Körpələrin günahı nə?
Bizdə həkim heç vaxt günahkar olmur
Azərbaycanda həkim heç vaxt günahkar olmurSalyan rayonunda yeni doğulmuş üçəm körpələrdən ikisinin vəfatı ilə bağlı yaranmış gərginlik səngimir. Körpələrin valideynləri xəstəxananı, həkimləri günahlandırır, qarşı tərəf isə, gözlənildiyi kimi, günahı öləndə görür; "körpələr çatışmazlıqla dünyaya gəlmişdi, vəfatlarına səbəb də bu olub” deyirlər. Əslində, ana və körpə ölümlərində ölənlərin günahkar çıxması artıq adi hal alıb.
Zahı qadının qanaxmadan vəfat etməsinə görə də zahının özünü günahkar bilirlər. Yəni, bizdə həkim heç vaxt günahkar olmur. Xəstənin sağalmasında, hamilə qadının övlad dünyaya gətirməsində həkimlərin heç bir rolu olmayacaqsa, adam özü doğub, uşağın göbəyini də özü kəsəcəksə, daha bu qədər həkim bizim nəyimizə gərəkdir?!
Amma bu dəfə deyəsən, zərərçəkmiş ailə övladlarının ölümünü səssiz qarşılamaq fikrində deyil. Efirdən də göründü ki, ailə körpələrin ölümünü xeyli sərt qarşılayıb və xəstəxana rəhbərliyinin, həkimlərin məsuliyyətə cəlb olunmasını istəyir. Zərərçəkmiş ailə belə iddia edir ki, həmin gecə rayonda elektrik enerjisi kəsilib, müvafiq olaraq xəstəxananın da işıqları sönüb, bu zaman isə körpələr aparata bağlı vəziyyətdəymiş. Elektrik enerjisinin kəsildiyindən aparat sönüb, körpələr də oksigen çatışmazlığından vəfat ediblər. Xəstəxana fövqəladə rejimə hazır olmalı və elektrik enerjisi generatorlar vasitəsilə təmin edilməliydi. Həqiqətən də, olmasın bu körpələr, olsun hansısa başqa xəstənin həyatı. Belə çıxır ki, həmin vaxt kimsə əməliyyat masasında olsaydı, işıqların sönməsiylə onun da həyatı sönməliydi?! Xəstəxanalarda fövqəladə rejim şəraiti üçün bütün vasitələr mövcud olmalıdır.
Modern.az saytının xəbərinə görə isə iyunun 21-də Salyan rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində yeni doğulmuş üçəm əkizlərdən ikisinin vəfat etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb. Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatı var. Məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 20-də saat 19-da rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə qəbul edilib. Saat 21 radələrində 3 oğlan uşağı sağlam doğularaq yeni doğulmuş körpələr üçün nəzərdə tutulan küves aparatına yerləşdirilib. Gecə saatlarında naməlum səbəblərdən körpələrdən 2-si vəfat edib və təxminən həmin radələrdə xəstəxananın işıqları sönüb.
Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.
Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə müvafiq yoxlamalar aparılır.
Eyni zamanda cinayət işi üzrə hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv istintaq tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq aidiyyəti şəxslərin əməllərinə (hərəkət və ya hərəkətsizliyinə) hüquqi qiymət veriləcək.
Hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında üçəmlərdən ikisinin dünyasını dəyişməsində həm xəstəxana rəhbərliyinin, həm də tibbi personalın məsuliyyət daşıdığını bildirdi:
- Bildiyim qədər, rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranacağına dair əvvəlcədən məlumat olub. Rayon Mərkəzi Xəstəxanası bununla bağlı əvvəlcədən tədbir görməliydi. Xəstəxananın generatoru olmalıdır və fövqəladə hallarda generator işə salınmalıdır. Zərərçəkmişin ailəsi iddia edir ki, generator işə salınmayıb və küves aparatına bağlı körpələrdən ikisi məhz bu səbəbdən vəfat edib. Həkimlər, tibbi bacısı isə deyir ki, xeyr, körpələr qüsurlu doğulub, ağ ciyər çatışmazlığından vəfat ediblər. Əgər körpələr qüsurlu doğulmuşdusa, bu barədə ailəyə məlumat verilməliydi. Amma ailəyə bu barədə heç nə deyilməyib. Körpələr sağlam qələmə verilib. İstisna deyil ki, körpələrdə müəyyən qüsurlar olsun. Amma körpələr böyük ehtimalla məhz bu səbəbdən aparata qoşulub. İşıqlar sönməsəydi, aparat dayanmasaydı, bəlkə körpələr sağ qalacaqdı. O qədər belə körpələr dünyaya gəlir ki! Nə qədər belə faktlar mövcuddur ki, körpə dünyaya gələn kimi aparata bağlanır. Elə bu aparat onun üçündür ki, kritik günlər ötüşsün. Burada elektrik enerjisinin kəsilməsi ilə körpələrin dünyasını dəyişməsi eyni vaxta təsadüf etdiyindən ölüm halına səbəb olan amil ciddi araşdırılmalıdır. Mən televiziyada izlədim ki, tibb bacısı körpələrin ölümü ilə elektrik enerjisinin kəsilməsi arasında heç bir bağlantı olmadığını iddia edir. Ölkənin baş pediatrı da ölüm səbəbi kimi körpələrin qüsurlu doğulmasını göstərir. Araşdırma aparılmamış, istintaq başa çatmamış belə qənaətə gəlmək, şəxsi qənaəti ictimaiyyətə mütləq həqiqət kimi ötürməyə çalışmaq doğru deyil və həkim adına da yaraşmır. Təəssüf ki, bizim ölkədə ana və körpə ölümlərinə görə ciddi cəzaların tətbiq edildiyinin hələ də şahidi olmamışıq. Xatırlayıram ki, hələ sovet vaxtı Krupskayanın adını daşıyan Doğum evində siçovullar körpələri gəmirmişdi. O zaman da günahkar "tapılmadı”. Eyni hal yenə təkrarlanır. Ana və körpə ölümlərinə görə adətən analar və nə qədər əcaib səslənsə də, körpələr günahkar olur.
İ.Cavadova qeyd etdi ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2 maddəsiylə cinayət işinin açılması uzaqbaşı 5 ilədək azadlıqdan məhrumetmə cəzası deməkdir:
- Bu, böyük bir faciədir. 2 körpə dünyasını dəyişib, ailə böyük bir faciə ilə üz-üzə qalıb, böyük travma alıb. CM-nin 314.2 maddəsində səhlənkarlıq, ehtiyatsızlıqdan sağlamlığa zərərvurma da var, səhlənkarlıq, ehtiyatsızlıq şəxsin ölümünə səbəb olması da. Bu hadisədə isə bir deyil, iki nəfərin ölümünə səbəbolmadır. CM-nin bu maddəsi azı 6 ayadək azadlıqdan məhrumetmə, ölüm faktı təsdiqləndikdə isə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Hesab edirəm ki, ana və körpələrin ölümü ilə nəticələnən hallarda ağır cəzalar nəzərdə tutulmalıdır. Amma təəssüf ki, bizdə hələ də sırf həkim səhlənkarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan maddə yoxdur. Bəzi tibb işçiləri də bu boşluqdan yararlanırlar. Hesab edirəm ki, zərərçəkmiş ailə məsələ ilə bağlı hüququn onlara verdiyi üstünlüklərdən yararlanmalı və günahkarların cəzalandırılmasına nail olmalıdırlar.
Məlahət Rzayeva