahürüdür. Siyasətimizin qələbəsidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan xalqı bunu yalnız bir idman yarışı kimi deyil, həm də böyük bir qələbə bayramı kimi qeyd etməlidir. Sonda Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edirəm”.
Ayyət Əhməd