Kortəbii aksiya... Tək qadın səhiyyə sisteminə bağırdı

“Mən inanmıram ki, əgər bu xanım səhiyyə nazirinin qəbuluna yazılmış olsaydı, xahişi rədd edilərdi”



26 yaşlı gənc ana Səhiyyə Nazirliyi önündə təkbaşına aksiya keçirib. Həmzəyeva Nahidə 20 sentyabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin qarşısında uzun müddət nazirliyin səlahiyyətli şəxsləri ilə görüş tələb edib. Lakin onun problemini dinləyən tapılmayıb. N.Həmzəyeva anidən nazirliyin həyətinə daxil ola bilib. Lakin onun binaya daxil olmasının qarşısı təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən kobudluqla alınıb. 26 yaşlı xanımın halı pisləşib və əraziyə təcili tibbi yardım çağırılıb.
Baş verən hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Gənc xanımın təkbaşına hərəkət etməsi ölkədə qadın həmrəyliyinin zəifliyinin göstəricisi sayıla bilərmi?

Məsələyə münasibət bildirən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, burada qadın həmrəyliyinin zəifliyi müzakirə predmeti ola bilməz:

- Xanımın təkbaşına hərəkət etməsinin bir neçə səbəbi ola bilər. Bir ehtimal budur ki, xanım məsələnin siyasiləşməsini istəməyib, ona görə də heç kimi yanına almayıb, istəməyib ki, onun etirazı kütləvi don alsın. Digər ehtimalsa, xanımın hüquqi biliklərinin azlığıdır. Rəsmi qurumlara müraciətin müxtəlif formaları var. Qəbula yazılmaq, ərizə ilə müraciət etmək, elektron müraciət və s. Mən inanmıram ki, əgər bu xanım səhiyyə nazirinin qəbuluna yazılmış olsaydı, xahişi rədd edilərdi. Kimsə onu qəbul edəcəkdi, problemini ən azından dinləyəcəkdilər. Söhbət birbaşa nazirin, nazir müavininin qəbulundan da getmir. Xanımın müraciətinin mətninə uyğun nazirliyin məsul bir əməkdaşı onu dinləyəcəkdi. Problemin həll edilib-edilməməsi də artıq başqa mövzudur. Bu xanım kortəbii etiraz aksiyası keçirib. Bu da onun elementar hüquqi biliklərə malik olmamasından irəli gəlir. Bizim təşkilata da bəzən səhv müraciətlər edilir. Məsələylə tanış olanda görürsən ki, vətəndaş prokurorluğa müraciət etmək əvəzinə, Daxili İşlər Nazirliyinə edib. Və ya hansısa aidiyyətli quruma deyil, tamam başqa istiqamətə. Biz vətəndaşları düzgün istiqamətləndirməyə çalışırıq. Bu xanım da xəbərnamə formasında bir ərizə ilə müraciət etsəydi, onun şikayətinə baxılardı. Azərbaycanda xeyli qadın təşkilatları var. Görünür, bu xanım ictimai aktiv də deyil, ictimai təşkilatlar barədə məlumatı yoxdur. O, qadın təşkilatlarına da müraciət edə bilərdi. Məncə, bu, daha effektli olardı. Bildiyim qədər Səhiyyə Nazirliyində nazirin və digər rəsmilərin qəbul günləri, qəbul saatları göstərilir. Sadəcə, qəbula yazılmaq lazım idi. Bəlkə də bu xanım gərgin olub, aqressiv bir vəziyyətdə belə zənn edib ki, onun probleminə dərhal reaksiya verilməlidir. Ona görə də etiraz formasına əl atıb. Nəyin hesabına olursa-olsun, nazirliyin binasına daxil olmaq istəyib.

M.Zeynalova təhlükəsizlik xidməti əməkdaşlarının bir çox hallarda vətəndaşlara qarşı kobud rəftarına da diqqət çəkdi:

- Təhlükəsizlik xidməti əməkdaşları çox zaman vətəndaşlarla kobud rəftar edirlər. Gərək olmadığı yerdə etik normaları gözləmirlər. Gənc xanıma qarşı daha etik, daha nəvazişli davrana bilərdilər.

Məlahət