Körpəsini küçələrə atan valideynlərə kulturoloqdan sərt şillə: "Vicdan problemləri var "






"Təzə dünyaya gəlmiş körpəni çölə atan insanlarda vicdan problemi var”

Bu sözləri "Sherg.az”a ötənlərdə Şirvan şəhərində iki günlük körpənin küçəyə atılmasından danışarkən kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, son vaxtlar insanlar bu tipli hadisələr zamanı bəhanə gətirirlər ki, sosial vəziyyət ağırdır, iqisadi durum çətindir, ona görə də mən uşağımdan imtina edirəm:

"İnsanlar bu cür bəhanələrlə özlərinə bəraət qazandırmaq istəyirlər. Amma bu, düzgün yanaşma deyil. Bu zaman o insanlara sual vermək lazımdır ki, əgər siz uşağınızdan imtina edirsinizsə, niyə onu dövlət qurumlarına verməyib küçəyə atırsınız ? Vəziyyət belə ağırdırsa, onda istər böyük vətən müharibəsi, istərsə də Qarabağ müharibəsi zamanı nə üçün insanlar dünyaya uşaq gətirirdilər? Məgər indi müharibə zamanıdırmı, aclıq dövrüdürmü ? Bunların hamısı bəhanədir. Bu cür insanların vicdan problemi var. Biz belə insanlara nisbətən humanist yanaşırıq. Belə insanlar öz doğma uşaqlarını bu cür küçəyə atırlarsa, onlar sabah cəmiyyətə necə fayda verəcək ? 

Yad insanlara qarşı necə humanist münasibət bəsləyəcək ? Belə suallar ortaya çıxır. Bu cür insanlar ictimai qınağa məruz qalmalıdırlar. Hər bir ailə öz-özlüyündə ayrıca bir təsisatdır. Hər ailədə müxtəlif problemlər ola bilər. Bu problemlərin həllində cəmiyyət, dövlət qurumları birbaşa və ya dolayısı ilə iştirak etməlidir. Amma bu kimlərəsə,əsas vermir ki, onlar öz kefləri üçün cinsi əlaqəyə girib, uşaq dünyaya gətirsinlə və sonra küçəyə atsınlar. İctimaiyyət belə hadisələrə kəskin etiraz bildirməlidir. Belə faktlar çoxdur. 

Nəinki uşaqları küçəyə atırlar, bəzən onları zibil yeşiyinə, hansısa bir su hövzəsinə, yolun ortasına atırlar. Belə içacıdan olayları sosial şəbəkələrdə çox görürük. Bu məsələlər bizi çox düşündürür. Çünki belə hallar bizdə normal sayılmır. Azərbaycanda ailə institutunun möhkəmliyi, ailədə uşaqlara olan münasibətin saflığı bizə məlumdur. Təəssüflər olsun ki, kənar təsirlər nəticəsində və bir az da insanlarmızın özlərinə aşırı dərəcədə vurğunluğu belə fakların yaranmasına səbəb olur”.

Qeyd edək ki, ötənlərdə Şirvan şəhərində iki günlük körpənin küçəyə atılması hadisəsinin təfərrüatı üzə çıxıb. Yeni doğulmuş qız uşağı bələkdə şəhərin əslən Yardımlıdan olan insanların kompakt yaşadığı Deman məhəlləsindən tapılıb. Sakinlər bu barədə dərhal polisə xəbər veriblər və uşaq götürülərək doğum şöbəsinə verilib. İlkin araşdırmalar zamanı uşağın qolundakı "birka”da Məmmədova Aysel Əli qızı yazıldığı məlum olub. Bəlli olub ki, körpənin anası onu tərk edərkən birkanı çıxarmağı unudub.Araşdırmalar zamanı həmin qadının ailəli olduğu və daha 2 uşağa baxdığı, çətin maddi durumda yaşadığı üzə çıxıb. O, maddi imkansızlıq səbəbindən yeni dünyaya gətirdiyi övladına baxa bilmədiyini və böyük psixoloji sarsıntı keçirdiyini deyib. Həmçinin qadının övladını başqaları tərəfindən tez tapılması üçün açıq yerə qoyduğu müəyyənləşib.

Kənan Eynuroğlu